I Bakı Türkoloji Qurultayı Azərbaycan mətbuatında

Akif Aşırlı
1926-cı il fevralın 26-dan martın 6-dək davam edən I Bakı Türkolojin Qurultayının 90 ili tamam olur. Müstəqil Azərbaycan dövlətini tarixi irs və varislik prinsipləri üzərində inkişaf etdirən Prezident İlham Əliyev bu qurultayın tarixi əhəmiyyətini nəzərə alaraq sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ölkənin elm, təhsil, mədəniyyət ocaqlarında silsilə tədbirlər, elmi-praktik konfransların keçirilməsi planlaşdırılıb. I Bakı Türkoloji Qurultayın Azərbaycan jurnalistikası tarixində də böyük əhəmiyyəti var. Latın əsaslı yeni türk əlifbasına keçid, ədəbi dilin formalaşması, çap nəşriyyat işinin Avropa standartlarına uyğunlaşdırılması və terminologiyadan istifadə qaydaları, ortaq türkcənin yaradılması kimi böyük əhəmiyyəti olan məsələlərin müzakirəsi və qurultayın qərarları jurnalistikanın inkişafına böyük töhfələr verdi. Qurultay haqqında Azərbaycan, Türkiyə və digər türk cümhuriyyətlərinin alimləri müxtəlif istiqamətdə elmi tədqiqat aparıb, monoqrafiya və kitablar nəşr etsələr də, Azərbaycan mətbuatının bu sahədəki fəaliyyəti araşdırılmayıb. Qurultayın stenoqramları rusca tərtib edildiyindən, türk dilinin müxtəlif qruplarında oxunan məruzələr stenoqrafik hesabatlardan kənarda saxlanılıb. Dünyanın məşhur türkoloqlarının, dilçilərinin Azərbaycan mətbuatına verdikləri müsahibələr, təəssüratlar qurultay barədə daha geniş faktların əldə olunmasına yardım edir.
Qeyd edək ki, ruscadan tərcümə olunan stenoqrafik hesabatlarla məruzəçilərin mətbuatda çap olunan məruzələri arasında fərqliliklər mövcuddur. Bütün bunları nəzərə alıb I Bakı Türkoloji Qurultayı barədə Azərbaycan mətbuatındakı yazıları sistemli şəkildə oxuculara və türkoloqlara çatdırırıq.
(Əvvəli ötən sayımızda)
                                                                                 Qurultayın birinci islası
Yoldaş Ağamalıoğlu: "Azərbaycanda sosialist Şura Cümhuriyyətinin mərkəzində, dünyada birinci Türkoloji Qurultayını açılmış elan ediyorum. İşə keçmədən əvvəl qeyd etməliyəm ki, xanların, məsuliyyətsiz dərəbəylərin sonra da Rusiya istibdadının zalımı əlində qalmış olan Azərbaycan əməkçiləri ilk dəfə oktyabr inqilabından sonra fəaliyyət sahəsinə atılaraq öz müqəddəratını öz arzusuna müvafiq qurmağa başlamışdır. Böyük rusiya inqilabının meydana atmış olduğu təyini müqəddərat hüququ artıq həyata keçiriliyor. Bu gün azərilər, türkmənlər, özbəklər və sabiq Romanov imperiyası dairəsində yaşayan bütün millətlər indi azad yaşayır. Düşünür. Və çalışırsa, bu ancaq oktyabr inqilabının nəticəsidir. Ona görə biz hər işi başladıqda proletar inqilabının mübarizə caharı və xüsusi dahi rəhbəri olan Lenini yad etməliyiz (hamı ayağa qalxır).
Sonra Ağamalı oğlu yoldaş Azərbaycan əməkçiləri tərəfindən qurulyatı təbrik edərək bütün türk - tatar əməkçilərini ilk dəfə bir yerə toplaşaraq növbədə duran mədəni məsələlərini həll etmək imkanı bulduqlarını və bundan dolayı bu qurultaın tarixi bir hadisə olduğu qeydlə Lermontovu məşhur şeirini misal çəkərək deyirlər: Rusiya inqilabının dalğaları Şərqi feyziyab etmişdir. Və indi artıq Şərq uyumayır. Bəlkədə yaradıcılıq dövrünə girmişdir.
Şuralar ittifaqı dairəsində yaşayan türklər indi ikiqat çalışaraq köhnədən itirmiş olduqlarının yerini də doldurmalıdırlar. Bunun üçün isə öz tarixlərinin, öz keçmişlərinə söykənməlidirlər. Qurultayın müzakirəsində qeyd olunan məsələr qarşımzıdakı vəzifələri göstəriyorlar. Bu məsələləri elm tərəfdən işıqlandırsaq müvəffəqiyyətlə həll olunmaları təmin edilir. Bir çox milyonlarca əhalisi həm xaricilərin zülmü həm də öz mövhumatları altında boğulmaqda olan şərqin qapısında milyonlarca əməkçilərin mədəni tərəqqisinə hüququ bir elmi əsas vermək bütün şərqi hərəkətə gətirmək deməkdir. Şuralar ölkələrinin türk- tatarları öz həyatlarını düzgün bir surətdə qurmaqla yaşamış qardaşlarının da hərəkətə gətirilər. Fəqət, qurulyatın əhəmiyyəti yalnız bundan ibarət deyildir. Türkoloji elminə zəngin ədəbiyyat verməsi daha mühüm bir işdir. Dünyada heç bir qurultay geniş kütlənin diqqətini bu qədər cəlb etməmişdir. Odur ki, biz bu qurultaydan mümkün olan qədər çox fayda çıxartmalıyıq. Ona görə hər məsələ haqqında veriləcək olan məruzələr qısa və aydın olmaqla tənqidlər də ciddi və elmi olmalıdır.
Bu xüsusda mən əlifba məsələsi kibi mübahisəli bir məsələyi nəzərdə tuturam. Məlumunuz olduğu üzrə bu barədə iki rəy var: birincisi ərəb əlifbasının islahı. Digəri də yeni əlifba tərəfdarları. Bu məsələdəorta bir yol yoxdur. Odur ki, bu məsələ elmi surətdə işıqlandırılmalıdır. Qurultay hər dürlü müşkülata baxmayaraq, qarşısında duran məsələlər müvəffəqiyyətlə həll edəcəkdir.
Yaşasın I Türkoloji qurultayı, yaşasın əmək azadlığı nöqteyi nəzəri ilə çalışan ümumalimlər!
"Kommunist” qəzeti 28 fevral 1926-cı il. № 50
Azərbaycanda Türkoloji qurultay
Bu gün də turkoloji qurultay davam edir. Ümumiyyətlə, onlarla nümayəndə qurultayda iştirak edəcəkdir. Qurultay Bakıda "Maarif sarayı”nda keçirilir. Saray buna görə varaqlar və şüarlarla donadılmışdır. Sarayın dəhlizlərində də şüarlar asılıb. Bundan əlavə, Yeni Türk Əlifbası komitəsinin, Azərbaycan Dövlət Nəşriyyatının və "Yeni Yol” qəzetinin də açılışı olub. 50 il ərzində mətbuatın inkişafını göstərmək üçün mətbuat sərgisi də açılmışdır. İstanbul Darülfünun və Leninqrad şərqşünaslıq cəmiyyətləri bu sərgidə türk nəşriyyatına aid materiallar göstərmişdir.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Şərqşünaslıq Cəmiyyəti "Yeni Əlifba Uğrunda Mübarizə” adlı bir məcmuə çıxarmışdır. Azərbaycan xalqı, xüsusilə türklər arasında bir sevinc vardır. Qurultaya 300 dən artıq qonaq dəvət olunub.
Xarici nümayəndələr gəldilər
Türkoloji qurultaya dəvət edilmiş xarici qonaqların bir çoxu Bakıya gəlmişdir. Əli bəy Hüseynzadə qəzetə müxbirlərinə verdiyi müsahibəsində: "Uzun illər ayrıldığım Azərbaycana gəlirkən dərin sevinc duydum. Türkoloji qurultay mühüm bir hadisədir. Şuralar hökuməti elm və fənn üçün böyük bir fəaliyyət sərf etməkdədir. Qurultaydakı müzakirələr türkoloji elmi üçün faydalı olacaqdır” - demişdir.
Köprülüzadə Fuad bəy qurultayın Türkiyədə əhəmmiyyətli tələqqi edildiyini və özü tərəfindən idarə edilməkdə olan bir türkoloji müəssisənin Türkiyədə açıldığını və bu müəssisənin türkolojiyə aid "Türkiyyat” adı ilə bir məcmuə çıxartmaqda olduğunu söyləmişdir.
Professor Messaroş: "Türkoloji qurultayın elm aləmində əhəmiyyətli mövqeyini qeyd etdikdən sonra Şura Azərbaycanında gördüyü gözəlliklərdən və mədəni həyatdan bəhs edərək qurultay başladıqdan sonra bir müddət burada qalıb tədqiqatda bulunacağını söyləmişdir”.
Tatarıstan Cümhuriyyəti tərəfindən Birinci Türkoloji Qurultayına Alimcan İbrahimovun sədarəti altında, Abbas Maqsuduv (riyaziyyatçı) Sədi Əbdülrəhman (tarixşünas), Nəmat Həkimov (lisançı), İbad Əliyarov (hürufat mütəxəssisi), Şərəf Əlimcan (lisançı) və Əli Rəhim (ədəbiyyat tarixçisi) olmaqla 6 nəfər nümayəndə gəlmişdir.
Başqırdıstan Cümhuriyyəti tərəfindən nümayəndə olaraq İdelqujin Kərim, Qabitov Xabulla və Bilalattinov, Zakir Şakirov Bakıya gəlmişlərdir.
Özbəkistan Cümhuriyyəti tərəfindən dəxi Türkoloji Qurultaya 7 nəfər nümayəndə heyyəti gəlmişdir.
Moskva tərəfindən nümayəndə olaraq professor Başkirov və Şamxalov Bakıya gələcəklərini bildirmişdirlər.
"Yeni fikir” qəzeti 26 fevral 1926-cı il № 1026
Bakıda Türkoloji qurultay ətrafında
Xarici nümayəndələrin gəlməsi
Türkoloji Qurultaya dəvət edilən professorlardan (Əli bəy Hüseynzadə, Köprülüzadə Fuad, Messoroş, Bartold, Menzel) dünən Bakıya gəlmiş və stasionda müxtəlif təşkilatlar və qəzetə nümayəndələri tərəfindən alqışlanmışdılar.
Qəzetə tərəfindən professorlar ilə müsahibə edən mühərririmizə Əli bəy Hüseynzadə "uzun illərdən sonra ayrıldığı Azərbaycana gəlirkən dərin sevinc duyduğunu söyləmiş, Türkoloji Qurultayın çox əhəmiyyətli bir hadisə olduğunu, şuralar hökumətinin elm və fənn üçün sərf etdiyi və fəaliyyətin böyüklüyünü anladaraq qurultaydakı müzakirələrin türkoloju elmi üçün faydalı olacağını” bildirmişdi.
Köprülüzadə Fuad bəy "Qurultayın Türkiyədə də əhəmiyyətlə təqib edildiyini və hətta Türkiyədə özü tərəfindən idarə edilməkdə olan bir türkoloji müəssisənin Türkiyədə açıldığını və bu müəssisənin türkolojiyə aid "Türkiyyat” adı ilə bir məcmuə çıxartmaqda olduğunu söyləmişdir”.
Professor Fuad bəy Türkiyədə dəxi əlifba məsələsinin hətta 15 ildən bəri müzakirə və münaqişə edilməkdə olduğunu və gələcək ildə maarif vəkalətinin bu iş üçün xüsusi bir komisionun təşkil edəcəyini, burada bulunduğu müddətcə və qurultayın müzakirələrindən vaxt qazandıqca müxtəlif mövzularda kofranslar verə biləcəyini də əlavə etmişdir.
Professor Messoroş "Türkoloji Qurultayının elm aləmindəki əhəmiyyətini qeyd etdikdən sonra Şura Azərbaycanında gördüyü gözəlliklərdən və mədəni həyatdan bəhs edərək, qurultay müzakirələri bitincə burada bir müddət qalacağını və tədqiqat işləri ilə məşğul olacağı arzusunda olduğunu söyləmişdir. Professor Messoroş özünün etnoqrafiya mütəxəssisi olduğunu və Çuvaşlara aid bir çox tədqiqlərdə bulunduğunu, onların xalq ədəbiyyat və mədəniyyətini göstərən böyük bir əsər meydana gətirdiyini, latın əlifbasının elmi tədqiqlərdə əsas olaraq qəbul və tədqiq edilməkdə bulunduğunu da anlatmışdı”.
Professorlar qurultay üçün iki böyük sandıqda gərək türkolojiyə, gərəksə digər elmlərə aid bir çox kitablar gətirmişdilər.
Dünən Tatarıstan Cümhuriyyəti tərəfindən Birinci Türkoloji Qurultayına İbrahimov Əlimcan sədarəti altında Abbas Maqsudov (riyaziyyatçı) Sədi Əbdülrəhman (tarixşünas), Nemat Həkimov (lisançı), İbad Əliyarov (hürufat mütəxəssisi), Şərəf Əlimcan (lisançı) və Əli Rəhim (ədəbiyyat tarixçisi) olmaqla 6 nəfər nümayəndə gəlmişdir.
Bu gün isə Tataristan Cümhuriyyətindən nümayəndə olmaq üzrə "Qızıl Tatarıstan” qəzetəsinin müdiri Adna Quluyov yoldaş da Bakıya gələcəkdir.
Dünən Başırdıstan cümhuriyyəti tərəfindən nümayəndə olmaq üzrə İdilqujin Kərim, Qabitov Xabulla və Bilaltinov yoldaşlar da Bakıya gəlmişlərdi. Dünən Özbəkistan Cümhuriyyəti tərəfindən Türkoloji qurultaya 7 nəfər nümayəndə heyəti gəlmişdir.
Türkoloji qurultay münasibəti ilə Moskva Baş Elmi İdarəsi yanında Şimali Qafqaziya dillərini araşdıran komitə tərəfindən türkoloji qurultayda iştirak etmək üçün göndərilən professor Jirqov və Yumankilov ayın 23-də Moskvadan yola düşdüklərini teleqrafla bildirmişdirlər.
Moskva tərəfindən nümayəndə olaraq professor Proqrofiyev və Şamxalov Bakıya gələcəklərini qurultay təşkilat bürosuna bildirmişlərdir.
24 fevral 1926-cı il № 47 "Kommunist” qəzeti
(Davamı gələn sayımızda)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb