İndi nə vətəndaşlar, nə də media intiharların “sürət”inə çata bilirMövzudan danışan tanınmış yazarların da fikirləri haçalandı
Əvvəllər "intihar” sözünün bir vahiməsi vardı. Kiminsə intihar xəbəri yayılanda hadisə bir müddət gündəmdən düşmürdü. Uzun müddət intiharın səbəbləri müzakirə edilir, mümkün ehtimallar irəli sürülürdü. Amma indi nə vətəndaşlar, nə də media intiharların "sürət”inə çata bilir. "İntihar" sözü artıq o qədər adiləşib ki, ömrünün bahar çağını yaşayan gənclərlə yaşlıların ölümü arasında heç bir fərq qalmayıb. Həm də ki, indi cəmiyyət intihar edən gənclərin nakam taleyinə üzülmür, əksinə, onları acizlikdə qınayaraq, "cəhənnəmlik” olduqlarını iddia edirlər. Xüsusən də, sevgi intiharları artıq insanlarda qıcıq doğurmağa başlayıb. Ağır xəstəlikdən əziyyət çəkdiyi üçün özünü öldürən yaşlı adama təəssüflənən insanlar sevgilisindən "yox” cavabı aldığı üçün özünü asan gənclərə az qalsın "əcəb oldu” deyirlər.
Amma kim nə deyir desin, kim qınayır qınasın, gənclər baş verən faciələrdən "dərs” çıxarmırlar. İntihar etmələri azmış kimi öz ipini özü çəkən gənclər əvvəlcədən bu dünya ilə haqq-hesab da çəkirlər. Ürəyində qalan sözləri, heç kəslə paylaşa bilmədiyi duyğularını kağız üzərinə köçürərək onları intihara vadar edən şəxsləri də "günah keçisi” elan edirlər. Hərəsi də bir məktub yazır ki, "onsuz yaşaya bilmərəm", "sənsiz yaşamaqdansa, ölsəm daha yaxşıdı"...
Təbii ki, intiharlardan çox yazılıb. Psixoloqlar, sosioloqlar intiharların səbəblərinə toxunub, öz məsləhətlərini veriblər. Görəsən, yazarlarımız nə düşünür bu barədə? Gəncləri sevgi intiharlarına vadar edən nədir? Doğrudan da, nakam sevginin yükü ağır olur, yoxsa heç gənclərin özü də nə etdiklərini bilmir?
Qeyd edək ki, növbəti sevgi intihar hadisəsi Samuxda qeydə alınıb.
Rayonun 1990-cı il təvəllüdlü Çobanabdalı kənd sakini Fuad Məharət oğlu Mərdanov boğulma diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər zərərçəkmişin vəziyyətini ağır qiymətləndirir. Məlumata görə, 26 yaşlı gənc sevdiyi qıza görə özünü yaşadığı evdə asıb. Faktla bağlı araşdırma aparılır.
Bundan iki-üç gün əvvəl isə 15 yaşlı Teymur Həsənli son sözlərini sevdiyi qıza ünvanlayaraq özünəqəsd edib: "Səni çox sevirdim, ancaq sən mənim sevgimə cavab vermədin. Bilirəm ki, elədiyim günahdır. Ancaq bu dünyada sənsiz yaşaya bilmərəm”.
Bizim gənclik sevdiyi qıza görə özünü öldürürsə, buna ancaq sevinmək lazımdır

Şair Aqşin Yeniseyin sözlərinə görə, intihar hallarının artmasına səbəb gənclərimizdə emosional - ruhani cahilliyin olmasıdır: "Amma bundan əvvəl savadsızlıq gəlir. Gənclərimizin özlərini, dünyanı, cəmiyyətdə gedən prosesləri dərk etməyə, analiz edib dəyərləndirmələr aparmağa, düzgün qərarlar verməyə elementar savadları çatmır. Biliksizlik onları seçim bolluğundan məhrum edib. Dünya onların seçdikləri, sevdikləri ilə məhdudlaşır, bitir. Onlar yeganə sandıqları bu seçimlərini itirdikdə, doğrudan da, yaşaya bilmirlər, mənəvi müqavimət olmadığından həyatdaykən ölüb gedirlər. Məgər bir çoxumuz məhz bu cür insanlardan törəməmişik?! Əksəriyyətimiz ilk nakam sevgidən sonra "ölmüş" ata və anaların övladlarıyıq. Şairimiz belə ilk məhəbbətdən sonra qəbirdən, kəfəndən, ölümdən yazmağa başlayır. Bu, yalnız elmsizliyin nəticəsidir. Hələ qədim yunanlar zəka ilə yanaşı, uşağın ruhunu da tərbiyə etmək haqqında düşünürdülər və bundan ötrü musiqinin, incəsənətin rolunu əvəzsiz hesab edirdilər. Bizim gəncliyin ruhu toylarda, şadlıq saraylarında böyüyür, tərbiyə alır. Gənclərimiz üçün incəsənət "07” markalı maşında qulaq asdığı meyxanadır. Bizim gənclik sevdiyi qıza görə özünü öldürürsə, buna ancaq sevinmək lazımdır. Başqa müsəlman ölkələrində, məsələn, Nepalda, Banqladeşdə belə gənclər silaha sarılıb ailələri qətliam edirlər. Şahzadə Dependranın müsibətini xatırlayın. Zənnimcə, bundan sonra ölü Məcnunların halına çox ağlayacağıq, hələ bu muştuluqdur”.
- Bəlkə də elə gənclər özlərini oxuduqları əsərlərdəki qəhrəmanlara bənzətmək, hansısa bir sevgi dastanının qəhrəmanı olmaq istəyirlər?
- İnanmıram ki, kitab oxuyan gənc sevgiyə görə özünü öldürsün. Seriallarda gördüklərini yamsılayırlar, qızlar da, oğlanlar da. Bütün gənclər türk seriallarında gördüyü millətçi, İŞİD-çi estetikasına uyğun saqqallar saxlayırlar. Bu insanların kitabla heç bir əlaqəsi yoxdur.
Biri romantik sevgi acısına, biri institua girə bilməməsinə...
"Qaynar.info” saytının baş redaktoru, yazar Zahir Əzəmət isə hesab edir ki, istənilən ölkədə təhsilin səviyyəsi düşdükcə intiharların sayı artır. Normal cəmiyyətlərdə hər şeyin əsasında təhsil dayanır. İnsanın İQ göstəriciləri yüksək olduqca, həyatı da daha dərindən dərk edir və heç bir problemin qarşısında aciz qalmır: "Təhsilsizliyin ilk acısını da gənclər çəkir. Biri romantik sevgi acısına, biri institua girə bilməməsinə, biri valideynlərin təzyiqlərinə yenilir və intihar edir. Bu acıları yaşamadan cəmiyyətə atılanlar isə vaxt gəlir kredit borcuna, sosial problemlərə görə intihar edir. Bu problemlərin açarı nə ədəbiyyatda, nə də psixologiyadadır. Təhsil yoxdur, mənəvi boşluq var. İqtisadiyyat yoxdur, sosial problemlər var. Fərdi azadlıqlar yoxdur, ictimai və ailə təzyiqi var. Həyat yoxdur, ölüm var”.
"Nə etməliyik" sualına gəldikdə isə yazar deyib ki, ilk növbədə media, özəlliklə də internet mediası və telekanallar intihar xəbərlərini tirajlamaqdan vaz keçməli, təhsilin səviyyəsini qaldırmalı, normal cəmiyyətə doğru iri addımlarla yürüməliyik.
Bu faciəni yaşamış adam kimi istəyirəm intihar fikri ilə yaşayanları ipdən alım, onları xilas edim
Gənc yazar Ayxan Ayvaz isə özünəqəsd xəbərlərinin onun üçün çox həssas olduğunu deyib: "İntihar xəbərləri məni hər dəfə keçmişə qaytarır, o anı gözlərimin qabağına gətirir. Mən bu haqda yazı da yazmışam. Anam intihar edib deyə, bu məsələ mənim üçün ağrılıdır. Hər dəfə intihar xəbəri görəndə anamı asılmış vəziyyətdə təzədən görürəm.
Axı anam da sevdiyi adamın yoxluğuna dözə bilməyib intihar etmişdi. Həqiqətən intiharın səbəbini heç vaxt anlaya bilməmişəm. Ancaq mənə elə gəlir ki, insan bu qərara düşdüyü qəfil çarəsizlikdən gəlir. Məncə, intihar depressiv bir durumda verilən ani bir qərardır”.
Qeyd edək ki, Ayxan Ayvaz bir müddət əvvəl yazdığı "Anam intihar etdi, Siz etməyin” adlı köşəsində belə deyib: "Mən anamı nə qınayıram, nə də ki, təqdir edirəm. İntihar heç də qəhrəmanlıq deyil. Bütün hallarda geridə qalan sevdiklərin çox pis vəziyyətə düşür. Neçə adamın psixologiyası darmadağın olur. Bəzən sən intiharı çıxış yolu kimi seçirsən, ancaq o seçim başqalarının həyatını puç edir. Ona görə də hamıya səslənirəm: intihar etməyin, sevdiklərinizi incitməyin. Bir anlıq düşünün ki, sevdiyiniz adamlar sizi həmişə ipdən asılı, ya da qolları kəsik-kəsik xatırlayacaq. Onlara bu əzabı vermək sizə asandır? Axı sizin özünüzü öldürməyiniz neçə adamın həyatını zədələyir. Bu zədə ilə yaşamaq çox çətindir.
Beyninizdə intihar fikri dolaşanda Nazim Hikmətin şeirlərini oxuyun, ya da çıxın hava alın, komik bir filmə baxın, ağlınıza özünüzdən daha faciəvi durumda olan adamları gətirin, Afrikada aclıqla, yaşamaqla mübarizə aparan cocuqları, bir insanın intiharının nə qədər adamı yerlə-yeksan edəcəyini düşünün. Sevin, sevilin, yaşamağı həyatınızın ən vacib işi hesab edin. İçinizi xoş şeylərlə, sevgi ilə, barışla, umudla doldurun. Bu faciəni yaşamış adam kimi istəyirəm intihar fikri ilə yaşayanları ipdən alım, onları xilas edim. Mənim anam intihar etdi, amma siz bunu etməyin. Çünki mən anamı da, bütün insanları da sevirəm...”.
Sevgi intihara səbəb olan seksual faktordur

Yazar Cəlil Cavanşir isə intiharın insanın ruhi vəziyyəti ilə bağlı bir məsələ olduğunu deyib: "İntihara cəhd edən, bu barədə düşünən şəxsin ilk növbədə tibbi yardıma, psixoloq dəstəyinə ehtiyacı var. Sevgi intihara səbəb olan seksual faktordur. Qarşılıqsız sevgi, qarşılıqsız eşq bəzən insanı intihara sürükləyir. Yeniyetmə və gənclərin aşiq olduğu dönəm olduqca həssas dönəmdir. Bu dönəmdə gənclərə ciddi dəstək, ailənin diqqəti lazımdır. Valideynlər müəyyən yaş qrupuna aid yeniyetmələrlə ciddi maraqlanmalı, onların probleminə diqqətlə yanaşmalıdır. Gənclik, yeniyetməlik çox həssas dönəmdir. Xüsusilə, yeniyetmələrin intihar haqqında düşünməsi, qarşı tərəfi intihar edəcəyi ilə təhdid etməsi, intihara cəhd etməsi diqqət çəkməyə hesablanır. Bəzən isə çarəsizlik, mümkünsüz hesab olunan sevgi intihara səbəb olur. Bütün hallarda yeniyetmə və gənclər intihar qərarını diqqət çəkmək üçün verir. Son ana qədər də ölümü, öləcəyini düşünmür, son anda xilas olmağa ümidli olur. Yazıçı və filosof Alber Kamyu hesab edirdi ki, "Yeganə fəlsəfi problem, intihardır". Məncə, yeniyetmə yaşında aşiq olanlar, əslində eşqin, sevginin nə olduğunu tamamən dərk etməyən təcrübəsizlərdir. Təcrübəsizlik əzab çəkməyə, düşdüyü vəziyyəti dəyərləndirmək qabiliyyətini itirməyə səbəb olur. Gənclər intiharın ölümə səbəb olacağına son ana qədər inanmır, xilas olacağına azacıq da olsa ümid bəsləyir”.
Cəlil Cavanşirin sözlərinə görə, bütün hallarda valideynlər kritik yaş dönəmində olan gənclərə həssas yanaşmalı, onların intihar cəhdlərinə, intihar düşüncələrinə mane olmalıdırlar.
Şəymən