Azərbaycan türkləri yenə nəticələrdən qazana bilmədi
Bu günlərdə İranın 21 əyalətində baş tutan parlament seçkilərinin ikinci turu başa çatıb. Səslərin hesablanması seçki məntəqələrinin bağlanmasından dərhal sonra başlanıb. İkinci turda 18 yaşdan yuxarı səsvermə hüququ olan 17 milyondan çox seçici iştirak edib. Seçkilərin ikinci mərhələsində 68 mandat uğrunda 136 namizəd mübarizə aparıb.
Marafonun nəticələrinə əsasən, Prezident Həsən Ruhaninin siyasi tərəfdaşları üstünlük əldə ediblər. Məlumata görə, Prezident tərəfdarları birinci turun nəticələrinə əsasən bölünməmiş 68 yerdən 33-40 yer, mühafizəkarlar isə 21 yer tutublar. Yada salaq ki, parlament seçkilərinin birinci turu fevralın 26-da keçirilib. Həmin turun nəticələrinə görə, İslam Şurası Məclisindəki 290 yerə 221 deputat seçilib.
Seçkiləri dəyərləndirən "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli "Şərq”ə bildirib ki, bütün avtoritar və diktatorial rejimlərdə seçkilər psixoloji təzyiqlər altında keçirilir: "Avtoritarlarda daha çox zahiri görüntü olur. Camaatın iradəsi önəmli olmur. İstənilən nəticə əvvəlcədən sarayda hazırlanır və elan olunur. Fars rejimi də belədir. Din adı altında siyasi hakimiyyət fəaliyyət göstərir. Siyasi hakimiyyətin əsas dayağı islam faktorudur. Bəzi hallarda insanlar zorən bu ideoloji maşın içərisinə salınırlar və onların iradəsi korlanır. İranda insanlar etnik kimliyinə və fərqli düşüncəsinə görə açıq formada təqib olunurlar. Burada gizlətməli bir məsələ yoxdur. Ona görə də, düşünmürəm ki, belə rejimlərdə ədalətli, azad, şəffaf seçkilər keçirilsin və onun nəticəsi toplumun iradəsini ifadə etsin. Bir texnoloq və ya Amerika, Polşa məktəbini keçən birisi olaraq hesab edirəm ki, İranda ədalətli seçkilərdən danışmaq demokratiya prinsiplərinə ziddir. Bu baxımdan İrandakı seçkinin oradakı Azərbaycan toplumunun iradəsini ifadə edəcəyini düşünmürəm. Zaman-zaman İran parlamentində və daha yüksək səviyyələrdə Azərbaycan türkləri təmsil olunub. Onlardan biri Azərbaycan türklərinin haqlarını dillərinə gətirməyiblər. O istiqamətdə hər hansı bir addım atılmayıb. İndiki parlament seçkisi də rejimin nəzarəti altında keçirilib və ona görə də, 35 milyonluq Azərbaycan türklərinin iradəsini ifadə etmək gücündə olmayacaq”.
Ayyət Əhməd