İdman jurnalistikası...

Magistraturada jurnalistikanın bu qolu ayrıca ixtisas kimi tədris olunacaqƏflatun Amaşov: “Bakalavr pilləsində bu ixtisaslar tədris olunsa, daha effektli nəticə verə bilər”
Məzahir Süleymanzadə: "Təmənnasız olaraq, idman jurnalistikasına aid bilik və bacarıqlarımı magistrlara öyrətməyə hazıram”
Natiq Muxtarlı: "O kadrlar idman sahəsinə üz tutacaqlar? Bax, bu suala cavab verməkdə çətinlik çəkirəm”
Jurnalistikanın ən önəmli qollarından biri də idman jurnalistikasıdır. Ayrı-ayrı ölkələrdə jurnalistikanın bu növü xüsusi bir sahə kimi öz inkişaf yolunu tutub. Ancaq Azərbaycanda idman jurnalistikası ilə bağlı müəyyən problemlər var. Daha doğrusu, bəzi ekspertlər hesab edir ki, idman mətbuatı digər sahə jurnalistikasının kölgəsində qalıb. Qeyd etmək lazımdır ki, müəyyən çatışmazlıqlara rəğmən son dövrlər Azərbaycan idman mətbuatında tərəqqi hiss olunur. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, portallar TV-lər fəaliyyət göstərir. Bu ildən isə idman jurnalistikası ayrıca ixtisas kimi tədris olunacaq.
Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı artırılıb. Nazirlər Kabineti bununla bağlı "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ında dəyişiklik edib. Dəyişikliyə əsasən Humanitar və sosial ixtisaslar qrupu üzrə jurnalistikada "idman jurnalistikası”, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə bədən tərbiyəsi və idmanda "idman tibbi və reabilitasiya” ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sırasına daxil edilib. Eyni zamanda bədən tərbiyəsi və idmanda "bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” ixtisasının isə adı dəyişdirilib, "bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” ixtisası adlandırılıb.
Magistratura pilləsində idman jurnalistikası ixtisasının tədrisi məsələsinə münasibət bildirən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov hesab edir ki, idman jurnalistikası ixtisası bakalavr pilləsinə də daxil edilsə, bu, daha faydalı olar.
Onun sözlərinə görə, idman jurnalistikasının inkişafı üçün uzun müddət Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi ilə geniş müzakirələr aparılıb: 
"Bu sahədə ixtisaslaşma olarsa, jurnalistika gerçəkliyi daha dolğun əks etdirə bilər. Tələbələr jurnalist olaraq, öz sahələrini daha dərindən öyrənmiş olar. BDU-nun adını çəkməyimizin səbəbi bu sahənin əsas mərkəzinin həmin ali təhsil ocağı olmasıdır. Jurnalistika fakültəsinin demək olar ki, tam şəkildə qəbul olan tələbələr həmin fakültədə qərarlaşır. Orada diplomlar yazılarkən, təəssüf ki, yalnız "Jurnalist” olaraq qeyd olunur.
Düzdür, fakültədə Televiziya və Radio Jurnalistikası, Nəzəriyyə və Təcrübə, Mətbuat tarixi və İdeoloji iş, Beynəlxalq jurnalistika kimi kafedralar fəaliyyət göstərir. Həmin kafedralara uyğun bir çox fənlər tədris edilsə də, ixtisaslaşma kifayət qədər dərindən həyata keçirilmir. Düzdür, yeni yaranmış onlayn jurnalistika da tədris olunur. Ancaq mənə elə gəlir ki, ixtisaslaşma daha dərin olmalıdır. Magistratura pilləsinə gəldikdə isə burada daha çox elmi sahələr tədris edilir. Televiziya və Radio nəzəriyyəsi, Publisistika, Jurnalistika nəzəriyyəsi, Beynəlxalq Jurnalistika, Mətbuat tarixi və İdeoloji işlə əlaqədar ixtisaslar var. Lakin idman kimi bir ixtisası magistratura pilləsinə çıxarmazdan əvvəl bakalavrda tədrisi daha yaxşı olardı. Bu ixtisasa sahib olan insanlar elə tələbə partası arxasında, auditoriyada nəzəri baxımdan öz biliklərini zənginləşdirib, təcrübi baxımdan isə televiziya, radio proqramlarında, qəzetlərdə, onlayn jurnalistika sahələrində çalışa bilərlər. Ona görə, düşünürəm ki, bakalavr pilləsində bu ixtisaslar tədris olunsa, daha effektli nəticə verə bilər”.
İxtisasların genişləndirilməsi ilə bağlı müzakirələr aparıldığını deyən Ə.Amaşovun fikrincə, bakalavr pilləsində yeni sahələr olan sosial şəbəkələr, onlayn jurnalistika ilə bağlı dərslər keçilirsə də, magistr pilləsində elmi cəhətdən bunlar öyrədilmir: 
"Araşdırma jurnalistikası kimi vacib sahə magistratura pilləsində öyrədilə bilər. Rusiyada, Ukraynada, digər inkişaf etmiş ölkələrdə elmi jurnalistika adı ilə bu sahə tətbiq olunur. Azərbaycanda isə təəssüf ki, araşdırma jurnalistikası öyrədilmir. Ona görə elmi mövzuda olan yazıları işləyərkən jurnalistlərimiz axsayır, elmin dərinliklərinə vara bilmirlər. Bu məsələlər Mətbuat Şurasında, BDU-nun jurnalistika fakültəsində vacib məqamlar kimi diqqətdə saxlanılır. Çalışırıq ki, yaxın vaxtlarda müəyyən təkliflər hazırlayıb, üzərində işləməklə, Azərbaycanda jurnalistikanın beynəlxalq standartlara uyğunlaşdıraq. Bir müddətdən sonra isə Avropa Şurasının iştirakı ilə Bakıda böyük konfrans keçirmək fikrimiz var. Həmin konfransa yerli mütəxəssislərlə yanaşı, Avropa ölkələrindən, Türkiyədən və digər ölkələrdən də tanınmış mütəxəssisləri dəvət edəcəyik. Məqsədimiz jurnalistikanın tədrisi sahəsində vəziyyəti dəyərləndirib, xarici təcrübəni Azərbaycana tətbiq etməyin faydalarını araşdırmaqdır. Bütün bunlarla bağlı müzakirələr hələ də davam edir. Yenə deyirəm ki, jurnalistika sahəsinin tədrisində ciddi islahatlar aparmalıyıq. İstər müəllimlərin hazırlıq səviyyəsi, istər dərsliklərin və proqramların hazırlanmasında yeniliklərə ehtiyac var”.
Magistratura pilləsində idman jurnalistikasının ixtisas kimi tədris olunmasını müsbət dəyərləndirən əməkdar mədəniyyət işçisi Bakı Futbol Federasiyasının I vitse-prezidenti, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəis Məzahir Süleymanzadə "Şərq”ə açıqlamasında deyib ki, internet saytları meydana çıxana qədər Azərbaycanda 11 idman qəzeti fəaliyyət göstərirdi. Azərbaycan və rus dilində idman sahəsindən yazan bir neçə peşəkar jurnalist vardı: 
"Onu da deyim ki, həmin nəşrlər vaxtı ilə çox populyar idilər. Amma sonradan maddi çatışmazlıq üzündən bir neçəsi öz nəşrini dayandırmaq məcburiyyətində qaldı. Ola bilsin, müəyyən müddətdən sonra yenidən fəaliyyətlərini bərpa etsinlər”.
Azərbaycanın idman ölkəsi olduğunu vurğulayan M.Süleymanzadənin sözlərinə görə, Azərbaycanda idmanın bütün növlərinə, xüsusilə də futbola böyük maraq var. Bu baxımdan müəyyən qədər çatışmazlıqlar olsa da, digər jurnalistika sahələri ilə müqayisədə idman jurnalistikası xeyli öndədir. Əhalinin sayına, idmanımızın səviyyəsinə görə, kifayət qədər idman mətbuatı nəşr olunur. Bu qəzetlər həm idman jurnalistləri yetişdirir, həm də Azərbaycanda idman jurnalistikasının inkişafına öz töhfələrini verirlər. İdman jurnalistlərinin fəaliyyəti məni qane edir: 
"Əslində bu günə qədər yetişən idman jurnalistləri bu sahənin incəliklərini qəzet redaksiyalarında öyrəniblər. Bundan sonrakı mərhələdə magistratura pilləsində idman jurnalistikasının ixtisas kimi tədris olunmasını təqdirəlayiq hal hesab edirəm. Doğrudan da belə bir addıma ciddi ehtiyac vardı. Arzu edirəm ki, idman jurnalistikası sahəsində təcrübəsi olan və bu sahə üzrə əldə etdiyi bilgiləri tələbələrə aşılaya bilən idman jurnalistləri tədris fəaliyyətinə cəlb olunsunlar. Onlar da bu illər ərzində əldə etdikləri məlumatları gənc jurnalistlərlə paylaşsınlar, onlara bu sahənin incəliklərini öyrətsinlər”.
M.Süleymanzadə təklif olunacağı halda gənc jurnalistlərə idman sahəsində əldə etdiyi təcrübələri bölüşməyə hazır olduğunu deyib: 
"Böyük məmnuniyyətlə mən bu tədris prosesində iştirak etməyə hazıram. Bir qəpik maaş belə istəmirəm. Təmənnasız olaraq, idman jurnalistikasına aid bilik və bacarıqlarımı magistrlara öyrətməyə hazıram”.
"Komanda” qəzetinin redaktoru Natiq Muxtarlı da hesab edir ki, idman jurnalistikasının ayrıca ixtisas kimi tədris olunması bu sahədə keyfiyyət dəyişikliyinə gətirib çıxarmalıdır. Onun fikrində qətiliyin olmaması isə ümumilikdə jurnalistikamızda olan problemlərlə bağlıdır:
"İdman jurnalistikası ayrıca ixtisas kimi tədris olunacaq, keyfiyyətli kadrlar hazırlanacaq. Amma o
kadrlar idman sahəsinə üz tutacaqlar? Bax, bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki idman jurnalistikası demək olar ki, diqqətdən kənarda qalıb. Burda qəzet və saytların ciddi maliyyə problemləri daim olub. Əslində, idman jurnalistikasına dəstək Gənclər və İdman Nazirliyindən, AFFA-dan, federasiyalardan gəlməlidir. Bu təşkilatlar idman mətbuatının inkişafına səy göstərməlidirlər. Amma təəssüf ki, bu sahənin inkişafı qurumları maraqlandırmayıb. İdman mətbuatında çox istedadlı imzalar olub ki, məhz maliyyə probleminə görə bu sahəni tərk ediblər. Amma bütün hallarda, inkişaf üçün təhsilin, xüsusən də spesifik təhsilin olması vacibdir. Bu baxımdan yanaşsaq, idman jurnalistikasının ayrıca sahə kimi tədris olunması təqdir edilməlidir. Amma eyni zamanda sabahı da düşünməliyik. Düşünməliyik ki, o istedadlı gənclər təhsillərini başa vurduqdan sonra idman sahəsinə üz tutacaqlar, ya yox... İdman jurnalistikasında bugünkü reallıqları nəzərə alsaq, bu suala "hə” cavabı vermək çətindir. Böyük ehtimalla, təhsilini başa vuranlar telekanallara üz tutacaqlar. Yazılı mətbuat yenə də kasad olacaq. Amma idman jurnalisti kimi püxtələşmək üçün mütləq yol yazılı mətbuatdan keçməlidir”.
(davamı olacaq... )
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb