Hər bir marşrutun pasportu çıxarılmalıdır

Bakıda ömrü boyu sərnişindaşımada keyfiyyətli təminat olmayıb
Sürücülər, sərnişinlər, piyadalar hüquq və vəzifələrini bilməlidir, amma elə sərnişin var ki, bunlardan xəbərsizdir

Son vaxtlar üzərində marşrut nömrəsi olmayan mikroavtobuslarla paytaxt daxilində sərnişindaşıma ilə məşğul olanların sayı artıb. Həmin avtobuslarla hər gün metronun "Koroğlu” stansiyası yaxınlığından sərnişinlər daşınır.
Eyni mənzərəni metronun ‘’Əhmədli’’ stansiyasının yaxınlığında da görmək olar. Buradan "Xəzər Əhmədli” adlandırılan əraziyə sərnişin daşınır.

Avtobus sürücüləri isə iddia edirlər ki, onlar "Xəzər Əhmədli” sakinlərinin razılığı ilə taksi kimi xidmət göstərirlər. Məhz buna görə də avtobusların üzərində marşrut nömrəsi yoxdur. Üstəlik, avtobuslar ayrı-ayrı şəxslərə məxsusdur.

Sərnişinlərin özləri də mikroavtobusların onların razılığı ilə xidmət göstərdiklərini təsdiqləyirlər.
Bakı Nəqliyyat Agentliyindən (BNA) isə bildirildi ki, sərnişin oturacaqlarının sayı maksimum 8 olan avtomobillər taksi xidməti göstərə bilər. Oturacaqların sayı bu rəqəmdən artıqdırsa, belə fəaliyyət qanunsuzdur. Elə lentə alınan kadrlardakı avtobuslar da qanunsuz fəaliyyət növünə daxildir.
Agentlikdən bu faktın araşdırılacağı və müvafiq tədbirin görüləcəyi bildirildi. Agentlik, həmçinin sərnişinlərə tövsiyə edir ki, təhlükəsizliklərini nəzərə alaraq bu cür xidmət göstərən avtobuslara minməsinlər.

Məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, sərnişindaşıma qaydalarına görə hər bir marşrutun pasportu çıxarılmalıdır. Qanunsuz fəaliyyət göstərən mikroavtobusların sərnişinlərin həyatı üçün təhlükəli olduğunu deyən ekspert BNA-nın baş verənlərlə əlaqədar ciddi işlər görməsinin vacibliyini vurğulayıb: 

"Şəhərdaxili və şəhərətrafı daşımalar var. Fərqi yoxdur, hər iki daşımalarda marşrut pasportuna çoxlu göstəricilər daxildir, həmin göstəricilərdə əsasən marşrutun dayanacaqları, onların müntəzəmliyi, reys vaxtı, hansı avtobuslardan istifadə olunması, avtobusların tutumu və s. qeyd olunmalıdır. Bunların heç biri yoxdursa, sərnişindaşıma qaydalarında qanunsuz fəaliyyətin olduğu göz qabağındadır. Yaxın vaxtlarda Sumqayıta gedən mikroavtobus qəza törətdi və nə qədər tələbə öldü. Bu, qeyri-qanuni daşıma idi. Hər bir marşrutun özünün daşıma keyfiyyəti var. Daşıma keyfiyyətinin göstəricilərindən biri hərəkətin təhlükəsizliyinin təmin olunmasıdır. Əgər təhlükəsizlik təmin olunmursa, deməli, keyfiyyətdən söhbət gedə bilməz. Son zamanlar mən də görmüşəm, şəhərətrafı daşımalarda köhnə avtobuslardan istifadə edirlər. Bəzi insanlar mənfəət əldə etməkdən ötrü nömrəsiz avtobusdan istifadə edir və qanunsuz fəaliyyət göstərir”.

Sərnişinlərin qanunsuz fəaliyyətlə göstərən avtobuslara minərək nə üçün həyatlarını təhlükəyə atdıqları sualına gəlincə, ekspert deyib ki, sərnişindaşıma qaydalarında hər bir insanın hüquq və vəzifələri var. Sürücülər, sərnişinlər, piyadalar hüquq və vəzifələrini bilməlidir, amma elə sərnişin var ki, bunlardan xəbərsizdir:

"Bəzən insanlar hüquqlarını tələb edir, lakin vəzifələrini, öhdəliklərini yerinə yetirmirlər. Sərnişinlər təhlükəsizliklərini təmin etmək üçün öhdəliklərini yerinə yetirməlidirlər. Bakı şəhərində sərnişin daşınması üçün nəzərdə tutulan avtobuslara xüsusi tələbatlar var. Bizim köhnə nəqliyyat vasitələri həmin standartlara cavab vermir. Onların oturacaqlarının, minib-düşmə zamanı qapılarının vəziyyəti yaxşı deyil. Son zamanlarda "Baku Bus” marşrutlarında keyfiyyət yüksək səviyyədədir. Həmin marşrutlara istinadən demək olar ki, digər avtobusların səviyyəsi qalxmalıdır. Hər zaman olub, indi də olur, əksər insanlar təhlükəsizlik və keyfiyyət məsələsini nəzərə almır. Bu hallara nəzarət üçün müəyyən strukturlar - BNA, Dövlət Yol Polisi, Nəqliyyat Nazirliyinin özünün müəyyən bölmələri var. Əvvəl Nəqliyyat Nazirliyinin belə bir strukturu vardı, indi bu vəzifəni Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verdilər. Bilmirəm indi həmin nazirliyin strukturları nə dərəcədə fəaliyyət göstərir. Ancaq bu qurumlar hamısı nəzarəti gücləndirməlidir. Sərnişin avtobusda təhlükəsizliyin yüksək dərəcədə olmadığını hiss edən zaman həmin avtobusa minməli deyil. Ümumiyyətlə, Bakı şəhərində ömür boyu sərnişindaşımalarda keyfiyyətli təminatı olmayıb, bu hal indi nisbətən düzəlir. Bütün bunların hamısı bizim yol nəqliyyatı mədəniyyətimizdən asılıdır”.

Yeganə Bayramova