İnternetlə pul oğurlayan tutuldu

Oğurluğa səbəb əmanətçinin diqqətsizliyidir


Bu il mayın 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək "Kapital Bank”dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib. O, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

İqtisadçı Fuad İbrahimov baş verən hadisəylə bağlı "Şərq”ə açıqlamasında bildirib ki, pulun oğurlanmasına səbəb ilk növbədə ehtiyatsızlıq olub. Ekspertin sözlərinə görə, kart sahibi ya elektron formada ödəniş edib, ya da kart kənar şəxslərin əlinə keçib:

"Təəssüflər olsun ki, ölkəmizdə postterminallara yaxınlaşıb kartla ödəniş edəndə heç kimdən şəxsiyyət vəsiqəsi istəmirlər. Daha doğrusu, bunu vətəndaşların mənliyinə toxunmamaq üçün edirlər. Məsələn, əgər ABŞ-da başqa bir dövlətin vətəndaşı kassaya yaxınlaşıb hansısa ödəmə edəndə onlardan mütləq kartla bərabər İD, yəni şəxsiyyəti identifikasiya edən sənəd tələb edirlər. Çox güman ki, bu xanım da ehtiyatsızlığın qurbanı olub. Kimsə dələduzluq niyyəti ilə götürüb kartı.

Buna bənzər hadisələr baş verən zaman belə bir fərziyyələr deyilir ki, kənar şəxs bankdan kiminsə adına pul ala bilir. Lakin heç bir operator və yaxud bankir şəxsiyyət vəsiqəsi olsa belə, pulları kənar şəxsə verməzlər. Bunun üçün xüsusi vəkalətnamə olmalıdır. Ona görə də yəqin ki, oğurluq halının baş verməsi kart sahibinin diqqətsizliyi ucbatından yaranıb”.

Yeganə Bayramova