İşdən çıxarılanlar haqlı deyillər

Bu müəllimlər illərlə ixtisaslı kadrların yerini tutublar


Cəlilabad rayonunda 80-ə yaxın orta məktəb müəllimi işdən kənarlaşmaq təhlükəsi ilə üzləşib. Rayonun Sərhədabad kənd orta məktəbinin müəllimi Aybəniz Əmirova bu haqda "qafqazinfo”ya müraciətində bildirib. A.Əmirova deyir ki, 23 ildir, ibtidai sinif müəllimidir. Lakin indi ona diplomunun dövlət nümunəli olmadığını əsas gətirərək təhsil verə bilməyəcəyini bildirirlər.

A.Əmirova hazırda rayonda 80-dən çox müəllimin onunla eyni taleyi yaşadığını söyləyib. Müəllimə deyib ki, həmkarları ilə birlikdə məhkəməyə müraciət edib işə bərpa edilsələr də, dekabr ayından yenidən işdən çıxarılıblar:

"Biz Elmlər Akademiyasının nəzdindəki Günəş Assosiasiyasının Cəlilabad rayon Qızlar Kollecində təhsil almışıq. Hazırda diplomların dövlət nümunəli olmadığı üçün işləyə bilməyəcəyimizi deyirlər. Kollec 8 il fəaliyyət göstərib və hər il 30 məzun verib. Bu, hazırda 200-dən çox müəllimin işsiz qalması deməkdir. Bütün sənədlərimiz əlimizdədədir. Bu günə qədər nazirliyin təşkil etdiyi bütün təlimlərdə, imtahanlarda iştirak etmişəm. Diaqnostik qiymətləndirmə imtahanı vermişəm. İndi deyirlər ki, nazirlik bütün nəticələrimizi ləğv edib. Aramızda yüksək titul qazanmış müəllimlər var”.

Müəllimlər Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ilə də görüşüb. Millət vəkili məsələnin müzakirə edildiyini və müəyyən güzəştlərin oluna biləcəyini bildirib.

Xatırladaq ki, Təhsil Nazirliyinin aparat rəhbəri Fariz Rzayev bir neçə ay əvvəl verdiyi açıqlamasında 1000-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığını bildirmişdi.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov şikayətçi müəllimənin təhsil aldığı kollecin adını ilk dəfə duyduğunu dedi:

- Birinci dəfədir ki, belə bir kollec adı eşidirəm. Təsəvvür edin, istər paytaxtda, istərsə də regionlarda vaxtilə nə qədər belə "kolleclər”, "universitetlər”, "akademiyalar”, "institutlar” fəaliyyət göstərib. Bəzisi indi də fəaliyyətdədir. Təhsil Nazirliyinin tanımadığı diplomlar haqqında adətən "saxta” ifadəsi işlənir. Amma hesab edirəm ki, bu, o qədər də uyğun deyil. Burada söhbət hansısa təhsil ocağının verdiyi diplomun saxtalığından getmir, məsələ o təhsil ocaqlarının müəllimlik ixtisası vermək üçün lisenziyasının - səlahiyyətinin olub-olmamasındadır. Həmin kolleclər bəlkə də təkmilləşmə kursu kimi fəaliyyət göstərib. Və rəhbər şəxslər də vəzifələrindən sui-istifadə edərək diplom veriblər. Bəlkə də kimlərsə bu kolleclərdə müəyyən biliklərə yiyələniblər, amma müəllimlik ixtisası üçün bu yetərli ola bilməz. Nə olsun ki, kimsə 20 ildir müəllim işləyir. Bəlkə də həmin şəxslərin müəllimlik etməsi səbəbindəndir ki, hər il orta məktəbi bitirənlər arasında yüzlərlə sıfır bilik səviyyəli şagirdlər "yetişib”. Buraxılış imtahanlarında nə qədər belə nümunələr görürük. Kiminsə 20 il ibtidai sinif müəllimi kimi fəaliyyət göstərməsi onun müəllimlik hüququna malik olması anlamına gələ bilməz. Müəllimlik hüququnu şəxsin təhsil sənədi təsdiq edir. Deməli, bu müəllimlər illərlə ixtisaslı kadrların yerini tutublar. Bu halda o müəllimlərin illərlə aldıqları əmək haqlarının geri qaytarılması da tələb edilə bilər. Qanunvericilik buna yol verir. Amma hələ ki, buna gedilmir.

K.Əsədov qeyd etdi ki, şikayətçi müəllimlərin diaqnostik qiymətləndirmədə iştirak etdikləri də şübhəlidir:

- Dövlət nümunəli sənədi olmayanlar diaqnostik qiymətləndirməyə buraxılmırdı. Amma mümkündür ki, həmin müəllimlər diaqnostik qiymətləndirmədə iştirak etmiş olsunlar. İştirak ediblərsə, nəticələr barədə məlumatları alıb təqdim etsinlər. Amma sizə bir şeyi deyim ki, Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədə iştirak etmiş müəllimlərin əmək müqaviləsinə heç bir halda xitam vermir. Mən hər hansı güzəştin tətbiqinin də əleyhinəyəm. Niyə balalarımıza ixtisassız müəllimlər dərs keçməlidir? Biz bunun acı nəticələrini illərdir buraxılış imtahanlarında da, ali məktəblərə qəbul imtahanlarında da görürdük. Şikayətçilərin dediyini nəzərə alsaq, həmin kollec 240-a yaxın ixtisassız müəllim "yetişdirib”. Belə müəllimlər bizim övladlarımıza dərs deyib.

Məlahət Rzayeva