İşə konsulluq qarışdı...

Batumidə azərbaycanlı turistləri aldadıblar
50 turistdən 2-si yol xərclərini özləri ödəyərək Azərbaycana dönüblər


Turizm şirkətləri müştəri cəlb etmək üçün müxtəlif variantlardan istifadə edirlər. Sonda isə əhali aldadılır, ödənilmiş pullar isə geri qaytarılmır. Məhz "İnTravel" şirkətinə güvənib yola çıxan və elə yolda qalan vətəndaşlar kimi.

Belə ki, Bakıdan Batumiyə gedən turistlər istirahət əvəzinə turizm şirkəti əməkdaşlarının ağlasığmaz cinayətlərinin qurbanı olublar. Bakıda fəaliyyət göstərən "İnTravel" səyahət şirkəti Batumiyə apardığı turistləri yolda qoyub. Şirkət 50 nəfərdən əvvəlcədən pul alaraq Batumi şəhərinə aparıb. Bütün problemlər Qara dənizin sahillərində yerləşən bu şəhərə çatdıqdan sonra baş verib. Şirkətin turistlərə cavabdeh olan bələdçiləri axşam Batumidə fəaliyyət göstərən kazinolardan birinə gediblər. Turistlər üçün əvvəlcədən yığılmış 12 min Gürcüstan larisi məbləğində pulu uduzublar. Hazırda isə ödəniş edilmədiyi üçün otellər həmin turistləri qəbul etmir. Öz pulunu almayan sürücülər də turistləri avtobusla yenidən Bakıya qaytarmaqdan imtina ediblər. Vəziyyətin belə olduğunu görən turistlər bələdçilər barəsində Gürcüstan polisinə şikayət ediblər. Gürcü polisi həmin bələdçiləri həbs edib.

"İnTravel" şirkətinin direktoru İlqar Kərimli isə kriminal.az saytı ilə əlaqə saxlayaraq baş vermiş hadisəyə aydınlıq gətirib. Batumiyə aparılan turistlərin məsuliyyətinin onun üzərində olmadığını deyən şirkət rəhbərinin sözlərinə görə, həmin turistləri Batumiyə "RayTravel" aparıb: "Turistlər arasında "İnTravel" tərəfindən göndərilən cəmi iki turist var. Həmin turistlərlə əlaqə saxlanılıb və onlara bildirilib ki, taksi ilə Bakıya qayıtsınlar. Qayıdandan sonra onların xərci ödənəcək”. İ.Kərimlinin sözlərinə görə, bundan əvvəl də Batumiyə bir neçə dəfə turist göndərilib. Belə bir hadisə heç vaxt yaşanmayıb.

Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov isə trend-ə açıqlamasında artıq həmin turistlərə lazımi köməklik göstərildiyini deyib: "Bu gün həmin turistlər Batumidəki Baş konsulluğa müraciət ediblər. Baş konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb”.

Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin Batumiyə apardığı 50-yə yaxın turisti yolda qoyması xəbəri konsulluğa daxil olan kimi Baş konsulluq bununla bağlı tədbir görüb: "Sözügeden şirkət turistləri yerləşdirdiyi otelin ödənişini etmədiyinə görə, onların pasportları otel tərəfindən götürülüb. Baş konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb. Çox güman ki, təsdiq olunduğu halda, adıçəkilən turizm şirkəti törətdiyi əmələ görə məsuliyyət daşıyacaq. Bu isə artıq hüquq-mühafizə orqanlarının işidir. Baş konsulluq səlahiyyəti daxilində zərərçəkmiş azərbaycanlı turistlərin hüquq və müdafiəsi üçün lazımi tədbirləri həyata keçirib”. Baş konsul eyni zamanda, turistlərin kazinoya aparılmasına da münasibət bildirib: ”Turistlərin yazdığı ərizədə bu barədə heç nə qeyd olunmayıb".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, bütün bu problemlər istehlakçıların öz hüquqlarını bilməməsi səbəbindən ortaya çıxır:

"Turizm şirkətlərinin fırıldaqçılığı ilə bağlı bizə çoxsaylı müraciətlər olur. Bu yaxınlarda da bizə təxminən eyni xarakterli müraciət daxil olmuşdu. Özünü Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin əməkdaşı adlandıran qadın 10 ailəni aldadaraq onların 15 min manata yaxın pullarını alaraq qaçmışdı. Bütün bunlara səbəb isə vətəndaşların turizm şirkətlərinə inamı ilə bağlıdır. Ölkə daxilində və ya xaricdə istirahət etmək istəyən vətəndaşlar turizm şirkətləri ilə heç bir müqavilə bağlamadan pullarını əmanət edir. Hesab edirəm ki, Azərbaycan istehlakçılarının dələduzluq qurbanı olmasının ən başlıca səbəbi insanlara qeyd-şərtsiz inanmasıdır. Lev Tolstoyun bir sözü var: "Ağıllı adamlar həmişə toplumda aldanır”. Əhali bilməlidir ki, turizm şirkətlərinin xidmətindən istifadə edən zaman mütləq şəkildə sənəd imzalamalıdır. Şəxsən mən özüm turizm şirkətlərinin xidmətindən tez-tez istifadə edirəm. Hər dəfəsində də mütləq şəkildə müqavilə imzalayıb, ödədiyim məbləğin çekini, sığorta sənədlərini götürürəm. Hansısa bir problem yaşananda isə əlimdə yetərli sənədlər olduğu üçün hüquqlarımı qorumağa nail oluram. Tövsiyə edirəm ki, insanlarımız sadəcə verilən sözlərə inanıb pullarını havaya sovurmasınlar. Əgər vətəndaşlar turizm şirkətlərinin xidmətindən istifadə zamanı götürülməsi zəruri olan sənədlər barəsində məlumatsızdırlarsa, biz AİB olaraq istehlakçılara təmənnasız kömək etməyə hazırıq”.

Şəymən