Hostellər əxlaqsızlıq yuvasına çevrilməyəcək ki? !




"Turizm, xüsusilə kənd turizmi inkişaf etdikcə, ayrı-ayrı vətəndaşlarının geniş evlərinin hostel şəklində qonaqlara təqdim edilməsi mümkündür”.

Bunu Shegr.az-a Azərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsinin asanlaşmasına münasibət bildirərkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. 

O bildirib ki, Azərbaycanda böyük otellərlə yanaşı şəxsi mənzillərin də kirayə verilməsi praktikası çoxdur, bu, qanunla da tənzimlənir:

"Düzdür, qanunvericilikdə müəyyən başlıqlar var. İlk növbədə vergiyə cəlb etmək məsələsi qabardılır. Onsuz da həmin insanlar evlərini kirayə verməklə müəyyən qədər özlərini təmin edirlər. İlk növbədə düşünürəm ki, bu evlərə güzəşt edilməlidir. Məsələn, bir neçə il onlardan vergi tutulmamaq şərtilə qeydiyyata alınmalıdır. Bu, onlara müəyyən qədər kömək olar".

Həmin hostellərin əxlaqsızlıq  yuvasına çevrilməyəcəyinə kim zəmanət verə bilər" sualına gəlincə, M. Zülfüqarlı vurğulayıb ki, bu işə güclü nəzarət lazımdır. Nəzarət edənlər də bunu vicdanlı şəkildə  etməlidir: 

"Yəni müəyyən qurumlar vəziyyətdən sui-istifadə edərək onlara qarşı iddialar irəli sürürlər. İlk növbədə əgər demokratik ölkələrin təcrübəsinə baxsaq, heç yerdə bizdəki nəzarət kimi nəzarət mexanizmi yoxdur. Yəni, həmin hostelə gedən hər bir şəxs öz qonağını da ora dəvət edə bilir. Hətta bizim qanunvericilikdə bu, qadağan olunmayıb. Amma təəssüf ki, Azərbaycanın rayon, kənd yerlərində, xüsusilə, istənilən məbləği verməyən insanlara qarşı saxta ittihamlar səsləndirilir. Sözsüz ki, hostellərin qeyri-düzgün məqsədlərlə işlədilməsi kimi neqativ hallar olur. 

Amma onlar haqqını ödədiyinə görə toxunmurlar, belə ittihamlarla isə qanuni işləyib, rüşvət vermək istəməyən sahibkarlar üzləşir. Mənə belə gəlir ki, Azərbaycanda qanunların olması ilə yanaşı buna nəzarət edən şəxslərdə vicdan hissi də olmalıdır ki inkişafa mane olmasınlar. Bu gün hansısa kənd və rayonlara getmək istəyən varsa, yaşlı nəsil belə olsa, ondan nikah haqqında şəhadətnamə tələb etmək, həyat yoldaşı olduğunun sübutunu istəmək, sənədi yoxdursa, ona yer verməmək şəxsin hüquqlarının pozulması deməkdir. İlk növbədə insana diqqət etmək lazımdır. Baxan kimi bilinir ki, bu insan hansı yuvanın quşudur. Düşünürəm ki, daha demokratik, şəffaf məsələlər ortaya qoyularsa, turizm inkişaf edə bilər”.

Qeyd edək ki, Mənzil Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri" adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən "yerləşmə vasitəsi" kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Aysel Aslan