Hər şey həddində gözəldi

Qadınlar əl və ayaq dırnaqlarına qulluq etməlidir, amma fəsadları da bilməlidirlər



Bu gün ölkəmizdə fəaliyyət göstərən qadın gözəllik salonlarında, studiyalarda müxtəlif üsullarla qadınların əl və ayaq dırnaqlarına qulluq göstərilir. Əvvəllər qadınlar dırnaqlarını qaydasında saxlamaq üçün daha çox manikürdən istifadə edirdilərsə, indi başqa vasitələrdən yararlanırlar.
Hazırda dırnaq qaynağından, eləcə də onun digər növlərindən istifadə edən qadınların sayı durmadan artır. Belə demək mümkündürsə, 15 yaşdan 70-80 yaşa qədər qadınlar dırnaq qaynaqlarından, dırnaqlarını uzatmaq üçün şellakdan, biogeldən və s. yararlanırlar.

Həkimlər, xüsusən də dermotoloji sahə üzrə mütəxəssislər qadınlara məsləhət görürlər ki, bu vasitələrdən istifadə etməsinlər. Dırnağı süni olaraq gözəlləşdirən vasitələr sonradan qadınların səhhətində müxtəlif mənfi hallar yaradır. Ekspertlər qeyd edirlər ki, bu, qadınların öz dırnaqlarının tamamilə məhv olmasına gətirib çıxarır. 

Yəni qadın salonda dırnağını biogel, yaxud şellak edirsə, sonradan öz dırnağını əvvəlki vəziyyətində görə bilmir. Bu gellər vurulursa, qadın dırnağı uzananda mütəxəssis müdaxiləsi olmadan o dırnaqları kəsə bilmir, bu da dırnaqlarda ağrılar yaradır, xüsusən də bir yerə toxunanda əziyyət çəkirlər.

Dermatoloq-kosmetoloq Vəfa Məmmədli "Şərq”ə açıqlamasında indiyə qədər süni dırnaqlar və qaynaqla bağlı ağırlaşma ilə qarşılaşmadığını deyib: 

"Əgər aseptik qaydalara riayət olunsa, professional adam bunu yerinə yetirsə, heç bir problem olmaz. Sonucda qadınlara gözəl xidmətdir, onları gözəlləşdirir. Düzdür, allergik reaksiya ilə müraciət edən olub. Ancaq nəzərə alsaq ki, həddindən artıq çox sayda qadınlarımız bu xidmətdən yararlanır, ağırlaşmalar yox səviyyəsindədir”.

Qeyd edək ki, sosioloq Lalə Mehralı özünün feysbuk hesabında süni dırnaqlarla bağlı status paylaşıb və dırnağını normadan artıq uzadan qadınları anlamadığını deyib.

Sözügedən statusla bağlı müzakirəyə qoşulan digər feysbuk istifadəçiləri də qeyd edib ki, hər şey həddində gözəldir. Dırnaqların müəyyən qədər uzunluğu ələ səliqəli görünüş verir. Amma bu qədər uzun olması həqiqətən iyrənc və səliqəsiz görünür.

Şəymən