“Bakı Metropoliteni” “Dəmir Yolları”nın balansına verilsə daha effektli olar
Əksər ölkələrdə metropoliten dəmir yolları idarələrinin balansında fəaliyyət göstərir. Bu baxımdan Azərbaycan mediasında "Bakı Metropoliteni”nin "Azərbaycan Dəmir Yolları”na birləşdirilməsinin vacibliyi barədə məlumatların gündəmə gətirilməsi təsadüfi deyil. Bu prosesin ölkədə start götürəcək struktur islahatları zamanı gerçəkləşəcəyi söylənilir.
Hazırda "Azərbaycan Dəmir Yolları”nda ciddi işlər aparıldığını deyən millət vəkili Fəzail Ağamalı isə deyib ki, Cavid Qurbanovun vəzifəyə təyin olunması bu sahədə mövcud problemlərin aradan qaldırılmasında son dərəcə mühüm rol oynamaqdadır. Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində aparılan təmir-tikinti işləri yüksək səviyyədə həyata keçirilir: "Ən azı Kütləvi İnformasiya Vasitələrindən aldığımız informasiyalar bunu deməyə əsas verir ki, "Azərbaycan Dəmir Yolları”nda ciddi dəyişikliklər baş verməkdədir”.
Millət vəkili eyni zamanda "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində də uğurlu fəaliyyətdən söz açıb: "Bakı Metropoliteni” öz işini müvəffəqiyyətlə qurur, hər hansı problem görmürük”.
Metropolitenin "Dəmir Yolları”nın balansına verilməsi məsələsinə gəlincə, millət vəkili zərurət yarandığı təqdirdə bunu istisna etməyib: "Gələcəkdə zərurət olarsa, "Bakı Metropoliteni”nin "Azərbaycan Dəmir Yolları”na birləşdirilməsi baş verə bilər”.
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə deyib ki, dünyanın əksər ölkələrində şəhər ictimai nəqliyyatı meriyanın nəzdində fəaliyyət göstərir. Metro da həmin quruma tabedir. Hətta dəmiryol qatarları da sərnişindaşımada iştirak edir. Xatırlayırsınızsa,
Azərbaycanda da əvvəllər Abşeron yarımadası və Sumqayıt sərnişin daşınmasında elektrik qatarlarının çox böyük rolu olub. Hansı ki, həmin qatarlar yenidən bərpa olunur.
Metropolitenin "Dəmir Yolları”nın balansına verilməsinə gəldikdə isə S.Məmmədov deyib ki, həmin məntiqlə tramvayları da "Dəmir Yolları”nın balansına vermək olar, hətta monorelslərin birləşdirilməsi də mümkündür. Sadəcə olaraq, infrastrukturu dərindən mənimsəyib, uğurlu variantı tapmaq lazımdır: "Əgər bu birləşmə Metropolitenin inkişafına təkan verəcəksə, niyə də olmasın? Amma zənnimcə, bütün ictimai nəqliyyat vahid bir quruma tabe olsa, daha effektiv nəticələr əldə etmək olar. Avropa ölkələrində olduğu kimi ictimai nəqliyyatda da vahid ödəniş sistemi tətbiq edilməlidir. Bir kartla metrodan, avtobusdan, tramvaydan, funikulyordan, hətta çay nəqliyyatından belə istifadə etmək olur. Amma Azərbaycanda ictimai nəqliyyatın müxtəlif qurumlara tabe olması bizdə vahid ödəmə sisteminin tətbiqinə imkan vermir. Çünki hər şirkətin öz kommersiya maraqları var. Dünyada isə bütün növ ictimai nəqliyyat şəhər meriyasının bir departamentidir. Tam olaraq, Metropolitenin "Dəmir Yolları”nın balansına verilməsinin əleyhinə də deyiləm. Səmərəlilik göstəricilərini əsaslandırmaqla bu proses həyata keçirilə bilər”.
Şəymən