İnsanlar niyə qəddarlaşır?

Nadir İsmayılov baş verən qanlı cinayətlərə yaşadığımız mühitin əhəmiyyətli dərəcədə təsir etdiyini söyləyir


Son zamanlar ailədaxili münaqişələrin sayı artmaqdadı. Üzücü olan həm də budur ki, ilk zamanlar yüngül görünən münaqişələrin miqyası getdikcə genişlənir və ağır cinayətlərə səbəb olur. Son günlərdə bir neçə ağır cinayət hadisəsi baş verib.

Qusarda gənc qadın 5 yaşlı körpəsinin südünə zəhər qatıb, nəticədə körpə vəfat edib.

Daşkəsəndə kişi həyat yoldaşını və 25 günlük körpəsini qətlə yetirib. Lənkəranda bir kişi gənc xanımını öldürüb. Qətllərin sırasına intihar hadisələri də əlavə edildikdə insanların getdikcə qəddarlaşması kimi çox narahatedici bir hal ortaya çıxır. İnsan hansı həddə çatmalıdır ki, həyat yoldaşını, bundan da o yana - körpə balasını qətlə yetirsin?! İnsanların bu qədər qəddarlaşmasına, "gözünün dönməsinə” nə səbəb ola bilər?

Məsələni Azərbaycan Psixiatorlar Assosiasiyasının prezidenti, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Nadir İsmayılovla çözməyə qərar verdik. N.İsmayılov "Şərq”ə açıqlamasında baş verən qanlı cinayətlərə yaşadığımız mühitin əhəmiyyətli dərəcədə təsir etdiyini söylədi:

- Bugünki yaşayışımıza bir nəzər salaq. Biz hazırda "vəhşi kapitalizm” dövründə və bazar iqtisadiyyatı qanunları ilə yaşayırıq. Belə dövrdə isə proseslər həmişə rəvan getmir. İqtisadi çətinliklər sosial problemləri doğurur ki, bu da insanın psixoloji durumuna təsirsiz ötüşə bilməz. İnsan hər şeydən əvvəl ictimai varlıqdır. İctimai mühitdə baş verənlər insanlara birbaşa təsir edir, insan baş verənlərin təsiri altına düşür. Sosial narazılıqlar da bir tərəfdən insan psixikasını zədələyir. Sosializm tamam başqa idi. İnsanlar arasındakı sosial fərqlər üzdə görünmürdü. Kapitalizm isə qəddardır. Varlı da var, kasıb da, işsiz də. 
Və bu fərq çox aydın, aşkar görünür. Müxtəlif ictimai formasiyalarda insanların həyat səviyyəsi də müxtəlif olur. Sovet illərində valideynlər qızlarına cehiz vermək üçün mebel tapa bilmirdilər. Mebel tapmaq üçün gərək kimdənsə xahiş edəydin, hətta iş "raykom”laradək gedib çıxırdı. Amma indi nə qədər istəsən mebel var. Amma məsələ burasındadır ki, pulu olan ala bilir. İstəyə biləcəyin hər şey var, sadəcə, pulun olmalıdır. 

Mən mənzilimə telefon çəkdirmək üçün 14 il növbəyə dayanmışam. Təsəvvür edə bilirsiniz? "Jiquli” avtomobili almaq üçün 6 il növbə gözləmişəm. İndi bunlar müasir gənclərə gülməli gələr. İndi hər adamın əlində iki-üç telefon var. Amma bu da var ki, həyat səviyyəsinin yaxşılaşması heç də həmişə bütün insanların yaxşı həyat yaşamasına səbəb olmur. Həyat səviyyəsi yüksəlir, amma mənəviyyat, mənəvi dəyərlərin səviyyəsi aşağı düşür. Bu da asılıdır ideoloji işdən. İdeoloji işin müsbət nəticə verməsi üçün ilk növbədə insanın qarnı tox olmalıdır. 

Qarın ac olanda ideoloji iş effekt vermir. O gün eşitmişəm ki, bir kişi banka borcu olduğuna görə intihar edib. İlk növbədə insanların maddi ehtiyacları ödənməlidir. Ondan sonra ideoloji iş aparılmalıdır. Həkim 173 manat əmək haqqı alır. 40-50 il çalışmış adam 120-130 manat pensiya alır. Bununla rahat yaşayışı təmin etmək mümkün deyil. Problemlər çoxaldıqca, insan psixologiyasını zədələyir. Psixikası zədələnmiş insandan isə istənilən hərəkəti gözləmək olar.

Məlahət Rzayeva