
I Bakı Türkoloji Qurultayı Azərbaycan mətbuatında
Akif Aşırlı
(Əvvəli ötən sayımızda)
1926-cı il fevralın 26-da martın 6-dək davam edən I Bakı Türkoloji Qurultayının 90 ili tamam olur. Müstəqil Azərbaycan dövlətini tarixi irs və varislik prinsipləri üzərində inkişaf etdirən Prezident İlham Əliyev bu qurultayın tarixi əhəmiyyətini nəzərə alaraq sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ölkənin elm, təhsil, mədəniyyət ocaqlarında silsilə tədbirlər, elmi-praktik konfransların keçirilməsi planlaşdırılıb. I Bakı Türkoloji Qurultayın Azərbaycan jurnalistikası tarixində də böyük əhəmiyyəti var. Latın əsaslı yeni türk əlifbasına keçid, ədəbi dilin formalaşması, çap nəşriyyat işinin Avropa standartlarına uyğunlaşdırılması və terminologiyadan istifadə qaydaları, ortaq türkcənin yaradılması kimi böyük əhəmiyyəti olan məsələlərin müzakirəsi və qurultayın qərarları jurnalistikanın inkişafına böyük töhfələr verdi. Qurultay haqqında Azərbaycan, Türkiyə və digər türk cümhuriyyətlərinin alimləri müxtəlif istiqamətdə elmi tədqiqat aparıb, monoqrafiya və kitablar nəşr etsələr də, Azərbaycan mətbuatının bu sahədəki fəaliyyəti araşdırılmayıb. Qurultayın stenoqramları rusca tərtib edildiyindən, türk dilinin müxtəlif qruplarında oxunan məruzələr stenoqrafik hesabatlardan kənarda saxlanılıb. Dünyanın məşhur türkoloqlarının, dilçilərinin Azərbaycan mətbuatına verdikləri müsahibələr, təəssüratlar qurultay barədə daha geniş faktların əldə olunmasına yardım edir.
Qeyd edək ki, ruscadan tərcümə olunan stenoqrafik hesabatlarla məruzəçilərin mətbuatda çap olunan məruzələri arasında fərqliliklər mövcuddur. Bütün bunları nəzərə alıb I Bakı Türkoloji Qurultayı barədə Azərbaycan mətbuatındakı yazıları sistemli şəkildə oxuculara və türkoloqlara çatdırırıq.
Türkoloji qurultayı

Bugünki mədəniyyət tarixinin tədqiq edən alimlər üçün aşkar olmuşdur ki, bir millətin, bir məmləkətin tarixi onun tərəqqi və mədəni tarixi yollarını, səbəblərini, əhvallarını təmin etmək üçün qonşu millətlərin tarixini tədqiq etmək, öyrənmək lazımdır. Bu gün heç bir millət yoxdur ki, başqa millətlərin tarixindən azad olsun. Daha geniş baxılırsa, bugünki bəşərin mədəniyyəti bir millət və ya bir neçə millət məhsulu deyildir. Bütün millətlərin bu ümummədəniyyət hasilatında payı vardır. Bəzilərinin payı çoxdur. Xidməti artıqdır. Bəzilərinin isə payı daha azdır və ya pək azdır. Xüsusilə ki, din, adətlər, cəmiyyətin iqtisadi və siyasi təşkilatı, hüquq, ailə təşkilatı, dil, sənayei-nəfisə gibi məsələlərin ətrafındaca təmin üçün bir millətin və ya bir kaç millət tarixini təqdim etmək kafi deyildir. XIX və XX əsrlərdə bir çox Avropa alimlərinin tədqiqatı göstərdi ki, bu məsələləri doğru həll etmək üçün bütün mədəni və qeyri-mədəni millətlərin keçmiş tarixini və bugünki halını tədqiq etmək lazımdır. Ancaq bu materiallar əldə edildikdən sonra müxtəlif məsələlər haqqında doğru olaraq elmi nəticələrə vasil olmaq və elmi əsasları tədqiq etmək mümkündür.
İştə ən ziyadə bu nöqteyi-nəzərdən Avropa alimləri öz məmləkətləri və millətlərinin tarixini tədqiqdən başqa, dünyada mövcud, tarixi əhəmiyyətləri olan və olmayan başqa millətlərin bu kəsin tarixlərini tədqiq etməyə başlamışlardır. Ən ziyadə bu səbəblərdəndir ki, Avropa alimləri Asiya qitəsinin yarısını tutan, Avropaya da girmiş olan türk millətlərinin müxtəlif nöqteyi-nəzərlərdən tədqiq etməyə başlamışlardı. Bu tədqiqat deməli, müxtəlif tələblər nəticəsi olaraq tanınır və bu qisim praktik ehtiyacların xatiri üçündür.
Mədəniyyət sahəsinə girmək istəyi hər bir millət özünü və həm də ətrafındakıları tanımaq istər və bunun üçün bugünki halı və dünki vəziyyəti tədqiq və təminə çalışır. Türk millətləri ümumiyyətlə, axırıncı əsrlərin cahan mədəniyyətinə təzəcə iştiraka başlayırlar, mədəni millətləri tədqiq üçün ətrafında bolluca vasitə bulla bilir. Lakin özünü təsdiq üçün həmən vasitənin çox olduğunu hiss edirlər. Bunun üçündür ki, türk millətlərinin həmən hər birində bəzi yerdə güclü, bəzi yerdə daha zəif oluruq. Özlərini tanımaq bugünkü halı anlayıb gələcəyi müəyyən etmək üçün ümumi bir hərəkət, ehtiras, fəaliyyət görülməlidir. Bu gün parktik olaran həmən bir türk ölkəsində qabağa çıxan ictimai və mədəni məsələlərin həlli üçün dünki tarixi, onun yollarını, səbəblərini, xüsusiyyətlərini bilmək, ölkənin ehtiyacı görülməkdədir. Kiçik Asiya, Qafqaz, Orta Asiya türkləri ayrı-ayrı hərəsi öz qövsi-dairəsində həmən eyni məsələlər ilə məşğuldur. Eyni qayəni, eyni məqsədi təqib edirlər. Bu hadisə türk millətlərinin ümumi mədəniyyət sahəsinə girməkdə olduğunu isbat edir. Bu mövqedə bulunan türk millətləri subyekt olaraq meydana çıxırlar.
Deməli, türklərin hal və keçmişini, müxtəlif nöqtələrdən tədqiq işləri indi iki tərəfdən gediyor: Bir - Avropa elmləri tərəfindən, ən ziyadə elmi ehtiyaclardan dolayı və ikincisi, türk elmləri ətrafında (ən əvvəl özünü tanımaq ehtiyacından ...).
Müxtəlif şəxslər və təşkilatlar tərəfindən yapılan bu tədqiqat nəticələrini cəmləmək, onlardan ümumi bir nəticə çıxarmaq və gələcək tədqiqat yollarını daha doğru təmin etmək vaxtı gəlmişdir. Bu vaxtın gəlmiş olmasını bir çox yerdə bəhs etmişlərdi. Lakin bu təşəbbüsə girişən az idi.
Keçən sənə ictima edən Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyəti dəxi hiss etdi ki, Azərbaycan türklərinin həll edilməsi üçün qabağında duran çox məsələləri Azərbaycan türkləri ilə həll ediləməz. Bunun üçün bütün türk məmləkətləri mütfəkkirlərinin və türkiyyat ilə məşğul olan alimlərin əldə etdiyi nəticələri birləşdirmək və bundan sonra işləmək üçün doğru yolları birlikdə təmin etmək lazımdır.
Həmən cəmiyyət tərəfindən təmin olunan cəmiyyətin bir neçə ay içərisində çalışması nəticəsində Şuralar İttifaqı Mərkəzi Hökuməti tərəfindən türkoloji elmlər ilə məşğul və əlaqədar olan təşkilat
və şəxslərin ümumi türkoloji qurultayda, təşkilat növbədəki elmi məsələlərin müzakirə edilməsi lazımiyyəti təsdiqləndi.
Türkoloji qurultayı bu sənə dekabr ayının ortasında Bakı şəhərində Ümumittifaq Şərqşünaslıq cəmiyyəti və Azərbaycan. Tədqiq və Tətəbbö cəmiyyətinin xüsusi komisyonu tərəfindən çağrılır.
Qurultaya Şuralar Federasyonu daxilində bulunan türk cəmiyyətlərindən nümayəndələr və türkoloji ilə məşğul olan alimlər çağrılır. Bundan başqa xarici məmləkətlərdə - Türkiyə, İran, Almaniya, Macarıstan, Fransa, Finlandiya və qeyri olan və türkoloji ilə məşğul olan alimlər dəvət edilirlər. Ümumiyyətlə, çağırılanlar 100-ə qədər olacaqdır.
Özbəkistan, Türkmənistan cümhuriyyətləri, Moskva və Leninqrad elmi müəssisələri tərəfindən alınan məlumat göstərir ki, hər yerdə bu qurultayı böyük bir maraqla bəkləyirlər. Hər yerdə qurultayın vacib məsələ olduğu dərk edilmişdir.
Gələcək qurultayın müzakirə və həll edəcək məsələlərə qəti qərar verə bilməzsə də indilik aşağıdakı məsələlər qurultayı çağıran Mərkəzi Komisyon tərəfindən qəbul edilmişdir:
1. Türkolojinin hazırkı vəziyyəti və gələcək inkişaf yolları.
2. Türk dilləri və şöbələrinin təsdiqi
3. Türk dili və şivələrinin mənşəyi və tarixi inkişafı
4. Türk dili və şöbələrinin fonetikası
5. Türkcədə elmi istilahlar yaratmaq məsələsilə əlaqədar olaraq dil və şöbələrinin morfolojisi
6. Türk dili və şöbələrinin başqa dillər və şöbələr ilə moğol, fin, uyğur dilləri ilə əlaqəsi
7. Türk xalqlarının və tayfalarının indiki dini soruları
8. Türk xalq və tayfalarının tarixi
9. Türk millətlərinin əlifbası; a) ərəb əlifbası, b) moğol əlifbası, c) rus əlifbası, ç) latın əlifbası, d) akademi əlifbası
10. Türk dillərinin imlası
11. Türk dillərinin üsul-tədrisi
12. Türk dillərinin istilahları
13. Türk millətləri içərisində inqilab hərəkatı tarixi
14. Təşkilat məsələləri
Söz yox ki, qurultay əsnasında bu məsələlərin tədil və təqribi mümkündür. Lakin əsas olaraq bu məsələlər qurultayın qarşısında durmaqdadır.
Əksinə bu qədər əhəmiyyətli və qızğın məsələlərin cümləsinin həyata keçməsini bir qurultaydan gözləmək olmaz. Bunların həlli üçün daha çox sənələr gərək çalışılsın, tədqiqat yapılsın. Müzakirat və tənqidlər olsun və dəfələrlə böylə qurultaylarda müzakirə olunsun.
Qurultayın əhəmiyyəti buradadır ki, orada bu məsələlər qəti olaraq qoyulacaq. Əldə edilən nəticələr bir yerdə bulunub müzakirat əsnasında meydana çıxacaq. Müxtəlif görüşlər məlum olacaq. Bu məsələlərlə maraqlı olanlar biri-birisilə görüşüb eyni işlərdə hər kəsin fikrini və əldə edə biləcəyi nəticələrlə tanış olacaq, gələcəkdə burada qoyulan məsələlərin tədqiqatı üçün mümkün mərtəbəyə doğru yollar təmin ediləcək və ümumiyyətlə türkoloji elmlərlə məşğul olanlara yeni bir həvəs və vəqr veriləcəkdir. Birinci Tükoloji Qurultayın Azərbaycan paytaxtında çağırılması biz azərbaycanlılar üçün bir tərəfdən böyük bir şərəfdir. O biri tərəfdən bu hadisə bizim üzərimizə ağır bir vəzifə qoyur ki, o da qurultayda müzakirəyə qoyulan məsələlərə hazırlanıb əməli bir surətdə orada iştirak etməkdir. İndidən qəzetə, jurnallar sütunlarında müzakirəyə qoyulan məsələlər haqqında müzakirat başlamalı və bugünkü günə indidən hazırlanmalıdır.
Türkoloji Qurultay türk millətlərinin mədəniyyət sahəsinə girdiyində bir canlı nümunədir. Və Qurultayın təsisini ələ alan Azərbaycan xalqı, Azərbaycan ziyalıları qüvvəyi bir imanla bu yolda hər cürə fədakarlığa hazırlanmalıdırlar.
Müxtəlif türk ellərindən müsafir gələn qonşularımız buradan əsri-mədəniyyəti yüksəltməyə qalxan və öz mövcudiyyətini dünya nəzərində göstərməyə çalışan Azərbaycan xalqının qüvvətli iradəsini hiss etməlidirlər.
Əhməd Cavad,
"Maarif və mədəniyyət”
jurnalı 1925-ci il №2 (22)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb