Muzeydən 9 milyon avroluq rəsm əsərləri oğurlandı

Fransanın Kanya-sür-Mer şəhərində yerləşən Renoir muzeyi sentyabrın 8-də qarət edilib. Soyğunçular muzeyə zorla daxil olaraq dörd rəsm əsərini oğurlayıblar. Lakin qaçarkən əsərlərdən ikisini bağçada atıblar. Hadisə ilə bağlı mütəşəkkil dəstə tərəfindən oğurluq və cinayət törətmək məqsədilə cinayətkar birliyin yaradılması ittihamları üzrə araşdırma başlanıb.

Axar.az xəbər verir ki, ilkin məlumata görə, muzeyin siqnalizasiya sistemi saat 05:48-də işə düşüb. Beş dəqiqə sonra bələdiyyə polisi hadisə yerinə çatıb. Təhlükəsizlik kameralarında iki şəxsin muzeydən əsərləri çıxardığı qeydə alınıb. Soyğunçular hasarı metal mişarla kəsib, rəsmlərin bərkidildiyi hissələri də mişarlayıblar. Pəncərələrdən birinin şüşəsi də zədələnib.

Muzeydən “Coco lisant”, “Portrait de Madame Stephen Pichon”, “Portrait de Madame Colonna Romano” və “Jeune Femme au puits” adlı dörd əsər oğurlanıb. Onlardan “Coco lisant” və “Portrait de Madame Stephen Pichon” muzeyin bağçasında tapılıb. Digər iki əsər – “Portrait de Madame Colonna Romano” və “Jeune Femme au puits” isə hələ də axtarılır. Dörd əsərin ümumi dəyəri təxminən 9 milyon avro qiymətləndirilir.