Həmvətənimiz böyük uğura imza atıb

Hollandiyada yaşayan Firəngiz Bağırova böyük zalda konsertə hazırlaşır
Xaricdə yaşayan həmvətənimiz Firəngiz Bağırova yeni bir uğura imza atıb. Azərbaycan mədəniyyətinin Avropa ictimaiyyətinə daha yaxından tanıdılması üçün təqdim olunan böyük layihə olduqca təqdirəlayiq hesab olunur. Hollandiyada yaşayan həmvətənimiz, vokal musiqimizin gözəl ifaçılarından biri olan F.Bağırovanın layihənin ərsəyə gəlməsində və həyata keçirilməsində böyük zəhməti var.
Layihə Azərbaycan Respublikasının Xalq artisti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, professor Firəngiz Əlizadənin, Niderland Krallığının tanınmış Groot Omroep xoru ilə birgə əməkdaşlığının nəticəsidir. Layihənin təqdimat mərasimi 2017-ci il, 7 və 9 aprel tarixlərində, Amsterdam şəhərinin "Het Koningrijk Concertgebouw”un ( Niderland Krallığının Böyük Teatrı) böyük zalında keçiriləcək. Təqdimat mərasimində tamaşaçılar, F.Əlizadənin "Nasimi Passion” əsərini Krallığın Böyük teatrının orkestri və xorunun ifasında dinləyə biləcəklər. 20 ildən artıq bir müddətdə Hollandiyada yaşayan, Odlar Yurdu cəmiyyətinin sədri olan, orada Azərbaycan mədəniyyətinin təbliğatında böyük işlər görən Firəngiz Bağırova, Azərbaycan tamaşaçısına da yaxşı tanışdır. Hər dəfə Azərbaycana səfər etdikdə Firəngiz xanım, yerli TV-lərin qonağı olaraq öz gözəl ifası ilə Azərbaycan tamaşaçısını öz sehri dünyasına qonaq edərək onların qəlbini fəth etməyi bacarır. Məhz, Firəngiz xanımın fevral ayından bəri layihə ilə bağlı gördüyü işlər sayəsində tamaşa ərsəyə gələrək təqdim olunacaq. Yeri gəlmişkən, İmadəddin Nəsiminin sözlərinə yazılmış musiqi əsərində Holland musiqiçilər və xor ifaçıları, Azərbaycan dilli ekspert olaraq məhz F.Bağırovanın köməyindən yararlanırlar. O, musiqinin xarakteri ilə yanaşı, həm də Azərbaycan dilinin düzgün tələffüzü üzərində əhəmiyyətli məsləhətlərini verməkdə davam edir.
Yeganə Bayramova