Hər il Azərbaycandan Rusiya bazarlarına tonlarla pomidor gedir

Əgər Rusiyanın bu addımı tendensiya halını alsa və gələcəkdə belə qadağaların sayı çox olsa, təbii ki, Azərbaycan iqtisadiyyatına mənfi təsirləri olacaq


Rusiyada 16,193 ton Azərbaycan pomidoru satışından yığışdırılıb. Bu barədə Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Kurqansk vilayəti üzrə idarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasından gətirilən tərəvəzlərdə zərərverici - Cənubi Amerika güvəsi aşkar edilib. Federal Xidmət region ərazisində zərərvericilərə yoluxmuş məhsulun satışını qadağan edib. Sahibkarlara təlimat verilib ki, pomidorları dezinfeksiya etsinlər.

İqtisadçı-ekspert Natiq Cəfərli isə ölkəmizdən ixrac edilən pomidor və ya digər tərəvəzlərdə hansısa zərərli maddələrin olduğunu düşünmür. Ekspertin sözlərinə görə, Rusiyanın bazarına nəzarət edən qurumlar çox zaman bu tipli qərarları əsasən siyasi nöqteyi-nəzərdən qəbul edirlər.
N.Cəfərli bildirib ki, əlaqədar dövlət oqranları Rusiya ilə danışıqlara başlayıb məsələni kökündən həll etməyə çalışmalıdır. Əks təqdirdə mövcud vəziyyət davam edərsə ölkə iqtisadiyyatına mənfi təsirlər göstərər: 


"Uzun illərdir Rusiya bazarında Azərbaycanın kənd təsərrüfatı məhsulları çox böyük uğurla satılır. Əsasən də Azərbaycan pomidoru keyfiyyətinə görə hələ sovetlərdən bəri ən yaxşı məhsul kimi tanınır. Bundan öncə Qazaxıstanla da belə bir problem yaşanmışdı. 80 tona yaxın kartof məhsulları geri qaytarılmışdı, bu da Qazaxıstanla Azərbaycan arasında gedən danışıqlarda müəyyən təzyiq vasitəsi kimi istifadə olunurdu. Belə bir problemin yaşanmasını Rusiya tərəfindən təzyiq vasitəsi kimi qiymətləndirmək olar. Dəfələrlə Ukraynaya, Türkiyəyə , Avropa ölkələrinə qarşı bunun şahidi olmuşuq, məhz bu tipli qərarlarla müəyyən təzyiq göstərməyə çalışırlar. 

Bu da ilkin siqnaldır. 16 ton o qədər də böyük həcm deyil, amma onu da qeyd eləmək lazımdır ki, hər il Azərbaycandan minlərlə ton pomidor Rusiya bazarlarına gedir. Bu da həm fermerlərə, həm ölkə iqtisadiyyatına çox böyük iqtisadi xeyir verir. Əgər Rusiyanın bu addımı tendensiya halını alsa və gələcəkdə belə qadağaların sayı çox olsa, təbii ki, Azərbaycan iqtisadiyyatına mənfi təsirləri olacaq. Müvafiq dövlət orqanları danışıq yolu məsələni həll etsələr, Azərbaycan məhsullarının Rusiya bazarına girişində bir problem yaşanmayacaq. Rusiya bazarı kənd təsərrüfatı məhsulları üçün ciddi bir bazardır. Azərbaycanın təqribən 70-75 faiz ixraca yönələn kənd təsərrüfatı məhsulları məhz Rusiya bazarında satılır”.


Yeganə Bayramova