Rus dili bu ölkədə xarici dil kimi tədris edilə bilər, amma...
Tək deputatın etirazı ilə bu məsələ öz həllini tapmayacaq. Cənubi azərbaycanlılar ciddi şəkildə öz hüquqlarının müdafiəsinə qalxmalıdırlar
İran Təhsil Nazirliyi orta məktəblərdə ingilis dili əvəzinə, rus dilinin tədrisini həyata keçirmək niyyətindədir. İngilis dilinin tədrisinin ləğv edilməsi, əsasən bu ölkəyə qarşı iqtisadi sanksiyalara cavab kimi qəbul edilib.
İran Parlamentinin Urmiyadan olan deputatı, əslən Azərbaycan türkü Nadir Qazipur İran məktəblərində ikinci dil kimi rus dili əvəzinə Azərbaycan dilinin keçirilməsini təklif edib. Onun sözlərinə görə, İran hakimiyyətinin 40 milyona yaxın Azərbaycan türkünün dilini görməməzlikdən gəlməsi, bu dilin məktəblərdə tədrisinə icazə verilməməsi İnsan hüquq və azadlıqlarının rejim tərəfindən kobud pozuntusudur.
Hətta BMT -nin İnsan haqları komissiyası səviyyəsində İran hakimiyyətinin azərbaycanlılara və bəlluclara qarşı ayrı-seçkilik siyasəti ötən həftə bir daha tənqid edilib.
Azərbaycan ictimaiyyəti isə hesab edir ki, ölkəmizin ictimai-siyasi dairələri Nadir Qazipura dəstək verməli, onun bu təşəbbüsü dəstəklənməlidir. İranla dövlətlərarası əlaqələrimizin normal müstəvidə olmasına baxmayaraq müvafiq qurumlar Nadir Qazipurun Azərbaycan dili uğrunda mübarizəsinə dəstək verməlidir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, Azərbaycan dilinin Güneydə ikinci ana dil kimi tədris olunması məsələsinə görə, rəsmi Bakı İranla diplomatik danışıqlar apara, orada yaşayan soydaşlarımızın hüquqlarını müdafiə məqsədi ilə müəyyən təkliflər irəli sürə bilər:
"Lakin hökumət bu istiqamətdə heç bir addım atmır. İctimaiyyət üzvləri səviyyəsində verilən dəstək isə mühüm əhəmiyyət kəsb etmir, fars rejimi üçün. İran Konstitusiyasına görə, İranda yaşayan xalqların öz dillərində yazıb oxumaq hüququ var. Lakin rejim bu qanuna əməl etmir. Güneydəki soydaşlarımız tərəfindən bu məsələ ciddi etiraz doğursa da, İran hökuməti hər dəfə reaksiya verməyib. İldən-ilə vəziyyət yaxşılaşmaqdansa, daha da pisləşir. Azərbaycanlılara qarşı sayğısız münasibət, ana dilinin sıxışdırılması, hüquqlarının əllərindən alınması, torpaqlarına başqa adamların gətirilib yerləşdirilməsi bizi daim narahat edir.
Düşünürəm ki, tək deputatın etirazı ilə bu məsələ öz həllini tapmayacaq. Cənubi azərbaycanlılar ciddi şəkildə öz hüquqlarının müdafiəsinə qalxmalıdırlar. Bu millət öz azadlığını, özgürlüyünü, bütövlüyünü qazanmaq istəyirsə, mübarizə aparmaldır. Dil uğrunda olan mübarizə millətin varlığı uğrunda gedən mübarizədir. Mən Güneydə yaşayan 40 milyon Azərbaycan türkünün varlığına, gücünə, mətanətinə, gələcəyinə inanıram, arxayınam ki, onlar həm dillərini, varlıqlarını, həm də gələcəklərini qoruya biləcəklər. İnanıram ki, gələcəkdə hər şey bizim xeyrimizə olacaq".
İngilis dilinin rus dili ilə əvəzlənməsi məsələsinə gəldikdə isə S.Rüstəmxanlı bunun mümkün variant olmadığını deyib:
"İranda rus dili xarici dil kimi tədris edilə bilər, amma ingilis dilinin sıradan çıxarılması İranı geri çəkmək deməkdir. Dünyanın ən aparıcı dili olan ingilis dili İranın dünyaya çıxış biletidir”.
Şəymən