"İllərdir problemli kreditlər qalır, lazımi tədbirlər görülmür" - ŞƏRH




"Mərkəzi Bank və Maliyyə Nazirliyi mütəmadi olaraq verilmiş kreditlərin icra vəziyyətini araşdırır, aylar, rüblər altı aylar əsasında öz monitorinqlərini aparır”.

Bunu Sherg.az-a "Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tanınmış şirkət rəhbəri ilə birləşib, külli miqdarda vəsait mənimsəməsinə münasibət bildirərkən iqtisadçı Fuad İbrahimov deyib.

O bildirib ki, dövlət orqanları öz funksiyalarını yerinə yetirir, lakin kreditlərin verilmə prosesində lazımi sənədlər təqdim edilməlidir:

"Sadə, şifahi istəklə kredit verilmir. Belə halda bütün sənədlər toplusu banka təqdim olunur, kredit alınır. Bu, onu göstərir ki, sənədlərin verilməsi, kreditlərin verilməsi qaydasında çatışmazlıq yoxdur. Problem onda yaranır ki, kreditlər götürüləndən sonra təyinatı üzrə istifadə olunubmu? İstifadə olunubsa, krediti götürən müflisləşib, yoxsa müflisləşməyib? Bu prosesə isə kreditlərin icra vəziyyətini araşdıran xüsusi qurumlar rəhbərlik edir. 

Həm Maliyyə Nazirliyində, həm Mərkəzi Bankda, həm də proses həyata keçirilən bankın özündə araşdırılma aparılır. Kreditlər verildikdən sonra onlar aylara, illərə bölünür ki, təqvimə uyğun mərhələli şəkildə kreditlər qaytarılsın. Götürülən kreditlər artıq bir neçə ay ödənilmədiyi halda həyəcan təbili çalınmalı, müvafiq tədbirlər görülməlidir. Amma gördüyümüz kimi, illərdir problemli kreditlər qalır, lazımi tədbirlər görülmür.

Hüquq, mühafizə orqanları qısa zamanda məsələni araşdırıb və cinayət tərkibi və dələduzluq olduğu üçün həmin şəxslər məsuliyyətə cəlb olunur. Bu vaxtında olsaydı, problemlər belə vəziyyətə çatmazdı. Hazırda vəziyyətin bu həddə çatmasına səbəb nəzarət funksiyasını həyata keçirən təşkilatların öz səlahiyyətləri çərçivəsində işlərini görməməsidir”.

Aysel Aslan