Hər kəs səbirsizliklə iyun görüşünü gözləyir

Popov normal danışıb, bir növ tərəfsiz qalmağa çalışır



"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı çərçivə sazişi ilə bağlı anlaşmanın əldə edilməsi üçün perspektivlər mövcuddur”.

Bu barədə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib. O bildirib ki, Vyanada prezidentlər əsas məsələlər üzrə danışıqlar prosesinin yenilənməsinə dair razılığa gəliblər: "Ümid edirəm ki, konstruktiv yanaşma üstün gələcək. İnsidentlərin araşdırılması mexanizmi üzərində işin tamamlanması ilə bağlı məsələdə ən yüksək səviyyədə razılıq əldə edilib və hazırda ATƏT mütəxəssisləri bu məsələnin həlli ilə məşğuldur. Ötən həftə bu məsələ ilə bağlı ekspert qiymətləndirmələrini Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə vermişik. Tərəflərin cavablarını gözləyirik”. 
Sülh və Münaqişələrin Araşdırılması Mərkəzinin rəhbəri Elxan Mehdiyev "Şərq”ə açıqlamasında çərçivə sazişi məvhumuna aydınlıq gətirib:
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı köhnə və yeni Madrid prinsiplərinə əsaslanan 6 maddəlik bir saziş sənədi var. Söhbət həmin 6 maddədən ibarət bir razılaşma paketindən gedir. Çərçivə adlandırılan saziş də budur. Yəni münaqişə tərəfləri irəli sürülən maddələr üzərində anlaşarsa, onda bu, çərçivə sazişi adlanacaq və problemin çözümü bu istiqamətdə gedəcək. Mən Popovun müsahibəsini oxudum. Demək olar ki, normal danışıb. İstənilən vatisəçi münaqişə ilə bağlı danışanda heç bir tərəfin adını konkret çəkmir, ortada olan məsələlərdən danışır və bir növ tərəfsiz qalmağa çalışır. Məsələ burasındadır ki, hazırda Azərbaycan dövləti və xalqı, eyni zamanda münaqişənin həlli ilə maraqlanan bütün dünya gücləri böyük səbirsizliklə iyun görüşünü gözləyirlər. Hər kəs görüşdən nəticə çıxacağına ümid edir. Əgər gözlənilən nəticə olmazsa, onda proseslər əvvəlki məcraya yönələcək. O zaman Azərbaycan yekun qərarını vermək məcburiyyətində qalacaq”. Politoloq Tofiq Abbasov da "Şərq”ə deyib ki, çərçivə sazişi lokal bir yanaşmanı özündə ehtiva edir: Yəni danışıq masasında müzakirə olunacaq konkret məsələlərin müzakirəsi nəzərdə tutulur. Çərçivəyə girən məsələlər arasında qeyri-müəyyənlik qalmır və hamı bilir ki, tərəflər arasında müzakirə predmeti nədir. Artıq Rusiya da anlayır ki, Ermənistanın danışıqlar prosesindən yayınması yolverilməzdir. Görünür, Moskva bölgədəki proseslərin istiqamətini müəyyən qədər dəyişmək istəyir. Ona görə də çərçivə sazişini ortaya atır”.

İsmayıl