İŞİD-ə qoşulan azərbaycanlı qadınların beynini ərləri yuyur

Bəzən onlar məruz qaldıqları təzyiq nəticəsində bu addımı atırlar



Əvvəllər İŞİD terror təşkilatının tərkibinə qoşulmuş yüzlərlə qadın arasında azərbaycanlılara tək-tək rast gəlinsə də, son vaxtlar onların sayı nəzərəçarpacaq dərəcədə artıb. Qeyd edək ki, Türkiyənin Suriya ilə sərhədində, Kilis rayonunda çoxlu sayda partlayıcı maddə və canlı bomba jileti ilə tutulan 5 İŞİD üzvünün barəsində həbs-qətimkan tədbiri seçilib.

İnanlı kəndi yaxınlığında polis və jandarma qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində, Azərbaycan əsilli, 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova və 42 yaşlı Nazənin Zeynalova, həmçinin, 44 yaşlı Anaçtaçnır Pozdiva və Bosniya və Herseqovina hökuməti tərəfindən axtarılan 37 yaşlı Begzat Spahiç ələ keçib.
Şübhəlilər məhkəmə qarşısına çıxarılıb və "terror təşkilatı İŞİD üzvü olmaq və partlayıcı maddə saxlamaq” ittihamı ilə həbs olunublar. Təhlükəsizlik qüvvələri İŞİD üzvlərinin terror aktı törətməyi planlaşdırdıqlarını açıqlayıb.

Azərbaycanlıların İŞİD dəstələrinə qoşulmasına qarşı Azərbaycanda hər nə qədər qabaqlayıcı tədbirlər görülsə də hələlik müsbət bir nəticə əldə olunmayıb. Məsələnin ən təhlükəli tərəfi isə artıq bu terror təşkilatlarına qadınlarımızın da ayaq açmasıdır.

İddialara görə, Azərbaycandan İŞİD terror təşkilatına qoşulan qadınlar buna öz inancları səbəbi ilə daxil olur və daha çox aşbaz, camaşırxana işçisi kimi fəaliyyət göstərirlər. Terror təşkilatına qoşulan azərbaycanlı qadınlar bu addımı əsasən öz dini inancları, çox zaman isə öz ataları, həyat yoldaşları, yaxud qardaşlarının xeyir-duası ilə atır və İŞİD-in apardığı mübarizədə hər hansı formada iştirak etməyin onlara çox böyük savab qazandıracağını düşünürlər. Azərbaycanlı qadınlar daha çox aşbazlıqla məşğul olur və ya camaşırxana xidmətində çalışırlar. Son günlər İŞİD döyüşçülərinin gündəlik tələbatını qarşılayan məlum kateqoriya arasında azərbaycanlı qadınların sayı əhəmiyyətli dərəcədə artmaqdadır.

Hətta Suriya və İraqdakı İŞİD dəstələrinə qoşulan azərbaycanlı qadınların önəmli bir qisminin Sumqayıt şəhərindən olduğu da əsas iddialardan biridir.

"Təmiz Dünya” Qadın İctimai Birliyinin sədri Mehriban Zeynalova da "Şərq”ə açıqlamasında qadınların İŞİD dəstələrinə qoşulmasının müxtəlif səbəbləri olduğunu deyib. Onun sözlərinə görə, İŞİD terror təşkilatına qoşulan qadınların əksəriyyətinin beyinləri ərləri tərəfindən yuyulur və ya məruz qaldıqları təzyiq nəticəsində bu addımı atırlar:

"Bəziləri də maddi gəlir müqabilində terror təşkilatına üzv olurlar. Ancaq bunun üçün də mütləq şəkildə təsiredici qüvvələr olur. Psixoloji kompleksləri, yaşam şəraitindən, ailəsindən narazılığı olan qadınların da terror qruplaşmalarına qoşulmaları mümkündür”.

M.Zeynalovanın sözlərinə görə, qadınlar həssas varlıq olduğu üçün onları ideoloji təsir altına salmaq asan olur.

Birlik sədri hesab edir ki, qadınlar daha az şübhə çəkdikləri üçün terror təşkilatları onları öz sıralarına cəlb etməkdə maraqlı olurlar. Dünya üçün qadın sülh, əminamanlıq, humanistlik simvolu hesab edilir. İŞİD də məhz bunları nəzərə alaraq vasitəçi kimi qadınlardan istifadə edir. Bəzən təsir, bəzən təzyiq, bəzən də pulla onları ələ alıb, öz istədiklərini edirlər.

Şəymən