“İnsan qaçqındırsa, heç bir şərait doğma yeri əvəz edə bilməz”
Mehriban Əliyeva: “Bu problemin həllini tapması, işğal olunmuş torpaqların azad edilməsi, insanların evlərinə qayıtması lazımdır”
Dünən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində "Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclas keçirilib.
BMT Müxbir Assosiasiyasının prezidenti Giampaolo Piolinin moderatorluğu ilə keçən iclasda Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev, San Patrignano Cəmiyyətinin qurucusu Letisiya Moratti və İspaniyanın keçmiş xarici işlər naziri Miguel Angel Moratinos çıxış ediblər.
"Uğurlarımıza və nailiyyətlərimizə baxdıqda, gələcəyimizə çox nikbinliklə yanaşırıq”
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu dialoq və qarşılıqlı anlaşmaya töhfə verəcək. M.Əliyeva bildirib ki, bəzi hallarda insanların cəmiyyətlərdən təcrid olunması müşahidə edilir: "İnsanların adaptasiyası müxtəlif cəmiyyətlərdə fərqli yollar tələb edir. Bu gün mən sizinlə ölkəmizin təcrübəsini bölüşmək istəyirəm. Biz 25 illik müstəqillik dövrü keçmişik. İqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmişik. Elm və mədəniyyət sahəsində islahatlar aparılıb. Bu irəliləyiş tariximizin bu dövründə xalqımızın üzləşdiyi böyük çətinliklərə baxmayaraq əldə edilib. SSRİ-nin süqutundan sonra ölkə böyük iqtisadi-sosial çətinliklərlə üzləşdi, torpaqlarımızın bir hissəsi işğal olundu. Ermənistanın işğalı nəticəsində 900 məntəqə, 693 məktəb, 975 bağça, 695 xəstəxana dağıdılıb, 40 mindən artıq unikal muzey materiallarını itirmişik. Azərbaycana vurulan zərbəni təsəvvür etmək çətindir. Həmin çətin anlarda bizimlə birlikdə olmuş BMT qurumlarına təşəkkür edirəm”.
"Biz ən vacib zənginliyimizi qoruyub saxladıq, bu da insan kapitalı idi”
M.Əliyeva BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladıb: "Həmin dövrdə 7 milyon əhalisi olan və resursları olmayan ölkə 1 milyon qaçqın və məcburi köçkün problemini həll etməli idi. Biz ən vacib zənginliyimizi qoruyub saxladıq, bu da insan kapitalı idi. Hətta qaçqın düşərgələrində musiqi
məktəbləri fəaliyyətini davam etdirirdi. Rastropoviç 1990-cı illərdə Azərbaycana səfər edir, qaçqın və məcburi köçkün uşaqlar üçün ustad dərsləri təşkil edirdi. Məktəblərdə dərs gedir, xəstəxanalar fəaliyyət göstərirdi. Bu, ən yaxşı sosial adaptasiya üsulları idi. Biz bütün çadır düşərgələrini ləğv etdik, qaçqın və məcburi köçkünlər üçün müasir qəsəbələr yaratdıq. Gənc nəsil müasir təhsilə də çıxış əldə edib. Amma bu, müvəqqəti müalicədir, çünki insan qaçqındırsa, heç bir şərait doğma yeri əvəz edə bilməz. Bu problemin həllini tapması, işğal olunmuş torpaqların azad edilməsi, insanların evlərinə qayıtması lazımdır. Qaçqın və məcburi köçkünlər nəinki fiziki itkilərə məruz qalırlar, qəlbləri mənəvi zərbələrə də məruz qalır. Dünyada yeni münaqişələrin yaranmamasına çalışmalıyıq. Mərhəmət insan əzab-əziyyətinin aradan qaldırılmasında real vasitə olmalıdır”.
"Fond bütün vətəndaşlar üçün bərabərlik imkanları gətirdi”
M.Əliyeva Heylər Əliyev Fondunun layihələrindən də danışıb: "Biz 2005-ci ildə məktəblərin əsaslı təmirinə başladıq və QHT, dövlət və şirkətlər arasında yaxşı əməkdaşlıq modeli yaratdıq. Nəticədə bu gün mövcud olan 5 min məktəbdən 3 mini əsaslı təmir olundu. Digər tərəfdən, Heydər Əliyev Fondu bütün vətəndaşlar üçün bərabərlik imkanları gətirməyə çalışdı. Valideyn himayəsindən məhrum qalmış uşaqlar üçün binalar tikilib və onların sosial inteqrasiyasını təmin etmişik. Hazırda Azərbaycanda 570 min əlil var, onların 67 mini uşaqdır. Bu insanlar cəmiyyətə inteqrasiyada problemlə üzləşirlər. İnklüziv təhsil əlil uşaqların cəmiyyətə inteqrasiyasında çox mühümdür. Hazırda 366 əlil uşaq inklüziv təhsil alır. Kor uşaqların informasiya texnologiyalarına çıxışı çərçivəsində müasir İKT mərkəzi yaratmışıq. Oxşar layihəni Bosniya və Herseqovina paytaxtında da həyata keçirmişik. Heydər Əliyev Fondu Macarıstanda katolik kilsəsi üçün bina tikib. Həmçinin Romada qədim katakombaların təmirində iştirak etmişik. Heydər Əliyev Fondu Fransada da müqəddəs yerlərin bərpasında iştirak edir. Luvr muzeyində İslam Mədəniyyəti Mərkəzinin açılmasında iştirak etmişik”. M.Əliyeva tolerantlıq və multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayıb: "Azərbaycanda müxtəlif dini icmalar tolerant şəkildə yaşayırlar. Ən mühüm nailiyyətlərdən biri Azərbaycan cəmiyyətində yüksək sosial tolerantlığın olmasıdır. Uğurlarımıza və nailiyyətlərimizə baxdıqda, gələcəyimizə çox nikbinliklə yanaşırıq. Tanınmış alim Albert Eynşteyn deyib ki, hər hansı fərdin həyatı o zaman məna daşıyır ki, başqa bir canlının həyatını mənalı etsin”.
"Gənclərin işsizliyi ciddi problemdir”
Giampaolo Pioli da bildirib ki, Sivilizasiyalar Alyansı mədəniyyətlərarası dialoq sahəsində təcrübə mübadiləsi aparmaq üçün mühüm platformadır. Letisiya Moratti da deyib ki, istər inkişaf etmiş, istərsə də inkişafda olan ölkələrdə inklüziv cəmiyyətlərin formalaşdırılmasında bir sıra problemlərlə üzləşir: "Bu sahədə ən çox üzləşdiyimiz problem gənclər arasında məşğulluğun aşağı səviyyədə olmasıdır. Bu faktor gənc insanların təcrid riski ilə üzləşməsinə, sosial narahatlığa yol açır və gənclərin imtiyazlarını itirməsinə səbəb olur. Nəticə etibarilə bu, gənclərin terror qruplaşmalarına, hansısa cinayət qruplarına qoşulmasına gətirib çıxarır. Digər faktorlar isə nəsillər arasında uçurumun olması və son dövrlərdə bir çox ölkələrin üzləşdiyi miqrant böhranıdır”.
"Azərbaycan Prezidenti ədalətli və məntiqli sülhə hazırdır”
İspaniyanın keçmiş xarici işlər naziri Miguel Angel Moratinos isə bildirib ki, ən vacib məqam qarşıya qoyulan hədəflərin yubanmadan yerinə yetirilməsidir. "Hər bir ölkənin milli proqramı hazırlanmalıdır. İlk dəfə ATƏT-in nümayəndəsi kimi Bakıya gələndə, mənə Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş” olduğu barədə məlumat verdilər. Azərbaycan Prezidenti ilə görüşəndə o, mənə ədalətli və məntiqli sülhə hazır olduğunu dedi. Azərbaycandan sonra Ermənistana səfərim zamanı bu məsələni müzakirə etdim, amma qarşı tərəfdə kifayət qədər iradə yoxdur. Ermənistanda kifayət qədər tərəddüd gördüm. Artıq münaqişənin həll edilməsinin vaxtı çatıb. Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün legitim hüququ var”.
"Ermənistan müstəqil deyil”
Türkiyənin Avropa İttifaqı üzrə sabiq naziri Egemen Bağış da Forumun sülh və dialoqun gerçəkdən mümkün olduğunu sübut etdiyini deyib: "Düşünürəm ki, sosial inklüzivliyin qlobal nümunəsi olaraq bu alyans əla nümunədir”. Sabiq nazir mövzuya regional kontekstdə də yanaşıb: "Yeni münaqişələr yaratmaq əvəzinə, Ermənistan Azərbaycanla danışıqlara getməli və münaqişənin ədalətli həllini tapmalıdır. Belə halda Ermənistanın vəziyyəti daha yaxşı olar. Ermənistanın Azərbaycanla yaxşı münasibətlər qurmasına çox ehtiyacı var. Ermənistan əlindən gələni etməlidir ki, Azərbaycanla kompromisə gəlsin. Ancaq Ermənistan bu addımları ata bilmir. Çünki müstəqil dövlət deyil. Əgər müstəqil olsaydı, bunu edərdi. Təəssüflər olsun ki, qərarlar Ermənistandan kənarda, Moskvada, Parisdə verilir. Ermənistandan kənarda verilən qərarlar Ermənistanın maraqlarına cavab vermir. Dağlıq Qarabağ münaqişəsinin həlli bu qədər çətin olmamalı idi. Lakin ortada iradə yoxdur. Minsk Qrupu heç bir iş görə bilməyib. Sıfır. Ümid edirəm ki, BMT bundan sonra məsələyə müdaxilə edəcək”.
İsmayıl