Elçin Mirzəbəyli: “İstənilən zaman hakim partiyanın özü də belə bir təşəbbüslə çıxış edə bilər”Mirmahmud Mirəlioğlu: “Yaxşı olar ki, vaxt itkisinə yol verilməsin. Birgə müzakirələr aparılsın”
Son günlər cəbhədə yaşanan gərginlik Azərbaycanda iqtidar-müxalifət dialoqunu növbəti dəfə gündəmə gətirib. Doğrudur, əksər sivil, demokratik ölkələrdə ərazi bütövlüyü və təhlükəsizlik məsələlərində bütün siyasi düşərgələr dialoqa gedir və vahid mövqedən çıxış edirlər. Əlbəttə, bu təcrübə respublikamızda da tətbiq olunur.
Ölkəmizin çətin anlarında müxalifət və iqtidar bir araya gəlib, Azərbaycanın ərazi bütövlüyünün təminatına dair yekdil münasibət sərgiləyirlər. Buna rəğmən nə 4 günlük (2-6 aprel) müharibə ərəfəsində, nə də müharibədən sonra iqtidarla müxalifətin dialoqu reallaşmadı. Səbəbi isə müxtəlif amillərlə izah olundu. Kimi buna müxalif düşərgənin, kimi isə iqtidarın hazır olmadığını bildirdi. Maraqlıdır, görəsən, gözlənilən bu dialoq niyə baş tutmayıb?
Suallarımızı cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "Şərq”ə deyib ki, Azərbaycanda iqtidarla müxalifət dialoqu faktiki olaraq var: "Bu dialoq parlament çərçivəsində də aparılır. Eyni zamanda parlamentdən kənar partiyalarla ayrı-ayrı görüşlər keçirilib. Bu zamana qədər müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Bundan başqa, hakim partiya bəyan edib ki, dialoq üçün konkret olaraq ortaya predmet qoyulmalıdır. Müzakirə mövzusu müəyyənləşməlidir. Söhbət torpaqlarımızın işğaldan azad edilməsi məsələsindən gedirsə, bu işdə onsuz da fikir ayrılığı yoxdur. Düzdü, bir-iki nəfər xarici qüvvələrin maraqlarını ifadə edənlər var. Onların müxalifətə heç bir aidiyyəti yoxdur. Müxalifət Azərbaycan dövlətinin maraqlarını bu məsələdə müdafiə edir. Vətənpərvər və torpağa bağlı olan hər kəs işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasını arzulayır. Bu məsələlər son hadisələr zamanı öz təsdiqini tapdı”.
E.Mirzəbəylinin qənaətincə, iqtisadi islahatlarla bağlı müzakirələr aparmaq olar. Amma ortada konsepsiya və ya təkliflər olmalıdır: "Hələ ki, belə bir yanaşma və sənədlə çıxış edən siyasi qüvvə olmayıb. Təkliflər var. Amma o təkliflər ayrı-ayrı siyasi təşkilatlar və iqtisadçılar tərəfindən dilə gətirilib. BAXCP bütün seçki platformalarında iqtisadi islahatlara dair çağırış edib. Bu çağırışlar haqda konkret təşəbbüs və təkliflər irəli sürüb. Həmin təklif və təşəbbüslər parlamentin sessiyalarında partiya sədri Qüdrət Həsənquliyev tərəfindən dəfələrlə dilə gətirilib. Mövqeyimiz ortadadır. Yeni nüanslar ortaya çıxarsa, dialoq üçün əlverişli mühit yaranarsa, o zaman istənilən məsələni müzakirə etmək olar. Amma təşəbbüs kimdən gəlməlidir məsələsi önəmli deyil. İstənilən zaman hakim partiyanın özü də belə bir təşəbbüslə çıxış edə bilər”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu diqqətə çatdırıb ki, dialoq məsələsi hər zaman aktualdır: "Təbii ki, xüsusi hallar olur ki, görüş və danışıqlar baş tutur. İqtidar bu görüşləri dialoq adlandırır. Bu da normaldı. Amma normal olan məsələlərə görə, normal müzakirələr aparılsa da, real nəticələr olmur. Bir ay öncə bəzi məsələlər ətrafında iqtidarla müxalifətin birgə müzakirəsinə ehtiyac vardı. Döyüşlərdə uduzan tərəf, yəni Ermənistan bunu edir. Biz özümüzü qalib hesab etdik. İnanıram ki, bu, belədi. Gec-tez Azərbaycan əsgəri qalib olacaq və torpaqlarımızı işğaldan azad edəcəyik. Lakin daha yaxşı olar ki, vaxt itkisinə yol verilməsin. Birgə müzakirələr aparılsın. Debat istəyi və onun aktuallığı bizdən asılı deyil. Dialoq iqtidarın istəyindən asılıdır. Müşahidələrimizin nəticəsi göstərir ki, iqtidarın belə bir istəyi yoxdur. Ola bilər ki, istəyi var, amma dilinə gətirmir. Bu başqa məsələdir”.
Ayyət Əhməd