Ən əsas məsələ - indi jurnalistlərin məlumat əldə etməsi kifayət qədər əlçatandır
Həmkarlarımız nikbindir
2018-ci il media üçün uğurlu il olub
Ən əsas məsələ - indi jurnalistlərin məlumat əldə etməsi kifayət qədər əlçatandır
Ən əsas məsələ - indi jurnalistlərin məlumat əldə etməsi kifayət qədər əlçatandır
Daha bir ili - 2018-ci ili geridə qoyub, 2019-cu ilə qədəm qoyduq. Artıq yeni ilin 4-cü gününü yaşayırıq.
Sözsüz ki, geridə qoyduğumuz hər il kimi 2018-ci il də həyatımızda müxtəlif hadisələrlə zəngin oldu. Kimiyə uğur gətirən, kiminin də əzizini, yaxınını özü ilə aparan ötən il hər halı ilə hər kəsin ömür kitabında bir iz buraxdı. Yola saldığımız il kimlər üçünsə müsbət, kimlər üçünsə mənfi məqamlarla yadda qaldı. Təbii ki, bunlar şəxsi həyatımızla bağlı olan anılardır. Siyasi-ictimai, sosial-iqtisadi baxımdan da hər bir il cəmiyyət üçün yaddaqalan oldu. Dövlət idarəetməsində müəyyən dəyişikliklər baş verdi. Yola saldığımız ildə yüksək dövlət vəzifələrinə yeni təyinatlar oldu. Bir çox nazir və dövlət qurumlarının rəhbərləri vəzifələrindən azad edildi, onların yerinə yeniləri təyin edildi. Eyni zamanda jurnalistlər arasında da vəzifəyə təyin olunanlar az olmadı.
Biz də "Şərq” qəzeti olaraq media nümayəndələri ilə əlaqə saxlayıb başa vurduğumuz illə bağlı həmkarlarımızın fikirlərini öyrəndik. Medianın inkişafı, jurnalistlərin peşə fəaliyyətinin artırılması, sosial rifah halının yaxşılaşdırılması məsələsi görəsən onları qane etdimi? 2019-cu ildən gözləntiləri nədir?
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2018-ci ilin jurnalistika sahəsində uğurlu il olduğunu deyib: "Jurnalistikamız inkişaf edib, yeni saytlar yaradılıb, mövcud saytların xarici dillərdə variantları yaradılıb. Mətbuat Şurası sağlam mətbuatla əlaqələrini intensivləşdirib. Sevindirici haldır ki, bu il "reket" jurnalistika ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Düşünürəm ki, bu da Azərbaycan jurnalistikasının təmizlənməsinə, neqativ halların aradan qalxmasına səbəb olacaq. Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək”.
Sorğuya keçməzdən əvvəl isə onu əlavə edək ki, 2018-ci ildə xeyli sayda jurnalist həmkarımız yüksək vəzifəyə təyinat alıb.
Teleaparıcı Elnur Niftəliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. Digər teleaparıcı Elnur Kələntərov isə Dövlət Miqrasiya Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.
Teleaparıcı Vəsilə Vahidqızı da ötən ilin may ayında Diasporla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.
Teleaparıcı Günay Yelmarqızı bir ay öncə Dənizkənarı Bulvar İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. Jurnalist Pərvin Məmmədova ilin sonuna bir neçə gün qalmış Bakı Beynəlxalq Avtovağzalına mətbuat katibi təyin olunub. Teleaparıcı Pərviz Abubəkirov bu ilin iyul ayında Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. P.Abubəkirov jurnalist kimi fəaliyyətə ANS TV-də başlayıb. Bu telekanalda "Cinayət işi”, İTV-də isə "Qanundan kənar” verilişlərinin aparıcısı olub.
Jurnalist Nuridə Allahyarova isə ötən ilin iyun ayında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.
Medianın cəmiyyətin bir parçası olduğunu xatırladan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, ölkədə inkişaf baş verirsə, mətbuat da uğura doğru irəliləyir:
"Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərinə çatması, ölkədə bütün istiqamətlərdə islahatların həyata keçirilməsi, şəffaflığın artırılması üçün mühüm addımların atılması ölkənin uğuru olduğu kimi mətbuatın da uğurudur. Çünki peşəkar mətbuat hər zaman neqativ halların aradan qaldırılması, ölkənin inkişafına mane olan meyillərin olmaması üçün fəaliyyət göstərir. Medianın bu il əldə etdiyi ən böyük uğurlardan biri də əlverişli informasiya mühitinin olmasıdır. Jurnalistlərin məlumat əldə etməsi indi kifayət qədər əlçatandır. Dövlət qurumları mətbuatın bu və ya digər tənqidi materiallarına, sorğularına çox çevik cavab verirlər. Əvvəllər bu prosesdə gecikmələr, problemlər yaşanırdısa, indi bu aradan qaldırılıb. Cüzi istisnalar olmaq şərti ilə bu sahədəki durumu müsbət dəyərləndirmək olar”.
Mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına gəlincə, Elçin Mirzəbəyli əlavə edib ki, dövlət bu məsələdə üzərinə düşəni həyata keçirir, dəstək verməyə çalışır:
"Amma bu, bir qədər zamanla bağlı olan məqamdır. Qənaətimə görə, iqtisadiyyat inkişaf etdikcə, qeyri-neft sektorunun inkişafı gücləndikcə, medianın maddi-texniki bazasının daha da güclənməsinin şahidi olacağıq. Hər halda bütövlükdə media üçün, hər bir Azərbaycan vətəndaşı üçün 2018-ci ili uğurlu hesab edirəm”.
"Milli.az” saytının baş redaktoru Anar Imanovun qənaətincə, 2018-ci il mediamız üçün çox uğurlu il olub. Hər sahədə olduğu kimi, media sahəsində də müsbət hadisələrin olduğunu vurğulayan baş redaktor deyib ki, jurnalistlərin ili uğurla başa vurması üçün Mətbuat Şurası (MŞ) və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) çox çalışdılar:
"MŞ tərəfindən jurnalistikamızın inkişafı üçün çoxsaylı tədbirlər keçirildi. Jurnalistikamızda olan nöqsanları aradan qaldırmaq üçün MŞ-nin Şikayətlər üzrə komissiyası böyük əmək sərf edib. KİVDF il ərzində 33 kütləvi informasiya vasitəsini maliyyələşdirib, Azərbaycan ədəbi dilinin qorunması istiqamətində layihələr həyata keçirib. Həm Fond tərəfindən, həm də digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 10 müsabiqə keçirilib və 500-ə yaxın jurnalist mükafatlandırılıb. İl ərzində KİV-lərimiz daha da inkişaf edib, müxtəlif dillərdə variantlarını yaradıb, Azərbaycan haqda həqiqətləri dünyaya onun dilində çatdırıb. Yeni ilə dair jurnalistika ilə bağlı arzularım çoxdur. İlk növbədə istərdim ki, "reket" jurnalistika tamamilə yox olsun. Artıq buna doğru gedirik, çünki bu problemin həlli ilə həm də hüquq-mühafizə orqanları məşğuldur. Ötən il "reket" jurnalistlərlə mübarizə böyük uğurla davam etdi. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan mediasında "reket" jurnalistlər qalmayacaq. Tezliklə biz çalışdığımız sahədə üzümüzü qara edə biləcək qüvvələrdən qurtulacağıq. Yaxşı olardı ki, bu ildə də KİV-lərimiz daha çox inkişaf etsin, daha peşəkar olsun, istinad məsələsinə böyük diqqət yetirsin. Ümid edirəm ki, 2019-cu il də ötən il kimi mediamız üçün uğurlu olacaq”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də hesab edir ki, 2018-ci ildə medianın fəaliyyətini ümumilikdə qənaətbəxş saymaq olar:
"Xüsusilə diqqətimi medianın xaricdən gələn təhdidlərə, qarayaxmalara dövlət maraqları prizmasından birgə reaksiyalar bildirməsi çəkib. Bu o deməkdir ki, Azərbaycan mediası ümumilikdə dövlət maraqlarını hər şeydən üstün tutur. Digər tərəfdən mediada peşəkarlaşma meyilləri 2018-də ötən illərlə müqayisədə daha artıq hiss edilməyə başladı. Habelə, "reket" media ilə də mübarizə davam etdi, bu ümumilikdə mətbuatın nüfuzunun yüksəlməsinə xidmət göstərir. Eyni zamanda dövlətin mediaya dəstəyi, qayğısı da artan tempdə oldu. Əlbəttə, biz arzu edirdik ki, 2018-ci ildə reklam bazarı formalaşsın, bu istiqamətdə müəyyən işlər görülsə də, məsələ həllini tapmayıb. Təbii ki, çox da asan məsələ deyil, ancaq mümkünsüz də deyil. Ümid edək ki, 2019-cu ildə bu məsələ həllini tam tapacaq”.
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, hər il olduğu kimi 2018-ci il də Azərbaycan mediası üçün uğurlu illərdən biri oldu:
"Mətbuatla bağlı bir çox layihələrin reallaşması, mediamıza dövlət qayğısı, diqqəti bu il də özünü göstərdi. 2018-ci ildə KİVDF tərəfindən layihələrin həyata keçirilməsi, hər il olduğu kimi jurnalistlərin mükafatlandırılması, media qurumlarını birləşdirən tədbirlərin təşkil edilməsi öz axarında idi. Eyni zamanda Mətbuat Şurası da bir sıra uğurlu layihələrə imza atdı.
Düzdür, bir çox qocaman jurnalistlərimiz haqq dünyasına qovuşdu. Amma ümumilikdə Azərbaycan mətbuatının peşəkarlığının artırılması yönündə ən uğurlu illərdən biri oldu”.
"Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın fikrincə, 2018-ci ildə Azərbaycan mediasında bir çox hadisələr oldu:
"Ümumilikdə internet mediası daha da inkişaf etdi. İnternet və sosial media ictimai rəyin formalaşmasındakı mövqeyini bir qədər də gücləndirdi. İlin sonunda isə gələn ilin ikinci rübündən bir sıra tanınmış qəzetlərə dövlət tərəfindən maliyyə yardımının dayandırılacağı ilə bağlı verilən məlumatlar üzücüdür. Ümid edirəm ki, yeni ildə ciddi medianın qorunub saxlanılması üçün obyektiv yanaşma olacaq”.
Şəymən