Hüquqşünasdan sərt açıqlama: "Azərbaycanda ATS-lərin işi çox bərbaddır"

Əliməmməd Nuriyev:"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində olan ATS xidməti yenidən qurulmalıdır”
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində olan ATS xidməti yenidən qurulmalıdır”.
Bunu Sherg.az-a vətəndaşların ATS xidmətindən şikayətlərinə münasibət bildirərkən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. 
O bildirib ki, yüksək texnoloji innovasiyalardan istifadə olunması, müştəri məmnuniyyətinin təmin edilməsi, etik davranış qaydalarının tətbiqi və s. məsələlərdə ATS-lərin işi çox bərbaddır:
"Vətəndaşlar narazılıq edir ki, müştəri xidmətləri üçün nəzərdə tutulmuş qaynar xətlərə cavab verilmir, bəzən isə işçilər nəzakətsiz davranır. Ən vacib məsələ müştəri məmnuniyyətinin təmin edilməsidir. İlk növbədə xüsusilə sorğu mərkəzlərinə cavabdeh olan ATS işçilərinin davranış qaydaları ilə bağlı seminarlar keçirilməlidir. Bundan əlavə çağrı mərkəzi ilə bağlı standartlar müəyyənləşdirilməli, texniki reqlament verilməlidir”.
ATS-in çağrı mərkəzlərində işləyənlərin maaşının az olmasına da diqqət çəkən Ə.Nuriyev deyib ki, bu, onların keyfiyyətli xidmət nümayiş etdirməsinə mane olan cəhətlərdən biridir:
"Bütün bunları nəzərə alaraq məlum istiqamətdə əhəmiyyətli dəyişikliklər edilməlidir. Qeyd etmək lazımdır ki, nazirlik yüksək gəlirli qurumlardan biridir. Belə olan halda gəlirlər həm işçilərin sosial müdafiəsinə, həm də onlara müxtəlif treninqlər keçirilməsinə yönəldilə bilər. Biz vətəndaş cəmiyyətinin nümayəndələri də böyük məmnuniyyətlə, onlara etik davranış qaydaları, çağrı sistemində davranış qaydaları ilə bağlı layihələr təqdim edə bilərik. "Konstitusiya” Araşdırmalar Fondu dövlət qulluqçusunun etik davranış qaydalarını hazırlayan təşkilatlardan biri olub. Ona görə, bu sahədə böyük təcrübəmiz var.
Artıq 2016-2018-ci illərə aid edilmiş "Milli fəaliyyət planı” hazırlanıb. Bu proqramın istiqamətlərindən biri də ASAN xidmət standartlarına uyğun olaraq dövlət orqanlarında fəaliyyət göstərilməsi ilə bağlıdır. Bu istiqamətdə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəstək verməyə hazırıq.
Güman edirəm ki, nazirlikdə həyata keçirilən dəyişikliklər həm ATS xidmətinin keyfiyyətinə, həm də müştərilərin ehtiyaclarını nəzərə alaraq onlarla uyğun davranış qaydalarının təkmilləşdirilməsinə müsbət təsir edəcək. Bu islahatlar müştərilərin məmnunluğunu təmin etməklə bərabər ATS xidmətindən istifadənin genişlənməsini təmin edəcək. ATS xidmətində çalışan işçilərin sosial müdafiəsinin genişləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılacaq”.
Aysel Aslan