İlhamə Quliyevanın ölüm tufanı

Sənətkarın mal-mülkünün davası hələ çox çəkəcək



Xalq artisti İlhamə Quliyevanın vəfatından az keçmiş miras məsələsi gündəmə gəldi. "Müğənninin mirası kimə qalacaq” sualına neçə gündür ki, cavab aranır. Vərəsələrsə getdikcə çoxalır. İlhamə xanımın bacısı kimi təqdim olunan Gülbahar Quliyeva, müğənninin oğulluğu Orxan Nadirovla yanaşı, hətta qızı (adını gah Flora, gah da Arzu deyirlər) olması xəbərləri də dolaşır. Vərəsələr bir yana dursun, Əməkdar artist Əli Mirəliyev İlhamə Quliyevanın varidatının dövlətə keçəcəyini söyləyib, əsas da gətirib ki, müğənninin heç bir hüquqi varisi yoxdur.

Xanım müğənni vaxtilə xalasının nəvəsini övladlığa götürüb, lakin uşağı öz adına keçirməyib. Ə.Mirəliyev İlhamə xanımın heç bir vəsiyyətnaməsinin də olmadığını deyib.

Axşam.az isə xəbər verir ki, mərhum müğənninin bacısı Gülbahar Quliyeva "Qafqazinfo”ya açıqlamasında söz-söhbətlərin artacağını, tufan qopacağını bildirib:

"Əli Mirəliyev kimdi? Əli İlhamənin dayısı qızının əridir, heç kimdir. Biz İlhamənin yasını tuturuq. Mən onun bacısıyam, biz miras davası etmirik. Ancaq İlhamə Quliyevanın doğmaları bizik. Hamı bizim kim olduğumuzu bilir. İlhamənin bizə olan münasibətindən də xəbərdardırlar.

Əli Mirəliyev rəsmi nümayəndədir? Kimdir o? İlhamənin heç qan qohumu da deyil. Bacım onları heç vaxt öz yaxınına buraxmayıb. Bu söhbətlər, mal davasıdır? Vallah, ayıbdır. İlhamənin mal varlığını Allah bilir.

Bu miras kimə lazımdırsa, ona da veriləcək. Oğlu varsa, mülk oğluna qalsın. Bəlkə bir yerdən qızı da çıxdı. Xəstə qadınam, belə şeylərə əsəbiləşirəm. Ay Allah, bunlar necə adamdırlar? Bu gözlənilən bir şey idi, bilirdim ki, belə qalmaqallar olacaq. Prosesləri izləyək, çox söz-söhbət olacaq, tufan qopacaq. Bu məsələni danışanlara ayıb olsun. Bunlar öz aralarında çox vuruşacaqlar”.

Məsələ ilə bağlı Xalq artistinin oğlu Orxan Nadirov isə qeyd edib ki, İlhamə Quliyevanın mirası onu maraqlandırmır: "Bizim ailə vəkilimiz Habil Vəliyevdir. Bu mövzuyla bağlı Habil müəllim açıqlama verir. Yəni, mən o halda, əhvalda deyiləm. Hər hansı bir yazıya açıqlama vermək istəmirəm. Mənim üçün böyük bir önəm kəsb etmir. Mən yasımla məşğulam, evimdə yas var, yas saxlayıram. Kimlərləsə mal-mülk qırğını aparmıram. Mənə onlar qətiyyən maraqlı deyil. Mənə məclisim maraqlıdır”.

Qeyd edək ki, İlhamə Quliyevanın sağlığında vəsiyyətnamə yazması da versiyalar arasındadır. Deyilənə görə, müğənni vəsiyyətnamədə mirasının oğulluğu Orxan Nadirova çatacağını yazıb. Həmçinin müğənninin sağlığında "nəyim varsa, Ruslanındır” (Ruslan müğənninin nəvəsidir, Orxanın oğlu - red.) deyərmiş.

Qısası, müğənninin kifayət qədər nəhəng olduğu iddia edilən mal-dövlətinə sahib çıxacaq adamlar çoxdur.

Bəs hüquq nə deyir?

Hüquqşünas Müzəffər Baxış "Şərq”ə açıqlamasında vərəsiliyin Azərbaycan Mülki Məcəlləsinə uyğun təyin edildiyini bildirdi:

- Mülki Məcəllədə birinci növbə və ikinci növbə vərəsələr barədə qeyd olunur. Birinci növbə vərəsələr övlad, valideynlər, rəsmi qaydada övladlığa götürülmüş şəxslərdir. Bacı, qardaş, başqa qohumlar isə artıq ikinci növbə vərəsə hesab edilir. Əgər İlhamə xanımın birinci növbə vərəsəsi yoxdursa, təbii ki, mirası ikinci növbə vərəsəyə veriləcək. Bacı, qardaş və digər qohumlar məcburi pay hüququ olmayanlar sayılır. Məcburi pay hüququ olanlar övladlar, ata-anadır. İlhamə xanımın da mirasının kimə çatacağı hüquqi müstəvidə, qanunauyğun həllini tapacaq. Əgər Orxan Nadirov rəsmi qaydada İlhamə Quliyeva tərəfindən övladlığa götürülməyibsə və başqa övladı da yoxdursa, deməli, birinci növbə vərəsəsi yoxdur. Bu halda miras onun bacısına veriləcək. Amma bir məsələ də var ki, İlhamə xanımın vəsiyyəti ola bilər. Mütləq deyil ki, vəsiyyətnamə notarial qaydada təsdiqlənmiş olsun. Ev vəsiyyətnaməsi anlayışı da vardır və hər bir vətəndaşın ev vəsiyyətnaməsi yazmaq huququ var. Bircə şərt budur ki, vəsiyyətnamə şəxs tərəfindən imza ilə təsdiqlənmiş olsun. Əgər İlhamə xanım vəsiyyətnamə yazıbsa və orada mirasının kimə çatacağını qeyd edibsə, vəsiyyətnaməyə əməl ediləcək. Vəsiyyətnamə varsa, hüquqi sənəddir.

Məlahət Rzayeva