İki ölkə növbəti müharibənin astanasındadır

"Rusiya açıq şəkildə Ukraynanın NATO-ya inteqrasiyasına, dini və mədəni ayrılığına silah işlətməklə reaksiya göstərir"


Azov dənizindəki məlum hadisədən sonra Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik artmaqdadır. İki gündür biri-birini ən sərt şəkildə ittiham edən tərəflər güzəştə getmək niyyətində olmadıqlarını ifadə ediblər. Artıq hər iki tərəf ordunu, xüsusən donanmanı müharibəyə hazır vəziyyətə gətirdiklərini bildiriblər. Ukrayna Prezidenti Pyotr Poroşenko ölkədə fövqəladə vəziyyət elan edib.

Tərəflər arasındakı qarşıdurmanı "Şərq”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya Azov dənizini öz daxili və qapalı su hövzəsinə çevirib: 

"Ukrayna ilə 2003-cü ildə müqavilə bağlanmışdı. Amma Rusiya həmin müqaviləni pozaraq gəmilərin keçidinə icazə vermir. Bu məsələ iki ölkə arasında açıq münaqişəyə səbəb olub. Ukrayna rəhbərliyi hesab edir ki, onlar öz ərazi sularında Kerç boğazından keçərək, Azov dənizində limanlara daxil olmalıdır. Lakin Moskva buna imkan vermir. Nəticədə iki ölkə növbəti müharibənin astanasındadır. Əgər müharibə olarsa, Rusiya Maripulu və Odessanı da nəzarətə ala bilər. Rusiyanın Ukraynaya qarşı bu hərəkəti, artıq dənizdə də müharibənin mümkünlüyünü göstərdi. Rusiya açıq şəkildə Ukraynanın NATO-ya inteqrasiyasına, dini və mədəni ayrılığına silah işlətməklə reaksiya göstərir”.

Siyasi ekspert bildirib ki, NATO və ABŞ Ukraynanı Rusiyanın mümkün təhdidlərindən qorumağa çalışacaq: "Əgər bu qoruma yetərli olmazsa, Ukrayna yeni ərazilər itirə bilər. Rusiya indiyə qədər üçüncü əldən istifadə edirdi, ancaq indi birbaşa Kiyevə hərbi təzyiqlər göstərir. Bu təzyiqlər həmçinin, Vaşinqtona mesajdır”.

İsmayıl