İŞİD-in sonuna çatmaq mümkünsüzdür

Çünki təşkilatın məhv edilməsi bəzi dövlətlərin xeyrinə deyil


İŞİD terrorçuları liderləri Əl-Bağdadinin öldüyünü elan ediblər. Bu barədə yerli "Əs-Sumariya” kanalı informasiya yayıb. Mənbənin sözlərinə görə, İŞİD Bağdadinin ölümü və yeni liderlərinin kimliyi barədə qısa elan verib.

Məlumat üçün bildirək ki, Rusiya tərəfi 28 mayda İŞİD lideri Bağdadinin Rakkaya endirilmiş aviazərbələr nəticəsində öldürüldüyü barədə xəbər yaymışdı. İran mediası da Bağdadinin ölüsünün fotolarını yaymışdı. Terrorçu qruplaşma əvvəlcə faktı gizləsə də, daha sonra qəbul edib. Bir sıra ekspertlərin fikrincə, Bağdadinin öldürülməsi, İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlarda minlərlə terrorçunun məhv edilməsi qruplaşmanın sonunun gəldiyini göstərir. Onlar hesab edirlər ki, İŞİD tənəzzül dövrünü yaşayır. Hətta iddia edirlər ki, Yaxın Şərqdəki əsas dayaqlarını itirən təşkilat digər regionlara köçə bilər. 

Yayılan xəbərlərlə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Azər Rəşidoğlu deyib ki, İŞİD-ə bütün dünyadan qoşulanlar var. Onun fikrincə, əgər terrorçu quruma qarşı sonuna qədər mübarizə aparılsaydı, qısa zaman ərzində təşkilatın kökünü kəsmək mümkün idi: 

"Təəssüflər olsun ki, terrorçularla səthi mübarizə aparılır. Aparılan anti-terror əməliyyatlarında İŞİD üzvlərindən ölənlər olsa da, təşkilat sıralarını yenidən möhkəmləndirir. Bütün bu proseslər vahid mərkəzdən həyata keçirilir. Ona görə də hələlik İŞİD-in sonuna çatmaq mümkün deyil. Çünki təşkilatın məhv edilməsi bəzi dövlətlərin xeyrinə deyil. Bir sıra dövlətlər İŞİD-dən bir təzyiq vasitəsi kimi kəşfiyyat yolları ilə Suriya, İraq və Türkiyəyə qarşı istifadə edirlər. Ancaq bu proses uzun müddət davam edə bilməz. Suriya məsələsi həll edilərsə, İŞİD də aktuallığını itirəcək. Lakin ABŞ hər zaman terrorçulardan öz məqsədləri üçün istifadə edib. Bu baxımdan, İŞİD gedərsə, yerinə başqa bir terrorçu təşkilatın keçə biləcəyi də istisna edilmir”.

İsmayıl