Tatar kəndlisi qurultay haqqında
I Bakı Türkoloji Qurultayı Azərbaycan mətbuatında
Akif Aşırlı
Tatar kəndlisi qurultay haqqında
(Əvvəli ötən sayımızda)
1926-cı il fevralın 26-dan martın 6-dək davam edən I Bakı Türkolojin Qurultayının 90 ili tamam olur. Müstəqil Azərbaycan dövlətini tarixi irs və varislik prinsipləri üzərində inkişaf etdirən Prezident İlham Əliyev bu qurultayın tarixi əhəmiyyətini nəzərə alaraq sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ölkənin elm, təhsil, mədəniyyət ocaqlarında silsilə tədbirlər, elmi-praktik konfransların keçirilməsi planlaşdırılıb. I Bakı Türkoloji Qurultayın Azərbaycan jurnalistikası tarixində də böyük əhəmiyyəti var. Latın əsaslı yeni türk əlifbasına keçid, ədəbi dilin formalaşması, çap nəşriyyat işinin Avropa standartlarına uyğunlaşdırılması və terminologiyadan istifadə qaydaları, ortaq türkcənin yaradılması kimi böyük əhəmiyyəti olan məsələlərin müzakirəsi və qurultayın qərarları jurnalistikanın inkişafına böyük töhfələr verdi. Qurultay haqqında Azərbaycan, Türkiyə və digər türk cümhuriyyətlərinin alimləri müxtəlif istiqamətdə elmi tədqiqat aparıb, monoqrafiya və kitablar nəşr etsələr də, Azərbaycan mətbuatının bu sahədəki fəaliyyəti araşdırılmayıb. Qurultayın stenoqramları rusca tərtib edildiyindən, türk dilinin müxtəlif qruplarında oxunan məruzələr stenoqrafik hesabatlardan kənarda saxlanılıb. Dünyanın məşhur türkoloqlarının, dilçilərinin Azərbaycan mətbuatına verdikləri müsahibələr, təəssüratlar qurultay barədə daha geniş faktların əldə olunmasına yardım edir.
Qeyd edək ki, ruscadan tərcümə olunan stenoqrafik hesabatlarla məruzəçilərin mətbuatda çap olunan məruzələri arasında fərqliliklər mövcuddur. Bütün bunları nəzərə alıb I Bakı Türkoloji Qurultayı barədə Azərbaycan mətbuatındakı yazıları sistemli şəkildə oxuculara və türkoloqlara çatdırırıq.
Tatar kəndlisi qurultay haqqındaTatarıstan Ciyəstan qəzası Mislin dairəsində Mislin kəndindən Türkoloji qurultaya könüllü olaraq öz xərci ilə gəlmiş olan kəndli (əkinçi) Ələddin Müslümoğlu yoldaş müxbirimiz ilə müsahibəsində demişdir: "Türkoloji qurultay məsələsi meydana atıldıqda bu məsələ ilə maraqlanan və ona əhəmiyyət verənlər çox oldu. Hər kəs bu qurultayı görmək istəyirdi. Məndə bu qurultayla maraqlandım. Fəqət, nümayəndə olmadığım üçün bir at satıb yol pulu olaraq sərf etdim. Bakıya Türkoloji qurultayı görməyə gəldim. Məni buraya çağıran yox, bəkləyən yoxdur. Fəqət bir kəndli olduğum üçün qonaq sifəti ilə olsa da qurultayın hər iclasında iştirak etməyimə müsaidə edildi. Buna görə də qurultayı çağıran mandat komisyonuna təşəkkür etmək böyük bir ricamdır. Qurultay haqqında onu deyə bilərəm ki, qarşısında qoyduğu ümdə və əsas məsələ kütləyə yaxınlaşmaqdan ibarət idi. Bu isə ən doğru sağlam bir nəzəriyyədir . Bu nəzəriyyəni həyata keçirmək və kənd xalqına yaxınlaşaraq kənd əhalisini oxutmaq üçün çalışmaq lazımdır. Bütün istilahların mənbəyi kənd olduğu üçün dil məsələsində kənd əhalisinə daha da yaklaşmaq lazımdır.
Əlifba məsələsinə gəlincə onu deyə bilərəm ki, ərəb əlifbası türk - tatar dillərinə uyğun olmadığı və bu xüsusuda çoxdan bəri münaqişə və mübahisələr olduğu üçün bugünkü latın əlifbası xalq üçün ən asan və ən əlverişlidir. Bu gün olmaz isə sabah qəbul olunacaq. Və türk- tatar xalqları arasında büsbütün həyata keçiriləcəkdir.
Sonra öz kəndlərinin vəziyyəti haqqında danışan Ələddin yoldaş demişdir ki, əhalinin iqtisadi vəziyyəti və əkin işləri yüksəlmişdir. Keçmiş zamanlarda bir çox yerlər əkinsiz qaldığı halda indi bir parça da yer əkilməmiş qalmayır. Fəqət, kənd təsərrüfatı işçiləri əski və ibtidası üsul ilə gedir. Və hələlik kəndimizdə traktorumuz yoxdur. Lakin bu il gətiriləcəkdir
"Kommunist” qəzeti 9 mart 1926-cı il. № 58
Nəsimi haqqında professor Koprülüzadə ilə müsahibə
Nəsiminin azərbaycanlı olması haqqında azəri müəlliflərindən Salman Mümtaz yoldaş tərəfindən gərək mətbuatda, gərək türkoloji qurultayında yayılan iddia üzərinə, müxbirimiz professor Köprülüzadə ilə müsahibədə bulunmuşdu.
Professor Köprülüzadə müsahibəsində belə demişdi: "Nəsiminin haralı olması hələ tarixdə müəyyən deyildir. Bunun haqqında yazılmış bir çox əsərlərdə, bulunan vəsiqələrdə bir-birinə bənzəməz qeydlər göstərilməkdə olduğundan indiyə qədər böyük şairin məmləkətini təyin etmək işi həll edilməmişdir. Bu vəsiqələr arasında Nəsiminin Diyarbəkrdə də doğulduğu bildirilir. Yenə dediyim kimi hələlik qəti bir sübut bulunmamışdır. Tarixdə isə "istidlal” üsulu rədd edilir. Çünki bir şeydən digər bir şeyi çıxarmaq üçün kahinlik yapmaq, kəşflər yapmağa çalışmaq əksəriyyətlə doğru nəticələr çıxarmayıb. Bunun üçün "istidlal” yolu ilə mənalar kəşf edənlər yanılırlar. Biz isə elmi üsula riayət edər və tədqiqlərimizi o yolda yaparız. İştə bundan dolayı yeni və qəti bir vəsiqə tapılana qədər Nəsiminin məmləkətini təyin etmək doğru deyildir və xətadır.
Nəsiminin həyatının ən çox qismi İran Azərbaycanında keçmişdir. Bundan başqa Şimali Suriyada yaşamışdır. Anadoluda bir müddət qaldığı da ehtimal verilməkdədir.
Fəzlullah Hürufinin xəlifələrindən olan Nəsiminin şəxsiyyəti, ədəbiyyəsi çox qüvvətli idi. Azəri ləhcəsi işlənən Nəsiminin təsiri əsirlərcə bir çox şairlərə və ümumiyyətlə cağatay, Anadolu azəri ləhcələrinə hakim olmuşdur.
Xüsusi ilə Nəsiminin təsiri altında türkcə zəngin və geniş bir hürufi ədəbiyyatı doğmuşdur. Sənəti yüksək olan bu böyük şairin sənətinə, şeirlərinə və təsirlərinə hürufiliyin Türkiyəyə intişarı ilə hürufi ədəbiyyatına aid yapdığım tədqiqlər kitab halında yaxın zamanlarda Türkiyədə basılacaqdır. Bundan əvvəl yəni 1923-ci ildə İstanbulda darülfünün ədəbiyyat kütləsi naminə çıxan məcmuənin bir nömrəsində "Anadoluda islamiyyət” sərlövhəsi ilə üzun bir tədqiqimdə Nəsimi haqqında qismən məlumat vermiş idim. Fəqət burasını qeyd etməliyəm ki, bu gün əldə olunan müxtəlif vəsiqələrə dayanaraq Nəsiminin qəti olaraq məmləkətini təyin etmək mümkün deyildir. Bunun üçün yeni bir vəsiqə bəkləmək lazımdır. Bir çox əsərlərdə də Nəsiminin təvəllüdünün tarixi də yanlış göstərilir.
Quliyev yoldaşın nitqi
Birinci nitqi irad etmiş yoldaş Quliyev Şuralar İttifaqında və xaricindəki türk xalqlarının nümayəndələrini təbrik edərək dedi: "Çar hökuməti Azərbaycanda hər bir canlı fikiri təqib edərək kütlələrin cəhalət və təəssübünü təşviq etdiyinə görə, türk-tatar millətləri nümayəndələrini Azərbaycanda təbrik etmək çox böyük şadlıqdır. Burada ülum və fünun akademiyası nümayəndələrini görürəm. Bütün elmi idarələrimiz xalq kütlələrinə yanaşmış bulunurlar. Ümidvaram ki, bu idarələr kütlələrə doğru daha yaxınlaşmış olacaqlar”.
Pavloviç yoldaşın nitqi
Türk-tatar xalqlarının təşəbbüsü üzrə çağrılmış olan ilk Türkoloji Qurultayı türk xalqlarının hersi inkişafı tarixinin ən şanlı səhifəsini təşkil edir. Qurultay köhnə ərəb əlifbasını qəti surətdə dəfn etdi və kimsə onu müdafiə etmədi. Azərbaycan, Çeçenistan, Qaraçay, Osetiya, Şimali Qafqasiya və başqa yerlərində qalib gəlmiş olan yeni əlifba qurultayın fəaliyyəti nəticəsində türk-tatar cümhuriyyətlərinin həpsinə doğru və sonra bütün islam aləminə doğru yürüyəcəkdir. Yaşasın latın əlifbası yolundakı hərəkat rəhbəri Ağamalıoğlu. Yaşasın onun yaratdığı ərkan hürriyəsi, Azərbaycan tədqiq və tətöbbü cəmiyyəti.
Professor Korpuluzadənin nitqi
"Türkoloji qurultayının bütün Şərq elm aləmi üçün böyük əhəmmiyyəti vardır. Türkiyə cümhuriyyəti ilə Şuralar ittifaqı arasında mövcud siyasi dostluq, hər iki ölkənin elm və hers sahəsində əməkdaşlıqda bulunmalarına müvafiqət etdi”.
Professor Əli bəy Hüseynzadənin nitqi
İskəndər Zülqərin Fuçi içərisində oturmuş olan Dibojeni ziyarət edərkən o bu sözləri söyləmişdi: "Məndən nə istərsən istə, verəcəyəm”. Dibojen söyləmişdi: "Günəşi kəsmə, başqa bir şey istəmirəm”. Hüseynzadə Petroqradda tələbə olduğu illəri xatırlayır. O zaman Hüseynzadənin yoldaşlarından birisi günəşin qabağını kəsən III Aleksandrı aradan qaldırmaq qərarına gəlmişdi. Odur ki, mərhum Vladimir İliçin böyük qardaşı Aleksandr Ulyanov tərəfindən tərtib edilən sui- qəsddə bulunmaq cəsarətində bulundu. Fəqət sui-qəsd bir nəticə vermədi, bu təşəbbüs bir nəticə verməsə də onun kiçik qardaşı olan mərhum Lenin doğmaqda olan yeni günəş qarşısında duran ailələrin hamısını aradan qaldırdı. Xəlifə-sultanı aradan qaldırmış olan inqilabçı Türkiyə xadimləri dəxi böylə hərəkətdə bulundular. İndi artıq günəş sərbəst surətdə öz özünü proletar və zəhmətkeş üzərinə saçmaqdadır.
Şuralar İttifaqı Qərbi geridə buraxmışdır. Tarix Şuralar İttifaqının yolu ilə yürüməyi Qərbə əmr etməkdədir. Avropa bu yol ilə mühəqqəq gedəcəkdir. Biz bu xüsusda çoxlarından irəlidə yürüyürüz.
Əli bəy Hüseynzadə öz piyaləsini qaldırarkən Leninin başladığı işi davam etdirən xadimlərin sağlığına içir.
Professor Burozdinlə müsahibə
Türkoloji qurultay bitmədən Moskvaya qayıtmaq məcburiyyətində qalan professor Burozidin müxbirə verdiyi müsahibədə söyləmişdi: "Türkoloji qurultay əhəmiyyətli təsir buraxmışdı. Türk-tatar nümayəndələrinin mədəniyyət quruluşu məsələlərini birlikdə həll etmək üzrə qurultaya gəlmələri ələlxüsus əhəmiyyətlidir.
Qurultay alimlərlə elmi xadimlərin sıx əməkdaşlığı şüarı altında keçdi. Qurultay bayrağına elm ilə zəhmət sözləri yazılmış kimidir. Azərbaycanın incəsənət sahəsində əldə etdiyi müvəffəqiyyətləri qeyd etməmək mümkün deyil. Mən neçə dəfə türk teatrosunda bulundum və gənc türk teatrosunun çoxlu müvəffəqiyyətlər əldə etdiyini öz gözümlə gördüm”.
"Yeni fikir” qəzeti 6 mart 1926-cı il № 1033