Ermənistanın KTMT-də mövqelərini itirməsi ən böyük fiyaskosudur
Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərarını imzalamaqla Stanislav Zasın rəsmi olaraq namizədliyini dəstəkləyib. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Zas Rusiya ilə yanaşı, Qırğızıstan, Qazaxıstan və Tacikistanda da olub. Dörd dövlətin hamısı Belarusun namizədinə dəstək veriblər. Sadəcə Ermənistan tərəfi quruma rəhbərliyə növbəti dəfə iddia etdiyi üçün Belarusun namizədini dəstəkləməyib. Lukaşenko İrəvanın bu hərəkətini tənqid edərək təşkilatın rəhbərliyində yaranmış problemə görə birbaşa günahkarın Ermənistanın yeni hakimiyyəti olduğunu deyib. Ekspertlərin fikrincə, bununla da Ermənistanın KTMT-yə sədrlik iddiası ortadan qalxdı. Ən əsası isə təşkilat üzvləri İrəvanın etibarlı tərəfdaş olmadığını anlamış oldular.
KTMT ətrafında cərəyan edən olayları "Şərq”ə şərh edən politoloq İlqar Vəlizadə "Şərq”ə deyib ki, Ermənistan həm təşkilatda, həm də regionda tamamilə təklənib. Artıq Rusiya da müttəfiqi İrəvana dəstək vermir:
"Ermənistan önəmli ölkə deyil ki, Moskva öz mənafelərini kənara qoyaraq israrla İrəvanın tərəfini saxlasın. Ermənilərin KTMT-də rəhbərliyi itirməsi Nikol Paşinyanın xarici siyasətdəki fiyaskosudur. Təşkilat son illər ərzində müxtəlif ölkələrlə sıx əlaqələr qurmaq niyyətində olduğunu bəyan edib. Rusiya başda olmaqla, Qazaxıstan və Belarus dövlət başçıları dəfələrlə bildiriblər ki, İran, Pakistan və Azərbaycanla yaxın münasibət qurmağı qarşılarına məqsəd qoyublar.
Təbii ki, burada söhbət birbaşa üzvlükdən daha çox həmin ölkələrin müşahidəçi qismində təşkilatda təmsil olunmasından gedir. Lakin Ermənistan hər dəfə bunun əleyhinə çıxıb. Xüsusən Azərbaycanın və Pakistanın hansısa formada qurumda yer almasını İrəvan üçün ciddi təhlükə görüb. Yəni hər addımı ilə təşkilatın maraqlarına zidd addımlar atıb. KTMT-nin hansı üzvü razı olar ki, qurumda onların ümumi siyasətinə zidd davranış sərgiləyən bir ölkə təmsil olunsun?!”.
Siyasi şərhçinin fikrincə, bu insident imkan verəcək ki, KTMT üzvləri Ermənistanın təhdidlərini tamamilə neytrallaşdırsınlar və qurumun nizamnaməsində dəyişiklik etsinlər:
"Hazırda bununla bağlı danışıqlar gedir. Ehtimala görə, qurumda yeni tərəfdaş və müşahidəçi statusu təsis ediləcək. Şübhəsiz ki, bütün bunlar Ermənistanı növbəti dəfə qıcıqlandıracaq. Lakin hər zaman olduğu kimi yenə də İrəvan çarəsiz qalacaq və çırpınışları fayda verməyəcək”.
İsmayıl