“İndi müğənni olmaq üçün səsə gərək yoxdu”

Nisə Qasımova: “Geyinirlər kameraya göz-qaş edirlər ki, özlərinə müştəri tapsınlar”
“Siqaretə görə məni qınayan insanlara demək istəyirəm ki, mənə təsəlli verən, dərdimi-qəmimi unutduran bir çarə deyin, həyatımı yüngülləşdirsin. Əgər tapılarsa, bütün medianın qarşısında, solo konsertimdə siqareti atara


Bəziləri həyatı açıq səmada, bəziləri isə dörd divara sarılaraq yaşamağa üstünlük verir. Bəlkə də budəfəki qonağımız həyatının gəncliyini dörd divara, bir də siqaretə bağlanaraq yaşamağı seçib. Bəlkə bir müddət bu dostunu çoxlarından gizlətsə də, sonralar həyat onu vurduqca cəsarətlənib. Bir gün həyatının ən yaxın dostunun - siqaretə olan bağlılığını etiraf etməyi bacarıb.

Bəlkə də repertuarında olan ən maraqlı, bir az da fəlsəfi, duyğusal notlara köklənən "Dörd divar və siqaret” mahnısı onun həyat hekayəsinin bir parçasıdı. Söhbət Xalq artisti Nisə Qasımovadan gedir. "Şərq”ə ömür yolundan qısaca danışan Xalq artisti budəfəki açıqlamaları ilə hələ çoxlarını düşünməyə vadar edəcək.

- Bir zamanlar səhnədən, sənət aləmindən küskün düşən Nisə Qasımova sonra bir də səssiz qalmağa üstünlük verdi. Səbəb?

- Mən səhnədən də, sənət aləmindən də bir dəfə küskün düşdüm. Sonralar dostlarım məni səhnəyə qayıtmağa inandırdılar. İnanıb qayıtdım.

- O qayıdışınız "Mən yenə qayıtdım” mahnısı ilə də səs yarada bildi...

- O mahnı məhz o dönəmdə mənim yaralarımın sarğısı oldu. Bu gün böyük mənada səhnədən uzaq deyiləm. Yeni mahnılar üzərində çalışıram. İncik olan məqamlarım olur. Amma dünənki Nisə xanım da deyiləm. Məni dünən küsdürə bilmişdilər, bu gün ona gücləri yetməz.

- İllər öncə "Ömrümdən ötən illər” adlı mahnı ifa etmisiz. Maraqlıdır, ömrünüzdən ötən illər sizə nələri qazandırıb, nələri aldı?

- Bəli, "Ömrümdən ötən illər” mahnısını oxumuşam. Sözləri Xuraman Vəfanındır. Bu gün daha güclüyəm. İtirəcək nəyim var ki? Mən itirdiyimi itirmişəm. Ömrümdən ötən illər məndən çox şeyi aparıb. İllər nəinki məndən, hər bir insandan nəsə alır. Bir sözlə, illər məndən əzizlərimi, doğmalarımı aldı. Gənc yaşlarımda oxumaq istədiyim mahnıların çağlarını aldı. O çağlarda indiki Nisə Qasımovadan qat-qat yüksəklərdə ola biləcək birisi ola bilərdim. İllər mənim çağlarımı aldı və əvəzində mənim qarşıma amansızcasına elə bir ifaçılar gətirdi ki, indi həmin müğənnilər Azərbaycan estradasının sənətkar adını almış insanlarıdır. Bax, ötən illərim mənə bu cür əziyyətləri verdi. İndi bilmirəm ki, bu əziyyətlər mənim üçün bir imtahan idi, yoxsa yox.

- İtirdiyiniz qədər qazancınız da yəqin olub?

- Tam səmimi deyirəm ki, gənc yaşlarımda gəncliyin nə olduğunu bilməmişəm. Gəncliyimi indi yaşayıram. İllər mənə gözəl gənc dostlar bəxş etdi. Bir sözlə, ötən illərimə də minnətdaram. Çünki itirdiklərimdən savayı, qazandıqlarım da olub.

- Sənət insanları dostluğu bacarır ki?

- Dostluqların 99 faizi təmənnalı olur. Amma o bir faizi Allah kiməsə nəsib edirsə, onun misli yoxdur. Tanrı da mənə o bir faiz dostları bəxş edibsə, nə xoş mənim halıma. Heç kəs məndən inciməsin, əksər dostluqlar təmənnalıdır. Mən bu təmənnalı dostluqlarla hər gün qarşılaşıram. "İttiham edirəm” adlı bir mahnı oxumuşdum, o mahnının başlanğıcında deyilir ki, "qalx ayağa qəddar ürək, yatmış vicdan sən də oyan”. Biz insanları aldada bilərik, amma Allahı yox. Bəzən biriləri yolda gedən zaman qəza keçirəndə düşünmürlər ki, bu niyə oldu? Bəlkə hansısa pis əməlinin cavabıdır? Bir sözlə, mənlə təmənnalı dostluq etmək istəyən insanlar çoxdur. Hətta bəziləri üzümə qarşı deyirlər ki, Nisə xanım, bu işim düzəlsin, sizə filan şey hədiyyə edəcəm. Amma düşünmürlər ki, bu sözlər mənə deyiləcək ifadələr deyil.

- Bu gün müğənni olmaq asan olub deyəsən?

- İndi müğənni olmaq üçün səsə gərək yoxdur. İndi əsas olan geyinmək və kameraya göz-qaş etməkdir. Göz-qaş edirlər ki, özlərinə müştəri tapsınlar.

- Bu günə qədər bir çox sənətçilər unudulub. Nisə Qasımovanı yaddaşlarda saxlayan əsas səbəb nədir?

- Açığı, bunu mən də bilmirəm. Düşünürəm ki, bu sual təkcə mənə aid deyil. Sovet dövründə elə bir sənətkarlardan məktəb keçmişəm ki... Bəlkə də məni gündəmdə saxlayan o müəllimlərdən aldığım təhsillərdir. Gündəmdə qalmağım, unudulmamağım o deməkdir ki, mən yaşayıram. Güman edirəm ki, aylarla efirlərdə görünməsəm, oxumasam, mən Nisə Qasımova olaraq yaddaşlarda qalan bir müğənni olacam.

- Yəqin ki, sizə paxıllıq edənlər də, yollarınızı bağlayanlar da az olmayıb...

- Mənim gənclik illərimdə oxumaq istədiyim mahnıların qarşısı alındı, lent yazılarım silindi. Mənə elə zərbələr vurulub ki, indi danışsam belə nə mənası? Olan oldu, keçən keçdi. Bəlkə də mənə vurulan zərbə qədər sənət aləmində heç bir müğənniyə düşmənçilik edilməyib. Mən sadəcə dağ oldum ki, dözdüm.

- Əslində bir çoxları sənət aləmində sizinlə o zamanlar düşmən olan sənətkarın kimliyini bilir...

- Görünən kəndə nə bələdçi? Bunu indiki gənclər bilməsə də, onların valideynləri bilir ki, Nisə Qasımovanın illərdir yollarını kim bağlayıb. Bilirsiz necədir, elə məsələlər var ki, onların pünhan qalması məsləhətdir. Pünhan o demək deyil ki, gizlidir. Sadəcə hamı bilir, dilə gətirmək istəmir. Bir az ağzımızı, dilimizi orucda saxlayaq. Eybi yox...

- Nisə Qasımova özünü şou-biznesdə hesab edir?

- Bəli, mən şou aləmindəyəm. Hətta deyərdim ki, şou-biznesin təməlini mən qoymuşam. Mən yaratmışam. İncəsənət adamlarının hamısı artıq şou-biznesdədirlər. Bir çoxları şou-biznesin mənasını anlamadan deyirlər ki, biz şou-biznesdə yoxuq. Adama deyərlər ki, bəs sən şou-biznesdə deyilsən, haradasan? Haradan pul qazanırsan? Mən şəxsən şou-biznesdəyəm. Nə qədər qazandığımdan, göründüyümdən də razıyam.

- Bir vaxtlar Xalq artisti Faiq Ağayevlə aranızda inciklik var idi. Belə deyək, küsülü idiniz. İlk barışıq jesti kimdən gəldi?

- Küsülü idik. Mən qadınam. Ondan daha çox çılğın, əsəbi ola bilərəm. Ondan çox söyüş söyə bilərəm. Bir gün oturdum evdə və düşündüm ki, kimlərlə nə üstündə küsülüyəm? Daha sonra mənlə küsülü olan insanların xasiyyətlərini beynimdə çək-çevir elədim. Birdən yadıma düşdü ki, mən Faiq Ağayevi qardaşımın oğlunun, yəni öz övladım dediyim insanın toyuna dəvət eləmişdim. Faiq də o uşağın toyuna sevinə-sevinə, təmənassız gəlmişdi. Daha sonra rəhmətlik anamın sözü yadıma düşdü. Anam deyirdi ki, "bir tikənin qədrini bilməyən, min tikənin qədrini bilməz”. Nəsə beynimə düşdü, Faiqin telefonuna ismarıc yazdım. Ona bildirdim ki, nə olursa olsun, sənin mənə etdiyin yaxşılıq, yadımdan çıxmayacaq. O, centlmendir. Yazdı ki, "Nisə xanım, o nə sözdür?” Heç mənim yadıma salmadı ki, yadına gəlir, sən mənim üçün bu sözləri demişdin, mən sənin üçün filan sözü. Barışıqdan o tərəfə mən nə addım atım ona? Ola bilsin ki, bu gün kimsə Faiqlə küsülü qalıb, amma mən küsülü deyiləm.

- Elə bir həmkarınız olubmu ki, demisiz ki, onunla heç vaxt barışmaram?

- Mənim illərdir küsülü olduğum sənətkar var. Amma deməmişəm ki, onunla heç vaxt danışmaram. Çünki küsülü olduğum həmin sənətkar atamı, anamı, nəslimi söyməyib. Allah qismət edərsə, hər şey yaxşı olar. Sadə insan olduğuma görə, bəzi müğənnilər qarşımda hegemonluq etmək istəyir.

- Siqaret çəkməyinizi müzakirə edənlər çox olub. Həmkarınız Brilliant Dadaşova ilə də aranızda söz-söhbət olmuşdu.

- Bilirsiz necədir, mən kin saxlamıram. Onsuz da məni tanıyanlar bilir ki, Nisə Qasımova siqaret çəkir. Hətta mən evdə öz övladlarıma deyirəm ki, bilirəm ki, mənim yaxşılığım üçün "siqaret çəkmə” deyirsiz. Amma mənim bu həyatdakı acılarımı qismən də unutduran dostlarım yox, siqaret oldu. Siqaretə görə məni qınayan insanlara demək istəyirəm ki, mənə təsəlli verən, dərdimi-qəmimi unutduran bir çarə deyin, həyatımı yüngülləşdirsin. Əgər tapılarsa, bütün medianın qarşısında, solo konsertimdə siqareti ataram. Dəfələrlə siqaret əleyhinə keçirilən aksiyalara dəvət almışam. Amma qatılmamışam. İnsanları dəvət edim ki, siqareti atın, ziyandı, amma özüm çəkim? Öz-özümü aldatmaq fikrində deyiləm. Bəzi müğənnilər var ki, Ramazan ayında efirə gəlirlər, deyirlər ki, "orucam”. Amma reklam zamanı siqaret çəkir. Mən onlar kimi etmirəm. Ziyalı qadınlar arasında azdırmı ki, siqaret çəkən? Bilirəm ki, siqareti çəkməklə düz etmirəm. Səhhətimə ziyandır. Hətta ifa etdiyim "İki dost” mahnısında belə sözlər var ki, "Azərbaycan qadınına utanc ola biləcək dörd divar mənim yeganə dostlarımdır”. Ən yaxın dostum yanıma gələnə qədər siqaret yanımda olur. Daima da mənlədir.

Tahirə