"1991-c ildə Azərbaycanda olduğu kimi Naxçıvanda da çox ağır və gərgin bir vəziyyət idi. Ümumiyyətlə, iqtisadi vəziyyət, insanların sosial durumu dözülməz hal almışdı. Naxçıvan hər an erməni hücumuna məruz qala bilərdi”.
Bunu "sherg.az”a açıqlamasında dövrə şahidlik etmiş millət vəkili, YAP-ın İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib. Deputat bildirib ki, avqustun 19-da sovet ittifaqı dağıldığı üçün ölkədə, o cümlədən Naxçıvanda hökumətsizlik yaranmışdı:
"Sentyabr ayının 3-də Naxçıvan Ali Sovetinin sessiyasını çağırdıq və ümummilli lider Heydər Əliyevin namizədliyini irəli sürdük. Həmin vaxtda Naçxıvanda "demblok” və "komblok” fəaliyyət göstərirdi. Onlar öz adamlarını Ali Sovetə sədr seçdirmək istəyirdi. Amma Naxçıvanda olan ağıllı insanlar, gələcəyi görənlər, hamımız bir yerə yığışdıq. Mən Ali Sovetin deputatı kimi orada çıxış etdim və dedim ki, "bugün Heydər Əliyevin Naçxıvanda alternativi yoxdur. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsə, biz tezliklə ermənilərin hücumuna məruz qalacağıq. Bununla da Naxçıvanda vəziyyət çox gərgin olacaq”.
Düzü, o zaman Heydər Əliyev sədr olmaq istəmirdi. Ulu öndər bəyan edirdi ki, "mən bura siyasi məqsədələr üçün yox, xalqımın yanında olmaq üçün gəlmişəm”. Lakin biz hamımız Heydər Əliyevi vəzifədə görmək istəyirdik. Çünki yalnız bu yolla Naçxıvanı saxlamaq mümkün idi. Məhz bu məqsədlə ümummilli lideri Naxçıvan MR-nın Ali Məclisinin sədri seçdik. Ulu öndər sədr seçiləndən çox qısa zaman sonra Naxçıvanda Müdafiə Komitəsi yaratdı. İlk növbədə xarici işğalçı qüvvələrdən, ermənilərdən Naxçıvanı qorumaq üçün bu, çox vacib idi. İkinci növbədə isə iqtisadi məsələlər dayanırdı. Təsəvvür edin, Heydər Əliyev çox qısa müddət ərzində, 1992-ci ilin mart ayında Naxçıvanda torpaq islahatı həyata keçirdi. Nəticədə torpaqlar özəlləşdirildi və mal-qaralar insanlara paylanıldı. Heydər Əliyev o qədər böyük və dahi insan, o qədər uzaqgörən şəxsiyyət idi ki, problemləri əvvəlcədən görür, onları vaxtında qiymətləndirirdi”.
Millət vəkili bəyan edib ki, Heydər Əliyev Naxçıvanın 350 min əhalisini İranın və Türkiyənin yardımları hesabına saxladı: "Heydər Əliyev Ali Məclisin sədri seçilən kimi İranla əlaqə saxladı. İranın o vaxtki prezidenti Rəfsəncani öz təyyarəsini göndərdi və Heydər Əliyev İrana gedərək orada müqavilələr bağladı.
Ondan sonra Naxçıvana çoxlu yardımlar gəlməyə başladı. Daha sonra Türkiyəyə getdi və prezident Süleyman Dəmirəllə görüşərək qardaş ölkənin "Qızıl Ay”ından çoxlu yardımlar gəlməsini təşkil etdi. O vaxtki Mərkəzi Komitə və sonrakı cəbhə hakimiyyəti isə heç vaxt Naxçıvana baxmadı. Naxçıvanı blokadadan xilas edən ldier məhz ulu öndər Heydər Əliyev idi. Mən özüm şahidəm, camaat gözləyirdi ki, saat 6-da İrandan maşınlarla Naxçıvandakı dəmiryol vağzalında yerləşən zavoda çörək gətiriləcək və insanlar çörək alacaqlar. Belə ağır vəziyyətdən Naxçıvanı Heydər Əliyev qurtardı. Naxçıvanlılar Heydər Əliyevə həmişə dayaq olublar. Onun hakimiyyətə gəlməsində də xüsusi rol oynayıblar”.
Məlumat üçün deyək ki, 27 il öncə, yəni 1991-ci ilin sentyabrın 3-də ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr seçilib. Məhz həmin dövrdən etibarən Naxçıvanın və ölkənin ictimai-siyasi həyatında Azərbaycanın müqəddəratını həll edəcək mühüm hadisələr baş verib. Bu baxımdan sözügedən hadisə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi olay kimi dəyərləndirilir.
İsmayıl