İnsanları aldadan “şəbəkə toru”

Bakıda işə götürmək adı ilə dələduzlar peyda olub
“Bu cür şirkətlər Azərbaycan tibbinin zəifliyindən istifadə edib, bazara daxil olur və dayanmadan irəliləyirlər”


Son zamanlar ölkəmizdə insanları aldadıb, "şəbəkə toru”na salan şirkətlər peyda olub. Onlardan biri də "Vision İnternational People Groupe” dərman şirkətidir. Bu qurumun ölkəmizdəki nümayəndəliyi əməlli-başlı fırıldaqçılıqla məşğuldur. Ötən günlərdə şirkətin tədbirinə qatıldıq və bu halın canlı şahidi olduq. Şirkət nümayədənləri yolda, küçədə gördükləri insanları "sizi yaxşı iş və yüksək əmək haqqı ilə təmin edəcəyik” deyib, yığıncaqlarına cəlb edirlər.

Toplantılarda isə şirkətin yaxşı təlim keçmiş əməkdaşları mükəmməl təqdimat hazırlayırlar. Təqdimatlarda dəbdəbəli saraylarda və üzərinə böyük məbləğdə pul bağlamaları düzülmüş masa ətrafında çəkilən şəkilləri nümayiş etdirib, "siz də böyük məbləğdə qazanc əldə edə bilərsiniz” söyləyib insanları şirnikləndirirlər. Bir sözlə, şirkət insanları "istehsal etdiyimiz dərmanları aldığınıza və bizə gətirdiyiniz hər bir müştəriyə görə, sizə faiz veriləcək” devizi altında şəbəkə "toru”na salır. Qazanan yalnız şirkətin özü və əməkdaşları olur. Oyunun qurbanları isə ciblərində pul qurtardıqdan və xəstəliklərinin aradan qalxmadığını müşahidə etdikdən sonra "ayılırlar”.

Belə şirkətlərin ölkəmizdə geniş yayıldığını deyən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Şərq”ə bildirib ki, bu məsələlərlə bağlı təşkilatlarına çoxsaylı şikayətlər daxil olur: 

"Bizə "Vision İnternational People Groupe”, "Oriflame” və TSİN kimi şirkətlərdən şikayətlər daxil olub. Konkret olaraq 20 gün əvvəl Xoşqədəm adlı xanım TSİN şirkətindən bizə şikayət edib. Belə şirkətlər qida əlavələri satmaqla piramida formalı şəbəkə qururlar və o şəbəkənin sayəsində gəlir əldə edirlər. Bazara çıxartdıqları isə nə qidadır, nə də dərman. Elektron siqaretə bənzəyir. Yəni nə elektron mal deyil ki, elektronika kimi qeydiyyatdan keçsin, nə də tütün məmulatı deyil ki, aksiz markası olsun. Qanundakı boşluqlardan istifadə edib, bazara daxil olurlar. Azərbaycanda da bu problem var. TSİN lə bağlı sonuncu şikayəti Baş Prokurorluğa, Səhiyyə Nazirliyi, Vergilər Nazirliyi və İqtisadiyyat nazirliklərinə göndərmişik. Hələ nəticə yoxdur. Əfsuslar olsun ki, həmin orqanlar şikayətimizə heç bir reaksiya verməyib. Cavab almamışam. Həmin şirkət rəhbərlərindən çoxu yanıma gəlir. Şəkillərədn ibarət jurnallar gətirir. Lakin bir dənə də olsun elmi nəşr gətirmirlər. Onlara dəfələrlə demişəm ki, gedin akademik nəşr gətirin. Onda inanım. Yoxsa, "baxın, mən belə sağalmışam” deyib, şəkil göstərir. Bu, insanları aldadıb, cibinə girmək və sağlamlığını əlindən almaqdır. Təəssüflər olsun ki, bu cür şirkətlər Azərbaycan tibbinin zəifliyindən istifadə edib, bazara daxil olur və dayanmadan irəliləyirlər. Hətta bir sıra tibb işçiləri də, bu proseslərə qatılıblar. Vətəndaşları aldatmaqla böyük məbləğdə pul qazanırlar”.

Ekspertin sözlərinə görə, bu cür qida əlavələri heç vaxt yoxlanmır: "Bu da qanundakı boşluqlardan qaynaqlanır. Əksər hallarda həmin qida əlavələrinin içərisində harmonal dərmanlar olur. Ən ağır xəstəliyə belə bir müddət çox yaxşı təsir göstərir. Sonra insan tamamən məhv olub gedir”.

Təşkilat sədri şirkətin qurbanına çevrilmələri ilə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib: "İstehlakçılar belə insanlara və şirkətlərə inanmasınlar. Onlar vətəndaşlarımızı aldadıb, həm cibini soyur, həm də sağlamlığını təhlükə altına salır. Ölkədəki tibb işçiləri də bəzən 3 muşketyor qanunları ilə işləyir. Pasiyentlərin hüquqlarının qorunması haqqında qanunun olmaması əhalinin kütləvi şəkildə ağır xəstəliklərə düçar olmasına səbəb ola bilər. Əlbəttə, burada külli miqdarda qazananlar var. İnsanların savadsızlığı və etibarından sui-istifadə edirlər. Şirin təqdimatlara inanıb, biri-birlərini aldadırlar. Bizim şikayət də məhz bununla bağlıdır. Xoşqədəm xanımdan 2500 manat pul alıblar. Xanım o şəbəkəyə üzv olub. Lakin sonradan məlum olub ki, bunun heç bir əhəmiyyəti yox imiş. Sonda bir daha söyləyirəm ki, bu cür şirkətlərə və təqdimatlara inanmaq olmaz”.

Ayyət Əhməd