İranın növbəti dəfə prezidenti seçilmiş Həsən Ruhani parlamentə yeni hökumətin tərkibini təqdim edib. 17 nəfərdən ibarət olan hökumətin tərkibində böyük dəyişikliklər müşahidə olunmur və yalnız diqqət çəkən məsələ odur ki, hökumət üzvləri arasında bir nəfər də olsun qadın yoxdur.
Məlumata görə, Ruhani həm də ona görə tənqid olunur ki, seçki kampaniyası ərəfəsində onu dəstəkləyən islahatçı və yenilikçi kadrlara çox az yer ayırıb. Xatırladaq ki, buraxılan hökumətdə 3 xanım vitse-prezident postunda yer alıb. Həmin xanımlardan biri olan Şahindokt Mollaverdinin söylədiklərinə görə, yeni hökumətdə 2 və 3 xanım nazirin olacağına ümid edirlərmiş, lakin bu, baş verməyib.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, yeni hökumətin təkcə qadın problemi yoxdur, eyni zamanda müasir dünya görüşlü adamlar, islahatçı siyasətçilər və milli azlıqların nümayəndələri də çox zəif təmsil olunurlar.
Xüsusən, 35 milyonluq azərbaycanlıları təmsil edən nümayəndələrin yeni hökumətdə yer ala bilməməsi olduqca problemli məsələdir: "Aydın görünür ki, yeni hökumət islahatçı xarakter daşımayacaq. Çünki orada yenə də mühafizəkar qanadın təmsilçiləri üstünlük təşkil edir.
Elə görünür ki, Ruhani birinci seçki dönəmində islahatçı görüntüsü versə də, ikinci seçki zamanı tamamilə mühafizəkar qanada təslim olub. Prezident dərin güclərin diktəsi əsasında işləyir. Vurğulayım ki, mən Ruhanini təbiət etibarı ilə islahatçı kimi qəbul etməmişəm. Çünki onun hərəkətlərində qatı fars millətçiliyi aydın sezilir. Modernizm meyilləri isə arxa planda qalır. O, Qərbdə təhsil alsa da, dini ideologiyanın tam təsiri altındadır. Axırıncı seçkidə Ruhani mühafizəkarlarla müəyyən məsələlərdə kompromisə gəlməsəydi, onu heç seçki kampaniyasına buraxmazdılar.
ABŞ-ın İrana növbəti sanksiyalarından sonra mühafizəkarların əlinə yeni fürsət düşdü. Onlar hesab etdilər ki, əvvəlki dönəmdə ABŞ-la imzalanmış nüvə sazişi özünü doğrultmadı. Ona görə də ona əməl edilməməlidir. Bununla da Ruhaninin "yanlışları” hökumətin formalaşmasında onun söz sahibi olmasına imkan vermədi. Aparıcı ayətullahlar yeni hökumətin qurulmasında əsas rolu oynadılar. İranın daxili və xarici siyasətində heç bir dəyişiklik olmayacaq. Lap hökumətdə iki-üç islahatçı şəxs yer alsa belə yenə nəticə dəyişməyəcək”.
İsmayıl