Əsəd Cahangir: “Azərbaycan ədəbiyyatında Allahın bu məsələdə iki köməkçisi var - biri Həmiddir, bir də mən”Sevinc Elsevər: “Həmid Herisçi postinsan obrazını Azərbaycan ədəbiyyatına gətirdiyini deyirsə, deməli elədir. Amma görək o postinsan duruş gətirəcəkmi Azərbaycanda?”
Aqşin Yenisey: "Postinsan mövzusu heç bir ədəbi dəyəri, ictimai aktuallığı qalmayan bir mövzudur”
Bu günlərdə 55 yaşını qeyd edən yazıçı Həmid Herisçi "müsavat.com”a müshibəsində post insan mövzusunu ədəbiyyata məhz özünün gətirdiyini deyib: Ədəbiyyatımızda zaman-zaman yeni ilklərə imza atdığı üçün xoşbəxt olduğunu deyən yazıçı özünü "Səməndər quşu” bilir: "Məncə, müasir dövrün yazıçısı belə olmalıdır. Yəni hərtərəfli. İstər iqtidar, istərsə də müxalifət mətbuatı ilə daim sıx əməkdaşlığım olub. Ziddiyətlərin üzərinə qalxmağı daim bacarmışam. Hazırda ədəbi cameəyə postinsan nəzəriyyəsini təqdim etmişəm. İstər hekayələrimdə, istərsə də romanlarımda bu mövzunu işləyirəm. Postinsan fövqəlinsan deməkdir əslində. Çox şanslıyam ki, müasir dünya ədəbiyyatının əsas trendlərindən sayılan postinsan mövzusunu ədəbiyyatımıza gətirmişəm. O, ədəbiyyatımız qarşısında yeni üfüqlər açır. "Solaxay” romanım gələcək insanın-postinsanın manifesti də sayıla bilər. Son zamanlar dövri mətbuatda çap etdiyim hekayələrim böyük maraqla qarşılanıb, iri həcmli icmalla mətbuatı silkələyib”.
H.Herisçinin diqqət çəkdiyi bir məsələ də yazıçının təhlükəli olması ilə bağlıdır: "Hesab edirəm ki, yazıçı üçün ən vacib xüsusiyyət budur. Təəssüf ki, bugünkü yazıçılarımız təhlükəli deyillər. Xüsusən də gənclər. Yazıçı ya dahi olmalıdır, ya da ümumiyyətlə, əlinə qələm götürməməlidir. Təəssüf ki, dahi olmayanlar bu gün əllərinə qələm götürürlər. Nəticədə ədəbiyyatımızda bugünkü mənzərə yaranıb”.
Tənqidçi Əsəd Cahangir isə "Şərq”ə açıqlamasında Həmid Herisçinin "Solaxay” romanının ambidekster qəhrəmanının Azərbaycan ədəbiyyatında postinsanın ilk qaranquşu olduğunu deyib: "Postinsanı Allah yaradır və düşüncəyə Allah özü gətirir. İnsanlar Allahın köməkçiləridir. Azərbaycan ədəbiyyatında Allahın bu məsələdə iki köməkçisi var - biri Həmiddir, bir də mənəm. Həmid postinsanı öz "Solaxay” romanında bədii cəhətdən yaratmışdı.
Amma onun nəzəri dərki terminoloji etirafı mənim Kulis. aza verdiyim müsahibədən başlayır. O bu işə yazıçı, mən isə tənqidçi kimi öz payımızı vermişik. Və bununla da biri-birimizi inkar etmir, əksinə, tamamlayırıq. Kimin birinci olmasının isə ciddi önəmi yoxdur. Əsas odur ki, iş görülsün. Bu, Postinsan Həmidlə mənim Azərbaycan ədəbiyyatında ikinci birgə işimizdir. Birinci birgə layihəmiz postmodernizm idi və biz onu uğurla həyata keçirdik. İnanıram ki, postinsan layihəmiz də uğurla həyata keçəcək”.
Həmid Herisçinin "Yazıçı dahi olmalıdır, ya da qələmi yerə qoymalıdır” fikrinə münasibət bildirən tənqidçi deyib ki, yazıçı burada bir az maksimalizmə yol verib: "Bu o demək deyil ki, o, başqalarının istedadını qəbul etmir. Sadəcə olaraq o, bütün istedadlı adamlar kimi hər şeyi kamil görmək istəyir. Amma bizim istəyimizdən asılı olmayaraq, istedadın fərqli dərəcələri var. Dahilər, böyük istedadlar, sıravi istedadlar, zəif istedadlar, hətta istedadsızlar ədəbiyyatda tarixən də olub, bu gün də var, gələcəkdə də olacaq. Və bununla barışmaqdan başqa əlac yoxdur. Ən pisi odur ki, bəzi görəvlilər o istedadsızlardan əsl istedadlara qarşı silah kimi istifadə edirlər. Məncə, Həmidin bu məsələdəki radikal mövqeyinin bir səbəbi də məhz budur”.
Gənc yazar Sevinc Elsevər: "Həmid hər nə deyirsə, düz deyir. Həmid həmişə çalışıb ki, ədəbi mühitə istiqamət versin. O məhz bu cür mövzularla maraqlı edib, cansıxıcı mühiti. Canlanma gətirib. Bu dəfə də elə oldu. Məncə, Həmid bilir neynir. Mən təəssüf ki, "Solaxay”ı hələ oxumamışam. Amma eşitmişəm ki, Həmid o romanı sol əliylə yazıb. Belə deyib özü. Bundan başqa roman barədə heç bir bilgim yoxdu. Romanı Həmid bəyin hansı əliylə yazdığı şəxsən maraqlı deyil mənə bir oxucu kimi. Bilmirəm başqalarına nə dərəcədə maraqlıdı. İstəyir ayağınla yaz. Ya sən romanı danış, bunu sənin yerinə başqası yazsın. Əsas odur ki, roman yaxşı olsun. Amma Həmid Herisçi həmişə bu şəkildə mətnlərinin piarını qura bilir. Bu özü də istedaddı. Belə oynayan çoxlu istedadlı yazıçılar olub. Biri elə Orxan Pamuk. Hər romanının yanında bir də onun təqdimatını düşünür. Qeyri-adi şəkildə təqdim edir ictimaiyyətə. Məsələn, "Məsumiyyət Muzeyi” romanı kimi. Həmid müasir Azərbaycan şeirində və nəsrində əvəzsiz bir imzadı. Həm də intellektualdı. Təkcə istedadlı deyil. Bu cür oyunları da maraqlıdı. Həmid Herisçi postinsan obrazını Azərbaycan ədəbiyyatına gətirdiyini deyirsə, deməli elədir. Amma görək o postinsan duruş gətirəcəkmi Azərbaycanda? Yoxsa geriyə də baxmadan başını götürüb qaçacaq? Təbii ki, bunu zaman göstərəcək.
Şair Aqşin Yenisey isə deyib ki, postinsan mövzusu heç bir ədəbi dəyəri, ictimai aktuallığı qalmayan bir mövzudur: "Hələ zərdüştilərdə, manixaistlərdə, sufilərdə haqqında danışılan kamil insan anlayışının əyninin dəyişdirilmiş formasıdır. Nitsşe də bunu zərdüştlükdən əkişdirib özünün fövqəlinsan ideyasını yaratmışdı. Yəni bu, çoxdan bitmiş mövzudur. Məlumdur ki, istər Qərbdə, istərsə də Şərqdə Orta əsrlərdə teosentirik dünyagörüşü üstü idi. İnkvizasiya başa çatdıqdan sonra Avropada bu ənənəvi dinmərkəzli düşüncə yavaş-yavaş yerini insanmərkəzli, yəni antroposentrik dünyagörüşünə verdi. Lakin XX əsrdə iki Dünya müharibəsinin məhz Avropada baş verməsi düşüncələrdəki insanın da yerini laxlatdı. Taxt insanın, şəxsiyyətin əlindən alınıb söz və fikir azadlığı, humanizm prinsipləri, insan haqları kimi ümumi dəyərlərə verildi. Bu düşüncə forması "müəllifin ölümü”, tarixin şəxsiyyətsizləşdirilməsi və s. kimi ideyalarla təbliğ olunmağa başladı ki, bunun da kökündə müharibənin iflic etdiyi Avropa şüuru, Avropa nihilizmi dururdu. Post-insan söhbətləri də buradan öz başlanğıcını götürdü. Amma bu gün Avropa artıq bu ideyalardan imtina edir. Müsahibələrimin birində buna ən sadə nümunə kimi fransız yazıçısı Mişel Uelbekin bir müsahibəsindən sitat da gətirmişdim. Parisdə karikaturistlərin öldürülməsindən sonra müsahibələrinin birində Avropa demokratiyasını tənqid
edən Uelbek deyir ki, bir müsəlman qadını Parisdə çadralı, yəni öz inancına, istəklərinə uyğun halda gəzdiyi halda, bir fransız qızı nə üçün müsəlman ölkələrində öz istəyinə uyğun geyinə bilməz? Biz buna, islamlaşmaya qarşı mübarizə apara bilərikmi? Bu, bizim Avropa demokratiyasına zidd olmazmı? Avropa dəyərlərini qorumaq üçün başlanılan mübarizədə millətçiliyin, irqçiliyin, dini ayrı-seçkiliyin sərhədləri harada bitir? Yəni demək istədiyim odur ki, bu gün Avropa intellektualları "müəllifin ölümü”, "post-insan” kimi ideyalardan imtina edirlər. Bizim intellektuallar isə müəllif deyillər, sadəcə, kitab oxumuş adamlardır. Onlara real insan, müəllif sərf eləmir, heç harada olmayan post insan, yaxud "ölü müəlliflər” lazımdır”.
Şəymən