“İnsanlar qazandıqlarını elə yolpuluna xərcləyirlər”

Siyavuş Novruzov Türkiyə və Azərbaycan arasında viza rejiminin aradan qaldırılmasını təklif edib



"Türkiyə və Azərbaycan arasındakı viza sistemi ləğv edilməlidir”. Bu fikirlə Hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edib. Deputatın fikrincə, heç olmasa, iki ölkə arasında müddətlə bağlı dəyişiklik etmək lazımdır: "Ya bu müddət uzadılmalı, ya da birdəfəlik ləğv olunmalıdır. Son hadisələr göstərdi ki, Azərbaycana ən yaxın ölkə Türkiyədir. Ümummilli liderin dediyi kimi, millət eynidir, dövlətlər fərqlidir. İndiki şəraitdə viza sisteminin ya ləğv olunması, ya müddətinin uzadılması vacib amillərdən biridir”.

S.Novruzov deyib ki, xüsusilə də Naxçıvandan Türkiyəyə getmək istəyənlər, ya da işləmək istəyənlər çox çətinliklərlə rastlaşır: "Qazandığını elə yolpuluna xərcləyirlər. Çünki ayda bir dəfə geri qayıtmalıdırlar. Heç olmasa, hissə-hissə bu sistemə keçmək olar. Necə ki, Gürcüstan özü Türkiyə ilə viza sistemini ləğv etdi. Bütün ərazisində olmasa da, Naxçıvanda Türkiyə ilə viza sistemini ləğv etmək, ya da 1 il müddətinə bu vaxtı uzatmaq lazımdır. Türkiyədən bura gəlib iş görürlər, burdan Türkiyəyə gedib işləyən müəllimlərimiz, həkimlərimiz var. Bu gün məhz elə o addımın atılmasının vaxtıdır ki, dost-düşmən də bizim münasibətlərimizi görsün”.

Milli Məclis sədri Oqtay Əsədov isə deyib ki, bu məsələnin üzərində iş gedir.

Anar