Hələ Bakıda “ölü” yataqxanalar var
Onlar hər an təhlükə saça bilər, vaxtında tədbir görmək lazımdır
İstifadə müddətlərini çoxdan başa vurmuş yataqxanalar paytaxtın "göz muncuqları”dır. Məcburi köçkünlərin məskunlaşdığı Yasamaldakı, Dərnəgüldəki yataqxanalar gündən-günə gözəlləşən, abadlaşan Bakımıza heç yaraşmır. Bu yataqxanaların yanından ötəndə adamı qaramat basır.
Uçuq-sökük binalar, köhnə, qaralmış taxta parçaları ilə ətrafları sarılan eyvanlar, hər cür materialdan quraşdırılmış, heç bir sanitar normaya cavab verməyən mətbəxlər, rütubətli, nəm otaqlar, hörümçək torunu xatırladan su boruları, sarmaşıq kimi biri-birinə dolaşmış elektrik naqilləri və bir də "perojki”, "dönər” köşkləri... Paytaxt yataqxanalarının siması budur. Dəfələrlə deyilib, yazılıb bu haqda ki, yataqxanalar üfunət yuvasına çevrilib. Xəstəlik mənbəyidir. Ömrünü çoxdan başa vurmuş sovetdənqalma binalar artıq "kliniki ölüm” keçirib. Sadəcə, süni nəfəs aparatına qoşulub ki, məcburən bioloji ömürləri uzansın. Bu yataqxanalardakı yaşayışı həyat saymaq, sadəcə, mümkün deyil.
20 ailə təhlükədə
Belə "ölü” yataqxanaların birində srağagün uçqun olub. APA xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Cavanşir küçəsi, 10 ünvanında baş verib. Əvvəllər H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus olan, daha sonra isə Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilən beşmərtəbəli yataqxana binasının 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub. Arakəsmənin uçduğu hissədə yataqxananın mətbəxləri yerləşir.
1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri binaya baxış keçiriblər, mətbəx və sanitar qovşaqlardan istifadənin təhlükəli olması barədə sakinlərə və yerli icra strukturlarına xəbərdarlıq edilib. Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlardan istifadə qadağan edilib. Lakin yataqxana sakinləri bağlanmış mətbəxləri özbaşına açaraq, onlardan istifadəni davam etdiriblər.
Martın 28-də isə qəfildən mərtəbələr arasındakı beton panellər uçub. Həmin vaxt 3-cü və 4-cü mərtəbələrdəki mətbəxlərdə heç kim olmadığından, zərər çəkən olmayıb.
Uçqundan sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev binada olublar. Binanın girişlərindən biri bağlanıb, polis postları qurulub. Martın 29-da Fövqəladə hallar üzrə Dövlət Komissiyasının nümayəndələrinin də hadisə yerinə baş çəkəcəyi gözlənilir.
Qeyd edilir ki, vaxtilə yataqxanada 160 ailə yaşayıb. Mərhələli şəkildə 140-a yaxın ailə köçürülsə də, 20 ailə hələ də yataqxanada yaşamaqda davam edir. Onların da köçürüləcəyi gözlənilir.
Nazirlər Kabineti nə zaman qərar verəcək
Nazirlər Kabineti Bakının Xətai rayonunda uçqun baş verən yataqxana binası ilə bağlı dünən qərar verməli idi. APA-nın xəbərinə görə, bunu Xətai rayon İcra Hakimiyyətinin əməkdaşı Nizaməddin Əkbərov deyib. N.Əkbərovun sözlərinə görə, martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındakı beşmərtəbəli yataqxananın qəzalı vəziyyətdə olmasına dair Fövqəladə Hallar Nazirliyi hələ ötən ilin ikinci yarısında rəy verib: "İcra Hakimiyyəti binada yaşayan sakinlərin siyahısını hazırlayıb. Orada bir məcburi köçkün ailəsi yaşayır, qalan 94 ailə isə toxuculuq fabrikinin işçiləridir. Yataqxanada bir nəfərin qeyri-yaşayış sahəsi var. Maliyyə Nazirliyi ötən ilin noyabrında sakinlərlə bağlı dəqiqləşmələr aparıb. Hansı sakinlərin çıxarış və ya orderlərə malik olduğu müəyyən olunub. Orada olan 76 mənzilin orderi var”.
N.Əkbərov deyib ki, FHN və İH binadakı durumla bağlı məktub hazırlayıb və məktub bu gün (dünən -red) Nazirlər Kabinetinə təqdim olunub: "Günün ikinci yarısında Nazirlər Kabineti bina ilə bağlı müvafiq qərar verəcək”. İH təmsilçisi onu da bildirib ki, dünən binada yaşayan 15 ailəyə yaxınlarının evində qalmaq tövsiyə olunub.
Z.Əkbərov deyib ki, sözügedən yataqxanadan əlavə Xətai rayonunda qəzalı vəziyyətdə daha bir neçə bina olub. Onun sözlərinə görə, son illər Xətai rayon İcra Hakimiyyəti Xətai rayonu, Cavanşir küçəsi, 36 və 38 ünvanlarında yerləşən kəskin qəzalı vəziyyətdəki yataqxanalarda yaşayan 200-dən artıq sakinin köçürülməsinə nail olub: "Yəni Xətai rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinə müraciət edib, Nazirlər Kabinetinin qərarına uyğun olaraq sakinlərə kompensasiya ayrılıb və sakinlər köçürülüb. Daha sonra Fövqəladə Hallar Nazirliyi Cavanşir küçəsi, 8 ünvanında yerləşən yataqxana binasının da qəzalı vəziyyətdə olması barədə rəy verdi. İcra Hakimiyyəti Nazirlər Kabinetinə müraciət etdi, Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq yerli sakinlər köçürüldü, yataqxanada yaşayan 6 məcburi köçkün ailə üçün də Nazirlər Kabinetinin əlavə sərəncamı oldu. Beləliklə, sakinlər köçürüldü və keçən il bina söküldü”.
Yaşayışa yararsız binalar...
Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Mətbuat və informasiya şöbəsinin müdiri Elçin Qədimov bildirib ki, həmin binada sadəcə 1 məcburi köçkün ailəsi qalır: "Həmin ailə də öz yurdlarını itirən gündən oraya sığınıb. Bina ilə bağlı hansı qərar veriləcəksə, bu qərar sözügedən məcburi köçkün ailəsinə də şamil olunacaq.
Komitənin rəsmi internet səhifəsində isə 2015-ci il ərzində görülən işlər barədə məlumat yerləşdirilib. Qeyd edilir ki, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ötən il bir sıra işlər həyata keçirilib. Ümumilikdə 5 yeni yaşayış kompleksi, qəsəbə və məhəllə salınıb, 2788 məcburi köçkün ailəsi - 15 min nəfər yeni mənzillərə köçürülüb. Sumqayıt şəhərində 50 mənzilli 5 mərtəbəli binanın tikintisi başa çatıb. Ramanada isə 50 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 72 obyektdə təmir işləri aparılıb. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması müəyyənləşdirilmiş plan üzrə mərhələli şəkildə aparılır. Rəsmi məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlərə baxmayaraq, məcburi köçkünlərin xeyli hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və bir çox sosial problemlərlə üzləşirlər.
Mövcud qanunvericilik aktlarında, bu sahə ilə bağlı qəbul edilmiş Dövlət Proqramında, həmin Dövlət Proqramında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş Əlavələrdə nəzərdə tutulan məsələlər, ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələr və verilmiş tapşırıqlar bundan sonra da vaxtlı-vaxtında və uğurla həyata keçiriləcək.
Məlahət Rzayeva