“Huawei”ə sanksiya ciddi məsələdir - Azərbaycanın informasiya məkanı da təhdid altında qala bilər

Bir neçə gündür ki, "Huawei” şirkəti ABŞ sanksiyaları ilə üzləşib. Amerika, şirkəti telefonlardakı proqram təminatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır.
Məlumdur ki, ölkəmizdə də bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verir. Maraqlıdır, ölkəmiz üçün hansısa təhlükə mövcuddurmu?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Sherg.az”a açıqlamasında "Huawei” şirkətinin Azərbaycanın informasiya sahəsi üçün təhlükə ola biləcəyini deyib:
"Ümumiyyətlə uzun illərdir ki, bu şirkətin Çin hökuməti ilə iş birliyində olduğu bildirilirdi. "Huawei"-in milyardlarla marketinq siyasəti və ucuz məhsul satmasının da hökumətin dəstəyilə olduğu qeyd edilirdi. Lakin Şirkət bunları təkzib edirdi. Görünür ki, ABŞ hökuməti artıq bunu isbat edib.
Əslində bu məsələ 5G reallaşanda gündəmə gəldi. Yəni məlumat oğurluğu məsələsi zaman-zaman digər qlobal şirkətlərdə də olub. Amma 5G gündəmə gələndən sonra məlum oldu ki, belə davam edərsə, "Huawei” öz avadanlıq və proqramları ilə hədsiz böyük məlumat ötürmə sürətilə bütün əşyaları inteqrasiya edə biləcək. Bir sözlə 2-ci bir real dünyamıza nəzarət edəcək. Odur ki ABŞ təhlükəsizlik baxımından buna imkan verə bilməzdi. Yəqin ki, bundan sonra "Huawe”-in qlobal dünyada hökmranlığına son qoyulacaq və hansısa cərimələrlə və açıqlamalarla "N" sırada olan bir şirkətə çevriləcək”.
O.Gündüz "Huawei"- in ölkəmizdə dövlət sektorunda xüsusi çəkisi olduğunu, buna görə də Azərbaycan üçün təhlükənin mümkünlüyünü vurğuladı:
"Ucuz olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Bildiyim qədər "BakTelecom"un (BTRİB) 80% - i, "Aztelekom" 70%-i, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri "Huawei" məhsulları üzərində oturub.
Sanksiyalar hələlik "Huawei telefonlarla bağlıdır". Əgər sabah ABŞ sanksiyaları "Huawei"in bütün avadanlıqlarına və proqramlarına şamil olunarsa, nə baş verəcək?.Təsəvvür etmək çox çətindir. Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər”.
Ekspert bildirib ki, real təhlükənin qarşısını almaq üçün bu hadisədən sonra Xüsusi Dövlət Mühafizə Xidməti bütün dövlət İT sektorunu monitorinq və audit etməlidir:
"Bildiyim qədər bizdə "Huawei” ilə daha çox əməkdaşlıq edən "Eurodesign” və "Ultra” şirkətləri olub. Sanksiyalarla əlaqəli gözlənilən "Huawei” təhlükələrindən yayınmaq üçün hökumət təcili B planı hazırlamalıdır”.
Yeganə Bayramova