İrəvanda Azərbaycan mətbuatı...

İrəvanda Azərbaycan mətbuatı...
İlk mətbu orqan çar Rusiyası dövründə işıq üzü görüb


İrəvanda Azərbaycan dilində nəşr olunan mətbu orqanların tarixini
iki mərhələyə bölmək lazımdır

XIX əsrin sonları, XX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan dilində nəşr edilən mətbuatın sıralarının genişlənməsi İrəvanda da mətbuata olan marağın artmasına səbəb olub. Həmin dövrdə artıq İrəvanda ədəbi-ziyalı mühiti formalaşmağa başlayıb. İrəvanlı ziyalılar, xüsusən də məktəb müəllimləri və məzunları "Əkinçi”, "Kəşkül”, "Kaspi”, "Şərqi-Rus”, "Həyat”, "İrşad”, "Füyuzat”, "Molla Nəsrəddin” kimi qəzet və jurnallarla əməkdaşlıq ediblər. İrəvanda Azərbaycan dilində ilk mətbuat çar Rusiyası dövründə işıq üzü görüb.

Lakin 1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində Azərbaycan dilində mətbuat nəşr olunmayıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra fasilələrlə Azərbaycan dilində qəzet çap edilməyə başlanılıb. Ona görə də İrəvanda Azərbaycan dilində nəşr olunan mətbu orqanların tarixini iki mərhələyə bölmək lazımdır: - Çar Rusiyası və Sovet hakimiyyəti dövrü.
Çar Rusiyası dövründə İrəvan ziyalılarından Mirzə Kazım Qazi Əsgərzadə və Hacı Seyid Rza Əmirzadə, Məhəmmədəli bəy Vəliyev "Əkinçi” qəzeti ilə əməkdaşlıq ediblər. Firudin bəy Köçərlinin, Haşım bəy Vəzirovun İrəvanda yaşadıqları dövrdə "Kəşkül” qəzetinin səhifələrində məqalələri dərc olunub. Görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin həyatının müəyyən dövrü İrəvan şəhəri ilə bağlı olub. Mirzə Cəlil 1901-1903-cü illərdə İrəvanda yaşadığı dövrdə həm məhkəmə vəkili olmaq üçün imtahanlara hazırlaşıb, həm də "Kaspi” qəzetində İrəvanda yaşayan azərbaycanlıların hüquqlarının tapdalanmasından bəhs edən məqalələr dərc etdirib. Mirzə Cəlilin "Kaspi” qəzetinin 7 mart 1902-ci il tarixli nömrəsində "İrəvan müxbirimizdən” başlıqlı yazısında suvarılma problemlərindən, sayı 60-a çatan meyvə-üzüm bağlarını şəhər bələdiyyəsinin ələ keçirmək üçün həyata keçirdiyi qanunsuz əməllərdən bəhs edilir. Müəllifin "C.M.” imzası ilə 28 mart 1902-ci ildə "Kaspi” qəzetində dərc edilən "İrəvan” başlıqlı məqaləsində şəhər Dumasının iclaslarında azərbaycanlıların ərizələrini müzakirə etmədən onlara rədd cavablarının verilməsindən yazılır. Ədibin məqalələri XX əsrin əvvəllərində İrəvan şəhərində yaşayan azərbaycanlıların hüquqlarının rəsmi dövlət orqanları tərəfindən kobudcasına pozulmasının əyani nümunələridir. Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus yeri olan, "Kaspi” qəzetinin İrəvan quberniyası üzrə müxbiri, yazıçı-publisist Eynəli bəy Sultanovun 1905-1906-cı illərdə İrəvan şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar haqqında qəzetin səhifələrində silsilə məqalələri dərc edilib. Məhz həmin məqalələr o vaxt İrəvan şəhərində baş verən hadisələr haqqında obyektiv məlumatlar əldə etmək imkanı verir. 1906-cı ildə öz dövrünün nöqsanlarını, eybəcərliklərini satira dili ilə və karikatura vasitəsilə oxucularına çatdıran "Molla Nəsrəddin” adlı jurnalın işıq üzü görməsi böyük əks-səda doğurub. "Molla Nəsrəddin” qısa bir zamanda İrəvanda da özünə xeyli oxucu kütləsi qazanıb. İrəvanlı ziyalılar içərisindən mollanəsrəddinçilər dəstəsi formalaşıb. Cabbar Əsgərzadə, Əli Məhzun, Məmmədəli Nasir, Mirzə Məhəmməd Axundov, Məşədi Mehdi Sadıqzadə kimi ziyalılar "Molla Nəsrəddin” jurnalının səhifələrində çıxış ediblər. İrəvanda meydan sulayan cəhalətpərəstlərin, xalqın savadlanmasını istəməyən bəzi din xadimlərinin, müasir tipli məktəblərin açılması və gənclərin maariflənməsi üçün var-dövlətini əsirgəyən bəzi varlı irəvanlıların qorxusundan "Molla Nəsrəddin”in İrəvandan olan müxbirləri gizli imzalarla çıxış ediblər. Müxbirlərdən Əli Məhzun "Anaş qurbağa”, "Yetim cücə”, Cabbar Əsgərzadə "Məhkəmə pişiyi” kimi imzalardan istifadə edərək özlərini qaragüruhçulardan qorumağa çalışıblar. "Molla Nəsrəddin”in səhifələrində 1905-1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınlardan canını qurtararaq Bakı və Gəncə quberniyalarına pənah gətirən qaçqınların acınacaqlı vəziyyətinə biganə qalan sahibkarlar, varlı və imkanlı adamlar tez-tez tənqid atəşinə tutulurdu. İrəvanda 1911-1912-ci illərdə "İrəvan xəbərləri” qəzeti nəşr olunub. Bu gündəlik mətbu orqanda "İctimai-ədəbi qəzet” rubrikası altında üç dildə - rus, tatar və erməni dillərində məqalələr dərc edilirdi. Qəzetdə rus dilində təhsil almış İrəvanın azərbaycanlı ziyalıları, İrəvan Gimnaziyasının və Müəllimlər Seminariyasının azərbaycanlı tələbələri də öz məqalələrini dərc etdirirdilər. İrəvan şəhərində Azərbaycan dilində ilk mətbu orqanı "Lək-lək” (Leylək”) adlı satirik məcmuə olub. İrəvan ziyalılarından Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə 1914-cü ildə "Lək-lək”in ilk nömrəsini buraxıblar. İrəvandakı "Luys” ("İşıq”) mətbəəsində həftədə bir dəfə 8 səhifə həcmində nəşr edilən "Lək-lək”in hər nömrəsində başlığının altında "türk dilində həftəlik məzhəkəli məcmuədir” sözləri yazılırdı. Məcmuənin ilk nömrəsində verilən "Baş məqalə”də və irəvanlılara ünvanlanan "Lək-lək”in salamı” şeirində jurnal öz məsləyini "Molla Nəsrəddin” sayağı bəyan edib. Elə jurnalın ilk nömrəsindən başlayaraq İrəvanın ictimai-siyasi həyatındakı eybəcərliklər, xalqın balalarının məktəbdən, təhsildən uzaq qalması, xalqı avam yerinə qoyan "möminlərin” din pərdəsi altında çıxardıqları hoqqalar satirik dillə oxuculara çatdırılırdı. Jurnalın səhifələrindəki tənqidi yazılar "Lək-lək”, "Hərif”, "Kələmbaş”, "Şeytan”, "Yetim cücə”, "Kefli”, "Şərxəta”, "Dul toyuq”, "Naqqal”, "Məlik Naqqal”, "Bayquş”, "Hərdəmxəyal”, "Palazqulaq”, "Məhkəmə pişiyi”, "Həpənd” və s. imzalarla təqdim edilirdi. Bu imzalardan bir çoxuna "Molla Nəsrəddin”in səhifələrində də rast gəlinib. "Hərdəmxəyal” gizli imzası Məmməd Səid Ordubadiyə, "Məlik Naqqal” imzası Əliqulu Qəmküsara, "Şeytan” və "Dul toyuq” imzaları isə Məmmədəli Nasirə məxsus idi. İrəvanda qaragüruhçular əhalini maariflənməyə, dünyada gedən proseslərdən xəbərdar olmağa səsləyən qələm sahiblərinə qarşı fiziki terror tətbiq edir, onlara hədə-qorxu gəlirdilər. "Molla Nəsrəddin”in İrəvan müxbirləri Əli Məhzun və Cabbar Əsgərzadəni öldürmək haqqında hökm verildi. Gənc müxbir Məmmədəli Nasiri xəncərlə yaraladılar. Yusif Heydərzadə çıxışlarının birində bəzi əyanların xeyir işlərdə laqeydlik göstərdiklərini tənqid etdiyinə görə, 1914-cü ilin fevral ayında vəhşicəsinə öldürülüb. "Lək-lək” məcmuəsi Y.Heydərzadənin ölümü ilə bağlı nekroloq dərc edib. Jurnalın səhifələrində İrəvan şəhəri ilə yanaşı, Bakıdan, Tiflisdən, Naxçıvandan, Ordubaddan, Makudan, Təbrizdən alınan xəbərlər satira janrında oxuculara çatdırılırdı. "Lək-lək” xarici ölkələrdə baş verən prosesləri ibrətamiz şəkildə oxucularına çatdırmaqla, onlarda milli özünüdərk prosesinə xeyli təkan verdi. Məcmuənin səhifələrində İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti tez-tez işıqlandırılır, cəmiyyət üzvləri arasında olan narazılıqların dolayısı ilə təhsilin və mədəniyyətin inkişafına maneçilik törətməsi oxucuların nəzərinə çatdırılırdı. "Lək-lək”in 5 may və 19 may tarixli nömrələrində "Dil məsələsi” başlıqlı yazı dərc olunub. Məmmədəli Nasirin "Dul toyuq” imzası ilə dərc edilən bu yazısında öncə danışığında rus kəlmələri işlədən "intiligentlər”, sonra isə ərəb və fars dillərindəki qəliz ifadələri işlədərək dilimizi korlayan mollalar, vaizlər, xanəndələr, savaddan yarımçıqlar tənqid atəşinə tutulub. Cəmisi 12 nömrəsi işıq üzü görən məcmuənin sonuncu nömrəsində "Lək-lək”in müdir və naşirləri M.Mirfətullayev və C.Əsgərzadənin imzası ilə oxuculara müraciət dərc olunub. Müraciətdə "Lək-lək”in qapanacağını, əvəzində müştərilərinə "Çınqı” adında yeni məcmuənin göndəriləcəyi bildirilib. Həmçinin, vurğulanıb ki, "Çınqı” məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin birgə redaktorluğu və müdirliyi ilə, İrəvanın bir neçə maarifpərvər gənclərinin maddi və mənəvi köməyi ilə nəşr olunacaq. Lakin "Çınqı”nın taleyi indiyədək qaranlıq qalır.
Fədakar tarixçi-alim, publisist və tərcüməçi, 1972-ci ilə İrəvanda "Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyası müdafiə edən İsrafil Məmmədov ilk dəfə "Lək-lək” və "Bürhani-həqiqət” məcmuələrinin bütün nömrələrini müxtəlif aspektlərdən təhlil edib. İsrafil Məmmədovun 2002-ci ildə çap etdirdiyi "İrəvan dəftəri” kitabında "Lək-lək” və "Bürhani-həqiqət” jurnallarının hər birinə ayrıca fəsillər ayrılıb. "Lək-lək” məcmuəsinin bağlanmasından 1916-cı ilin sonunadək keçən müddət ərzində İrəvanda Azərbaycan dilində hər hansı bir mətbuat orqanının işıq üzü görməsi haqqında heç bir məlumat yoxdur.
Birinci Dünya müharibəsi dövründə rus qoşunları Qafqaz cəbhəsindən Şərqi Anadolu üzərinə hücuma keçib. Rusiyanın Türkiyə torpaqlarını işğalına yardım etmək üçün İrəvan şəhərində erməni könüllü dəstələri formalaşdırılır və bir müddət sonra cəbhə bölgələrinə göndərilirdi. Şəhərdə əllərində silah dolaşan erməni əsgərləri azərbaycanlılara qarşı zorakılıqlar edirdilər. Digər tərəfdən, Şərqi Anadoludan kütləvi surətdə Cənubi Qafqaza gələn erməni qaçqınlarının əksəriyyəti İrəvan şəhərinə və onun ətraf kəndlərinə üz tuturdular. Belə bir şəraitdə Azərbaycan dilində mətbuat nəşr etdirmək olduqca çətin bir iş idi.
Lakin uzun yazışmalardan sonra tanınmış mollanəsrəddinçi, şair, publisist Əli Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci ildə "Bürhani-həqiqət” məcmuəsi işıq üzü gördü. "Bürhan” kəlməsi ərəbcədir və mənası dəlil, sübut, isbat deməkdir.
"Bürhani-həqiqət” birinci sayında "Həqiqət” adlı redaksiya məqaləsində məcmuənin adı ilə əməlinin üst-üstə düşdüyünü gələcək nömrələrində oxucularına sübut edəcəyini bəyan edib. İstiqaməti ədəbi, siyasi, tarixi, elmi və fənni olan "Bürhani-həqiqət”in işıq üzü görməsi İrəvanın ictimai-siyasi həyatında, ədəbi mühitində mühüm hadisə idi. İrəvandakı "Luys” mətbəəsində ayda iki dəfə nəşr edilən məcmuənin cəmisi 9 nömrəsi işıq üzü görüb. Əli Məhzun İrəvan şəhərində yaşayan müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər Seminariyasının tələbələrini xalqın maarifləndiriləsi üçün məcmuə ilə əməkdaşlığa cəlb edirdi. Tanınmış mollanəsrəddinçi Cabbar Əsgərzadə, fars və rus dillərində dərsliklər müəllifi Mirzə Cabbar Məmmədov, təbiət elmləri və təbabət mövzusunda məqalələr yazan ziyalılardan Rəhim Naci, Vahid Muğanlı və Təhvil İrəvani, şairə xanımlardan Şöhrət, Nigar, Səri, Əbdülhəqq Mehrinisə, Fatma Müfidə, Rəmziyyə kimi qələm sahibləri "Bürhani-həqiqət”in müəllifləri idilər. "Bürhani-həqiqət” öz oxucusunu cəhalət zülmündən xilas etməklə yanaşı, baş verən hadisələri həqiqətin dili ilə izah etmək, ayrı-ayrı partiyaların və qurumların əsl məqsədini kütlələrə izah etmək, qətl və qarətlərin, kütləvi qırğınların arxasında duran qüvvələri göstərmək, ermənilərin İrəvandakı maddi-mədəniyyət abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq kimi bir missiyalar da daşıyırdı. 1917-ci il fevral inqilabından sonra "Bürhani-həqiqət” məcmuəsi "Hürriyyət, müsavat, ədalət” başlıqlı məqalə dərc edərək yazırdı ki, azadlığı qazanmaq nə qədər çətindirsə, onu əldə saxlamaq ondan çətindir. Məcmuə azərbaycanlı seçiciləri seçki prosesinə ciddi yanaşmağa, öz aralarından layiqli nümayəndələr seçməyə çağırırdı.
Əli Məhzun "Bürhani-həqiqət”də qələmə aldığı "Azadlıqmı, əsarətmi?” məqaləsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə etiraz səsini ucaldaraq yazırdı: "Bulvarda, küçədə, bazarda hər gün yüzlərcə müsəlmanlar erməni soldatları tərəfindən təhqir olunurlar. Gecələr saat 8-də belə bulvarda bir nəfər də olsun papaqlı müsəlman tapılmır. Hətta teatra getməyə belə bir çoxları cürət edə bilmir. Səbəbi isə təhqir olunub döyülməkdir. Lap qorxulu bir əsarətdir. Kimə müraciət etməli, kimdən əlac istəməli?”. "Bürhani-həqiqət” öz yazılarını əsasən beş başlıq - "Lüğətin lüğəti”, "Ədəbiyyata dair”, "Məişət məsələləri”, "Elmi məqalələr” və "Elanlar şöbəsi” başlıqları altında oxucularına təqdim edirdi. Məcmuənin ilk nömrələri İrəvanda yığıldıqdan sonra Tiflisə göndərilir, senzuradan icazə alındıqdan sonra çap edilirdi. Senzura əngəlləri üzündən məcmuənin 2-ci və 4-cü nömrələri vaxtında çıxmamış, yazıların bir qismi dəyişdirilmişdi. Məcmuənin naşiri və redaktoru "Bürhani-həqiqət”i 16 səhifə həcmində çıxarmağa hazırlaşsalar da, buna müvəffəq ola bilməmişdilər. Məcmuə iyunun 29-da çıxan 9-cu nömrəsindən sonra bağlanmışdı.

(Davamı var)

İsmayıl


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb