İqbal Ağazadə və Araz Əlizadə qarşıdurmasında kim haqlıdır”

Məhərrəm Zülfüqarlı: “Bu rəqabətə səbəb iddia olunan qanun pozuntusu deyil, ideologiyadır”



Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə seçki rəqibi, "Ümid” Partiyasının sədri İqbal Ağazadədən 35 saylı Xətai üçüncü dairə seçki komissiyasına şikayət ərizəsi yazıb. Dairədən verilən məlumata görə, şikayət ərizəsində İ.Ağazadənin seçki qanunvericiliyini pozması qeyd olunub və onun namizədliyinin ləğv edilməsi istənilib.

A.Əlizadənin iddiasına görə, rəqibi təşviqat kampaniyasına rəsmi start verilməmiş, fəaliyyətə başlayıb və seçiciləri müxtəlif yollarla ələ almağa çalışıb: "Təbliğat kampaniyası oktyabrın 9-dan başlayır. İqbal Ağazadə isə oktyabrın 1-dən hər yerdə asfalt çəkdirir, yelləncəklər düzəltdirir və s. Bu isə seçki qanunvericiliyinə ziddir, həm də maddiyyatla seçiciləri ələ almaqdır. Əvvəla, seçki kampaniyası dövründə nəyisə xərcləyirsənsə, hesabına pul köçürülməlidir. Sonra oradan pulu götürüb xərcləyə bilərsən. İndiki halda isə asfalt çəkmək, yelləncək düzəltdirmək qadağandır”.

A.Əlizadə qeyd edib ki, onun nümayəndələrinin əlində İ.Ağazadənin seçki qanunvericiliyini pozmasını sübut edən şəkillər var. Partiya sədrinin sözlərinə görə, bu məsələ ilə bağlı dairə seçki komissiyasından sonra Mərkəzi Seçki Komissiyasına, oradan isə məhkəməyə müraciət edəcək. Sona kimi gedəcəyini diqqətə çatdıran A.Əlizadənin sözlərinə görə, insan bir dairədən 3 dəfə millət vəkili seçilirsə, o, artıq bütün seçicilərinin sevimlisinə çevrilməlidir ki, 5 ildən bir asfalt çəkməsin, yelləncək düzəltməsin. Asfaltlar daima çəkilməlidir. İqbal Ağazadə isə az.news.az-a açıqlamasında bu ittihamları şər-böhtan adlandırıb. O bildirib ki, A.Əlizadənin ərizəsində göstərdiyi bütün ittihamlar onun bundan əvvəlki millət vəkili olduğu illərdə aidiyyəti qurumlara göndərdiyi məktublar əsasında görülüb. Onu da deyək ki, İ.Ağazadə qeyd edib ki, onun ərazidə gördüyü işlərin indi şantaj vasitəsinə çevrilməsindən təəssüflənir.

Tərəflərdən hansının haqlı olduğunu öyrənmək üçün AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ilə əlaqə saxladıq. Ekspert "Şərq”ə açıqlamasında deyib ki, İqbal Ağazadə neçə illərin millət vəkilidir. O, qanunverici qurumda təmsil olunduğundan qayda-qanunları yaxşı bilir: "Bu rəqabətə səbəb iddia olunan qanun pozuntusu deyil, ideologiyadır. İqbal Ağazadənin rəhbərlik etdiyi "Ümid” Partiyası sağ mərkəz partiyası Araz Əlizadənin sədri olduğu ASDP isə sosialistlərdir. Məsələnin kökü burdan qaynaqlanır”.

Seçki təbliğat-təşviqat kampaniyasının 9 oktyabr tarixdən başlayacağını xatırladan M.Zülfüqarlı deyib ki, seçki qanunvericiliyini pozan elə Araz Əlizadənin özüdür: "Onun İqbal Ağazadədən MSK-ya verdiyi şikayətlə bağlı mətbuata açıqlamasının özü təbliğatdır. Araz Əlizadə kampaniya başlamazdan əvvəl dolayı yolla özünü təbliğ edir. Bu isə qadağandır. O, indidən təbliğat məqsədi ilə bu cür hiyləgər siyasət yeridir ki, guya bu, düzgünlüyün tərəfdarıdır. Ancaq partiya sədrləri bu cür cılız reytinq kampaniyalarından uzaq olmalıdırlar”.

Konkret olaraq, İqbal Ağazadənin asfalt çəkdirməsi, yelləncəklər düzəltdirməsinin seçki qanunvericiliyinə zidd olub-olmadığına gəldikdə isə ekspert deyib ki, "Ümid” sədri hazırda həmin dairədən deputat kimi təmsil olunduğu üçün bu, qanun pozuntusu hesab olunmur: "Millət vəkilinin özü də mətbuata açıqlama verib ki, görülən abadlıq işləri onun aidiyyəti qurumlara göndərdiyi məktublar əsasında görülür. Dediyim kimi, bu şikayət İqbal Ağazadənin yol çəkməsinə narazılıq deyil, solçuların sağçılarla rəqabətidir. Hansının qalib gələcəyini isə seçkilərdə görəcəyik”.

Şəymən