İş vaxtının dəyişdirilməsinə ehtiyac yoxdur

“Təhsil müəssisələrində tədrisin nə vaxt başlaması məsələsini müzakirə etmək olar”



Azərbaycanda yay vaxtına keçidin ləğv olunmasından sonra iş vaxtının dəyişdirilməsi də təklif olunur. Ekspertlərin fikrincə, iş rejiminin saat 08:30-dan başlaması və 17:30-a qədər təyin olunması məqsədəuyğundur.

AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri Tanrıverdi Paşa isə iş vaxtının təyinində günün işıqlı hissəsi üçün "axşam-səhər” simmetriyasının gözlənilməsinin tövsiyə edildiyini deyib. Onun sözlərinə görə, regionda vaxt düzgün seçilibsə, Günəş saat 12-də kulminasiyada olmalıdır. Yay-qış vaxtına keçid günün işıqlı hissəsinin minimal həddinin iş vaxtından az olduğu, ekvatora yaxın, şimal və cənub qütblərinə yaxın regionlarda aktual deyil. Azərbaycanın cəmi bir en dairəsinin çox az bir hissəsində, cəmi 1 saat qurşağında yerləşir. Şöbə müdiri deyib ki, Azərbaycan üçün işığa qənaət etmək aktual deyil. "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədovun sözlərinə görə, iş saatının başlanması və bitməsinin nə vaxt təyin olunmasını özəl şirkətlər özləri bilər: "Hansı vaxt optimaldırsa, onu seçə bilər. Və yaxud iş kollektivi rəhbərliyə iş rejiminin necə olmasına dair təkliflər verə bilər”. Dövlət müəssisələrində iş yerlərinin çoxunun saat 9-da başladığını vurğulayan Liqa sədri deyib ki, biz şimal zonası deyilik. Bizdə günlü saatlar çoxdur. Saatın ora-bura çəkilməsinin bizim ölkədə iqtisadi əsaslandırılması yox idi. Hesab edirəm ki, iş vaxtının dəyişdirilməsinə də ehtiyac yoxdur. Olduğu kimi saxlanılsa, daha yaxşıdır”.

S.Məmmədov hesab edir ki, dövlət sektorunda iş rejimi müəyyən olunub və dəyişilməsi üçün qərar lazımdır: "Digər sektorda və yaxud zavodda, fabrikdə, kommersiya qurumlarında belə problem yoxdur”. Onun sözlərinə görə, təhsil müəssisələrində tədrisin nə vaxt başlaması məsələsini müzakirə etmək olar”.

Şəymən