İki nəfər mədəniyyət kanalının adını çəkdi
Məlum olur ki, Azərbaycan televiziyalarına baxan yoxdur, varsa da xəbərlərə və futbola baxır
Etiraf etməliyik ki, əvvəlki illərlə müqayisədə televiziya kanallarına və proqramlara baxanların sayı azdır. Son dövrlər texnologiyanın, sosial şəbəkələrin inkişafı bu prosesi daha da sürətləndirib. Əvvəllər hansısa verilişi səbirsizliklə gözləyirdiksə, artıq bu hal müşahidə olunmur.
Buna baxmayaraq, müxtəlif TV proqramları izləyən kütlə yenə var. "Şərq” qəzeti olaraq tanınmışlar arasında sorğu keçirərək, onların hansı proqramları və verilişləri izlədiklərini öyrəndik.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, davamlı olaraq xəbərlərdən başqa baxdığı proqramlar yoxdur:
"Əvvəllər ədəbi verilişlər olanda izləyirdik, bir çox müzakirələr gedirdi. Ümumiyyətlə, həftənin müəyyən günlərində tarixlə, ədəbiyyatla bağlı proqramlar verilirdi. Belə proqramları qaçırmamağa çalışırdım.
Amma təəssüf ki, son dönəmlərdə Azərbaycan televiziyalarında belə proqramlar demək olar ki, yox dərəcəsindədir. Bir neçə televiziya kanalı istisna olmaqla, yerdə qalan kanallardakı proqramların nə gündə olduğunu görürsüz. Ya yarışma, ya da didişmə proqramlarıdır. Belə proqramlara baxa bilmirik. Həqiqətən də arzu edərdim ki, Azərbaycan televiziyalarında maarifləndirici verilişlər olsun. Bəlkə həmin verilişlər elə də reytinq gətirməyəcək, amma millətə faydalı olacaq.
"Mədəniyyət” kanalında da yaxşı proqramlar var. Həmin verilişləri izləyirəm. Hərdən"ATV” kanalında əməliyyata imkanı olmayan adamlar var ki, onlara yardım edirlər. İmkansız şəxslər bu kanala müraciət edirlər. Belə proqramlar da izlədiklərim içərisindədir. Yerdə qalan verilişləri izləmək qətiyyən mümkün deyil”.
"Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Azərbaycan telekanallarında davamlı olaraq heç bir proqramı izləmir:
"Ümumiyyətlə, Azərbaycan kanallarına baxanda ürəyim bulanır. Yalnız "İctimai TV” dəki "Dikdaban” verilişi bir az babatdır. Həmin proqrama da mütəmadi olaraq baxmıram.
Mətbəximizdə televizor var. Bir dəfə həyat yoldaşım məni çağırdı ki, "Space” kanalında veriliş gedir. Gəl, adına bax”. Baxdım və gözlərimə inanmadım. İlk baxışda görürsən ki, proqramın adı "Dana show” yazılıb. Sonradan məlum olur ki, aparıcının adı Dürdanədir və ona "Dana” deyə müraciət edirlər. Amma intellekt, şüur çatmır ki, istənilən azərbaycanlı verilişin adını görəndə, onu dana kimi oxuyacaq və yanlış anlayacaq”.
Vaxtının az olması səbəbindən televiziya proqramlarına baxa bilməyən psixoloq Elnur Rüstəmov yalnız təsadüf nəticəsində hansısa verilişi izlədiyini dedi:
"Çox vaxt xəbərləri izləmək imkanım olur. Xəbərlərə baxıram ki, görüm nə yeniliklər var. Axşam evə gələndə hansı verilişlər gedirsə, bir az da olsa izləyə bilirəm. Amma əvvəldən axıra qədər oturub hansısa proqramı izləmirəm. Bu, zaman baxımından mümkün deyil. Yəni proqramlarımızı bəyənməmək anlamına gəlmir. Amma bizim verilişləri davamlı izlədikdən sonra fikir bildirə bilərəm. Baxmadığım halda heç bir reaksiya verə bilmərəm. Hazırda "Səni axtarıram” verilişində ekspert kimi iştirak edirəm. Ona görə də bu proqrama özüm fikir bildirə bilmərəm. Gərək verilişi izləyənlər qiymətləndirsin”.
Psixoloqun sözlərinə görə, əsas odur ki, televiziya proqramlarının nümayiş etdirilməsi ilə bağlı maariflənmə işi aparılsın:
"Düşünürəm ki, zaman keçdikcə verilişlərimizin formatı da qaydasına düşəcək. İndi insanlar televiziyadan başqa alternativ olaraq internet resurslarından, "youtube” və digər internet kanallarından istifadə edirlər. İnternet kanalları da çalışırlar ki, geniş baxıcı kütləsi toplasın. Beləliklə, bir rəqabət formalaşır”.
Kulturoloq Aydın Xan Əbilov davamlı olmasa da, arada izlədiyi verilişlər olduğunu dedi:
"Azərbaycanda efir mədəniyyəti get-gedə genişlənir və rəngarəng olur. Əgər kimsə deyirsə ki, davamlı olaraq bütün verilişləri izləyirəm, o qədər də inanmaram. Sadəcə bir insan müəyyən bir verilişi ardıcıl izləyə bilər. Amma bütövlükdə kanalların sayının çox olması və xarici telekanallara əlimizin çatması o deməkdir ki, telekanallardakı bütün verilişləri izləmək olmur. Mənim kimi həm ictimai fəaliyyətlə məşğul olan, həm də telekanallardakı müxtəlif proqramlarda iştirak edən bir şəxsin ardıcıl olaraq hansısa verilişlərə baxmaq imkanı azdır. Vaxtım az olsa da, müəyyən mənada müxtəlif kanallarda nümayiş edilən və özümün iştirak etdiyim bir çox proqramlar var ki, onlara baxıram. Amma ardıcıl olaraq hansısa proqramı izləmək imkanım yoxdur. Çünki buna o qədər də vaxtım olmur. Maraqla qarşıladığım bir çox verilişlər var. Lakin onların adını çəkmək etik cəhətdən düzgün olmaz. Çünki həmin proqramlarda özüm də iştirak edirəm. Əsasən mədəniyyət, ədəbiyyat, incəsənət, elm, intellekt və kreativ düşüncə ilə bağlı sosial müzakirələr olan verilişlərə baxmağa üstünlük verirəm”.
İqtisadçı Natiq Cəfərli ardıcıl şəkildə televiziya proqramlarını izləməyə vaxtı olmadığını dedi:
"Daha çox müxtəlif kanallardakı xəbərlər proqramını izləyirəm. Bir də maraqlı futbol oyunları olursa, "İdman Azərbaycan” kanalına baxıram. Əslində Azərbaycanın televiziya kanallarında keyfiyyət problemi var. Kanallar insanları cəlb etmək kontekstinə malik deyillər. Bayağı və insanı yoran verilişlərin sayı çoxdur. Ona görə də televiziyada ciddi dəyişikliklərin olmasına ehtiyac var”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkəmizdəki heç bir televiziya proqramlarına baxmadığını deyib.
Teletənqidçi Elçin Əlibəyli bütün televiziya proqramlarımızı izlədiyini vurğuladı:
"Çünki bu mənim işimdir. Televiziya verilişləri haqqında yazıram və ona görə də istisnasız olaraq bütün verilişlərə baxıram”.
Yazıçı-publisist Nəriman Əbdürrəhmanlı artıq 9 ildir ki, heç bir televiziya kanallarına və verilişlərinə baxmır:
"Bütün kanalları bağlatdırmışam. Ona görə də heç bir televiziya proqramlarını qiymətləndirə bilmərəm. Çünki Azərbaycan telekanallarında cəmiyyətlə, iqtisadiyyatla, ədəbiyyatla bağlı səviyyəli verilişlər görə bilmədiyim üçün öz kanallarımıza baxmaqdan imtina etmişəm”.
Gənc yazar Aqşin Evrən: "Açığı, 8-9 ildir ki, televizor işlətmirəm. Ona görə də heç bir proqramları izləmirəm”.
Nadir hallarda televizora baxdığını deyən sosioloq Lalə Mehralı yerli kanallarımızda konkret izlədiyi bir proqram olmadığını dedi:
"Təsadüfən marağımı cəlb edən veriliş və mövzu olan halda baxa bilərəm. Bu, şou proqramları çıxmaq şərti ilə istənilən veriliş ola bilər. Sosial müzakirələr, ictimai mövzular diqqətimi çəkərsə, həmin verilişləri izləyirəm. Amma konkret adını çəkib deyə bilmirəm ki, hansısa verilişi davamlı izləyirəm. Çünki həm vaxt qıtlığı olur, həm də verilişlərin səviyyəsi, qoyulan müzakirələr, dəvət olunan qonaqlar məni tamamilə o verilişə baxmağa vadar etmir. Yəni o proqram mənə cazibəli gəlmir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla hazırda Azərbaycan telekanallarına baxmadığını bildirdi:
"Əvvəllər ANS telekanalında çıxışlar edirdim və arada bu kanalı izləyirdim. Baxdığım verilişlər daha çox öyrədici, maarifləndirici proqramlardır. Məsələn, bəzi xarici proqramlar var ki, onları izləyirəm. Heyvanlar aləmi ilə bağlı verilişlərə daha çox marağım var. "Soverşenniye sekretni” adlı bir kanal var. Həmin kanalda keçmiş sovet ittifaqına aid məlumatlar verilir. Belə verilişləri izləyirəm. Amma seriallara və şou proqramlara baxmağa nə həvəsim, nə də ki vaxtım var”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu yerli kanallarımızdan yalnız "Mədəniyyət” kanalını izlədiyini dedi:
"Digər kanallarda o qədər səviyyəsiz və bayağı verilişlər var ki, adam heç baxmaq istəmir. Ona görə də ancaq "Mədəniyyət” və Türkiyənin müxtəlif kanallarındakı proqramları izləyirəm”.
Yeganə Bayramova