Cavad Cahangirzadə Urmiya doğumludur, oradan deputat seçilib
Yeni diplomatın şəxsi baxışı və diplomatik fəaliyyəti İran və Azərbaycan üçün olduqca önəmli faktordur
İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin diplomatik missiyasının müddəti başa çatmaq üzrədir. Verilən məlumata görə, Pakayini bu vəzifədə İran parlamentinin Urmiyadan olan keçmiş deputatı Cavad Cahangirzadə əvəz edəcək. Məlumat üçün bildirək ki, Pakayin 2012-ci ilin oktyabr ayından İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır. Ekspertlərin sözlərinə görə, İranın Azərbaycana önəmli bir diplomatı səfir təyin etməsi təsadüfi qərar deyil. Cavad Cahangirzadənin Azərbaycana böyük rəğbət bəslədiyi deyilir. Rəsmi Tehranın məhz indiki məqamda Azərbaycanla hər sahədə əməkdaşlığın daha da gücləndirilməsi fikirlərilə çıxış edən bir şəxsi ölkəmizə elçi göndərməsi İran-Azərbaycan münasibətlərinin möhkəmləndiyini sübut edir. Cahangirzadə 1966-ci ildə Urmiyada doğulub və oradan da deputat seçilib. O, İran İslam Respublikasının İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü olub. O, 2014-cü ildə Azərbaycanla İran arasında iqtisadi əlaqələrin daha da yüksəldilməsi ilə bağlı çağırışlar edib. İkitərəfli ticarət əlaqələrinin maksimum həddə çatdırılması tərəfdarı olan Cahangirzadə, bunun üçün hər cür potensialın olduğunu bildirib. Yeni səfir hər zaman Azərbaycanın İranın qonşuları arasında xüsusi bir yerə sahib olduğunu diqqətə çatdırıb. O, Azərbaycan və İranın ortaq tarixi, mədəni, dini köklərə bağlı olduğunu deyərək bizi qardaş və dost ölkələr adlandırıb. Yeni səfir açıqlamalarının birində vurğulayıb ki, Azərbaycan ilə İran arasında neft, qaz, enerji əməkdaşlığını mütləq genişləndirmək lazımdır. İddialara görə, İranın yeni səfirinin Azərbaycana olan rəğbəti iki ölkə arasında münasibətləri inkişaf etdirəcək. Yeni səfir haqda "Şərq”ə danışan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Miri deyib ki, adətən səfirlər təmsil etdikləri dövlətin siyasi xəttindən kənara çıxa, fərqli fəaliyyət göstərə bilmirlər: "Ancaq həmin dövlətin digər ölkəyə qarşı strateji münasibəti müsbət mənada dəyişirsə, adətən yeni şəraitə uyğun səfirlər təyin edirlər. Cavad Cahangirzadə bir növ yeni münasibətin proqramçısı kimi dəyərləndirilməlidir. İran bununla mesaj vermək istəyir ki, rəsmi Tehran Azərbaycanla daha yaxın tərəfdaş olmaq iddiasındadır”. Politoloqa görə, bir-birinə qonşu olan iki müsəlman ölkəsinin sıx əlaqə qurması daha asandır: "İranla münasibətlərin normallaşmasında yeni səfirin fəaliyyəti xüsusi önəm kəsb edir. O mənada ki, bütün təqdimatlar məhz səfirlər vasitəsi ilə dövlət rəhbərliyinə ötürülür. Fikrimcə, Cahangirzadənin şəxsi baxışı və diplomatik fəaliyyəti İran və Azərbaycan üçün olduqca önəmli faktordur. İranın son zamanlar Azərbaycana qarşı yeritdiyi siyasətdə müsbət yöndə dəyişiklik hiss olunur. Yeni səfirin təyinatı da buna uyğun olaraq bir davranış kimi dəyərləndirilməlidir”.
İsmayıl