İnsanları tüstü boğur

Siqaret əleyhinə qanunun qəbulu isə ləngiyir




İctimai yerlərdə, xüsusən də qapalı məkanlarda siqaret çəkilməsi ölkəmizdə böyük problemə çevrilib. Ortada bir qanun olmadığından bu istiqamətdə mübarizə hələlik sözdə aparılır. Qanun yoxdur deyəndə ki, əslində layihənin hazır olduğu iddia olunur. Amma ictimaiyyətə məlum olmayan səbəblərdən "Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin parlamentarilər tərəfindən müzakirəyə çıxarılması düz 4 ildir ki, yubadılır.

Bu müddət ərzində hər il Milli Məclisin yaz-payız sessiyasında qəbul ediləcəyi gözlənilsə də, hələ də bir səs-səmir yoxdur. Nədənsə, qanunun qəbulu hər dəfə təxirə salınır. Hətta artıq zaman keçdikcə, məsələ də öz aktuallığını itirməyə başlayır. Belə ki, məlum qanun qəbulunun reallaşacağı ilə bağlı ümidlər hər ötən il daha da azalır. Buna səbəb isə millət vəkillərinin ikibaşlı açıqlamalarıdır. Hər sessiya öncəsi olduğu kimi bu dəfə də Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsi yenidən gündəmə gəlib. Milli Məclisdən verilən son məlumata görə, ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi gələn ilin sonuna qədər qanun çərçivəsində həll oluna bilər. Bildirilib ki, ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması hissə-hissə həyata keçirilir və bu da yaxşı nəticələr verib. Məlumata görə, Milli Məclisin növbəti iclaslarında da bu məsələ yenidən qaldırılacaq: "İctimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi ilə bağlı məsələ bu ilin payız sessiyasında və yaxud da gələn ilin yaz sessiyasında qanun çərçivəsində tam həll oluna bilər”.

Göründüyü kimi, qanun layihəsi payız sessiyasından yaza, yazdan da payıza qalır. Bəs niyə? Bu qanunun qəbulu üçün Azərbaycanda zəmin yoxdur, ya mane olan qüvvələr var?

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə hesab edir ki, layihənin gecikməsinə səbəb düzgün mexanizmin olmamağıdır: "İctimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi ilə bağlı tendensiya artıq bir sıra dünya ölkələrində özünü doğruldub. Bizə qonşu olan ölkələrdə də bu məsələ qanuna müvafiq qaydada öz həllini tapıb. Təbii ki, ilk başlarda bu qadağaya qarşı dünyada güclü bir müqavimət oldu. Tütünün istehsalı və satışı ilə məşğul olan şirkətlər bacardıqları qədər bu qanunun əleyhinə lobbiçilik fəaliyyəti göstərdilər. Çünki bu sahədən külli miqdarda gəlir əldə olunur”.

Ə.Nuriyevin sözlərinə görə, Azərbaycanda siqaret istehsal olunduğu üçün ölkəyə siqaretin idxalı ilə bağlı müəyyən məhdudiyyətlər var ki, bu, əslində müsbət haldır. Bu məhdudiyyətlər xüsusilə daxili bazarı qorumaq üçün çox vacibdir. Azərbaycanda geniş şəkildə tütün istehsalının mövcud olmadığını vurğulayan hüquqşünas deyib ki, istehlakçıların sayı daha artıq olduğu üçün müəyyən mənada bu sahənin inkişafına ehtiyac da var. Amma təbii ki, istənilən halda bizim üçün insanların sağlamlığı daha önəmli olduğu üçün bu sahənin zəif inkişaf etməsi bizi narahat etməməlidir.

Tütünün insan orqanizminə zərərlərinə toxunan Ə.Nuriyev deyib ki, bununla bağlı siqaret qutularının üzərindəki xəbərdarlıqlar yetərli deyil: "Odur ki, ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması ilə qanun layihəsinin qəbulunu mən də doğru hesab edirəm. Amma qanundan əvvəl münbit zəmin olmalıdır. Qanun işləməsi üçün əvvəlcədən təbliğat-təşviqat işləri görülməli, vətəndaşlar maarifləndirilməli və cəmiyyət bu qanunun qəbuluna hazırlanmalıdır. Bizdə qanunlar geniş formatda ictimai müzakirəyə çıxarılmadığı üçün bir çox hallarda kağız üzərində qalır. Odur ki, ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunun parlamentdə müzakirəsindən əvvəl bütün idarə və təşkilatlarda, məişət obyektlərində ictimai dinləmələr keçirilməli və bu müzakirələrə siqaret istehsalı ilə məşğul olan şirkətlər də qoşulmalıdır. Bu qanunun qəbulundan sonra ortaya çıxacaq faydaları və zərərləri barədə məlumatlandırma olmalı, aşkar və ya dolayı faydaları aşılanmalıdır. Əhali qanun layihəsindən məlumatsız olduğu təqdirdə qanunun qəbulu özünü doğrultmayacaq. Özünü doğrultmayan bir qanunun qəbulundan cəmiyyət nə fayda götürəcək, dövlət nə fayda götürəcək?”

Şəymən