"Nəzarətçilər özlərini sərt aparır, abituriyentlərə sağa-sola çevrilməyə, kağızı, qələmi əlindən düşdüyünə görə belə sərt reaksiya verirlər. Bu şəkildə davranmaq düzgün deyil"
"Qəbul imtahanları keçirən şəxslər imtahan keçirilən otaqlarda abituriyentlər üçün normal psixoloji şərait yaradılmasına diqqət etməlidir”.
Bunu Sherg.az-a qəbul imtahanları ərəfəsində müəllimlər və valideynlərin şagirdlərlə davranış qaydalarını izah edərkən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib.
O bildirib ki, bəzi qruplarda abituriyentlərə qarşı münasibət yaxşı olsa da, çoxları buna fikir vermir:
"Bu il keçirilən imtahanlarda hətta olub ki, abituriyentlər saat 9-dan 11-ə qədər imtahan binasının qarşısında gözləyib, narahat olub, stress keçiriblər. Havalar da istidir, günün altında o tələbələrin iradəsi də zəifləyir, haldan düşürlər, sonra da imtahana girirlər. Bu psixoloji, fiziki təsirlə imtahan verən abituriyentlərin inamı da azalır. Ona görə, qayda-qanunla imtahan 11-də başlayırsa, yarım saat əvvəldən abituriyentləri, valideynləri yığmaq lazımdır. 2-3 saat gözlətməklə lazımi nəticə almayacaqlar.
Bundan başqa otaqlarda imtahan verənlər üçün su qoyulmalıdır. Sərbəst şəkildə su içmək istəyənlər su içməli, sərinləşdirici şərait yaradılmalıdır. Eşitdiyimə görə, bəzi qruplarda elə nəzarətçilər qoyulub ki, sanki cinayətkar üzərində polis nəzarət edir. Nəzarətçilər özlərini sərt aparır, abituriyentlərə sağa-sola çevrilməyə, kağızı, qələmi əlindən düşdüyünə görə belə sərt reaksiya verirlər. Bu şəkildə davranmaq düzgün deyil. İradəsi, sağlamlığı zəif olan uşaqları belə davranıb, daha da gərginliyə salmaq lazım deyil”.
Valideynlərə imtahan verəcək övladları ilə necə davranmaq lazım olduğunu da izah edən Ə.Ağayev məsləhət görüb ki, abituriyentlərə təzyiqlər göstərməsinlər:
"İmtahan verəcək uşaqları danlamaq, tənbeh, təhqir etmək lazım deyil. Bəzən görürük, uşaqlar buna görə o qədər xəcalət çəkir ki, imtahandan sonra evinə getməyə belə cəsarət tapmır. Hətta ötən illərdə faciəvi şəkildə intihar edən abituriyentlərə də rast gəlmişik. Belə halların baş verməsini istəmiriksə, övladlarımıza şərait yaratmalı, arxayın, inamlı olmalarına çalışmalıyıq. Abituriyentlər valideyndən danlaq gözləməməlidir. Əksinə, əgər uğursuzluq olarsa, təsəlli, dayaq görməlidir. Qəbul imtahanı əsas həlledici məsələ deyil, bununla insan hər şeyini itirmir. Bütün insanlar həssasdır, abituriyentlər də xüsusilə. Belə təzyiqlə qarşılaşan abituriyentin fikri onun yanında qalır və düşüncəsini toplayıb, sistemləşdirə bilmir. Valideynlər mülayim, mədəni, ədəb-ərkan səviyyəsində sevgilərini xoş sözləri ilə bildirərək övladlarını imtahana hazırlamalıdırlar”.
Aysel Aslan