İş var, niyə işçi tapılmır?

Nazim Bəydəmirli: “Əsasən aşağı vakansiyalı, əmək haqqısı aşağı olan işlərdir”
Nabatəli Qulamoğlu: “Əmək bazarı bilikli, savadlı kadrlara açıq olsa, onlara üstünlük verilsə, rüşvət hesabına diplom alanların yolu bağlanar”


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, əksəriyyəti gənclərdən ibarət tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə 259 müəssisəyə aid 1452 boş iş yeri
təklif olunub. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib. Şöbə rəhbərinin sözlərinə görə, əmək bazarı iştirakçılarına seçimlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib.

Bəs, bu qədər vakant iş yeri təklif olunduğu halda niyə gənclər işsiz dolaşır, soruşanda da "iş var ki?!” deyib narazılıq edirlər? Həm də təkcə gənclər də deyil. Ümumiyyətlə, çoxları iş tapa bilməməkdən gileylənir. Nə qane etmir iş axtaranları - əmək haqqı, yoxsa iş rejimi şərtləri?

Sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli "Şərq”ə açıqlamasında əmək yarmarkalarının görüntü xarakteri daşıdığını dedi:

- Məşğulluq İdarəsi vakant iş yerlərini açıqlayır. Baxırsan ki, əsasən ucqar kəndlər, rayonlardadır, əmək haqqı da aşağı səviyyədədir. Əslində, Məşğulluq İdarəsi iş axtaranlara 1 illik müavinət ödəməlidir, kurslar təşkil etməlidir. Bunlar hamısı əsaslı təşkilati tədbirlərin həyata keçirilməsini tələb edir. Lakin bu işlər həyata keçirilmir. Balakəndən bir nəfər mənə müraciət edib deyir ki, 150 manatlıq iş təklif olunur, rayon mərkəzindən 30 km aralı kənddə. Bunun gedib-gəlmək, kənddə qalmaq xərci hesablananda az qala 150 manatdan çox çıxır. Əlbəttə, qane etməyəcək adamı. Hətta dövlət qulluğuna təklif olunan işlər də tələbatı ödəməyən səviyyədədir. Əsasən aşağı vakansiyalı, əmək haqqısı aşağı olan işlərdir. Ali təhsilli də şəxs bu cür təkliflərdən imtina edir. Məsələn, Gömrük Komitəsində inspektor vəzifəsinin maaşı 275 manatdır. Bu məbləğ bir insanın aylıq xərcini ödəmək üçün yetərli ola bilməz. Ona görə də bizdə kiməsə iş təklif olunursa, o, əmək haqqını yox, əlavə, qeyri-rəsmi gəlir mənbəyinin olub-olmayacağını düşünür və buna görə qərar verir. Çünki cüzi əmək haqqı ilə dolanışığın təmin edilməyəcəyini bilir.

Nəinki ödənişli əsaslarla təhsil alanlar, dövlət sifarişli təhsil alanlar da iş tapmırlar. Dövlət qurumlarının əksəriyyətinin öz ali məktəbləri, untiversitetləri fəaliyyət göstərir. Hətta bu ali məktəbləri bitirənlər də ixtisasları üzrə dövlət müəssisələrində işlə təmin edilmirlər. Əmək bazarında köklü şəkildə tənzimləmə aparılmayınca, bu problem həllini tapmayacaq. Əmək Nazirliyi də hökumətə təkliflər təqdim edərkən bunları nəzərə almalıdır.

Təhsil eksperti Nabatəli Qulamoğlu da tələbə-gənclərin işsizlik probleminin kökündə əmək bazarının düzgün tənzimlənməməsinin dayandığını bildirdi:

- Əsas problem əmək bazarındakı bərbad vəziyyətlə bağlıdır. Abituriyent müsabiqədə iştirak balı aşağı olan ixtisaslara qəbul edilir, ali məktəbi birtəhər başa vurur, sonra da əyri yollarla özünə iş tapır. Savadlı, bilikli tələbə isə kənarda qalır. Əslində isə tələbatı əmək bazarı müəyyən etməlidir. Bizdə isə vəziyyət fərqlidir. Əmək bazarında özəl sektorun payı 90, dövlət müəssisələrinin payı isə 10 faizdir. Bir nəfər ağıllını işə götürürlər, bütün işi ona tapşırırlar, bu bir nəfərin hesabına 10-larla bisavad əmək haqqı alır, qazanc əldə edir. Əmək bazarı bilikli, savadlı kadrlara açıq olsa, onlara üstünlük verilsə, rüşvət hesabına diplom alanların yolu bağlanar. Daha ali məktəbə daxil olmağa lüzumsuz səy etməzlər. Doğrudur, bu problemin mövcud olmasında, mentalitet də rol oynayır. Məgər qaynaqçı, çilingər işləmək qəbahətdir?! Azərbaycanlı təfəkküründə hələ də diplom önəmlidir. Və bu diplomun biliyə ekvivalent olub-olmaması çoxları üçün heç bir önəm daşımır. Təki əlində diplom olsun. Çünki bəzi insanları məhz bu "diplom”a görə işə qəbul edirlər. Ali məktəbə daxil olmaq məsələnin mahiyyətini dəyişmir. Qoy qəbul olsunlar. Hətta mən bir dəfə demişdim ki, lap orta məktəb attestatı ilə də ali məktəbə qəbul keçirmək olar. Əsas problem əmək bazarını tənzimləməkdir. Ələnmə məhz əmək bazarında aparılmalıdır. Belədə savadlı, bilikli məzun əmək bazarında özünə yer təyin edə biləcək. Amma nə qədər ki, tanışlıq, qohumbazlıq, rüşvət müqabilində bisavadlar, qeyri-peşəkarlar işə qəbul olunacaq, peşəkarlar, ixtisaslı gənclər kənarda qalacaq.

Məlahət Rzayeva