İslahatların yeni dalğasını müşahidə edirik

Dəyişiklik vətəndaşları cinayətkar şəxslərdən və məmurların özbaşınalığından qoruyacaq



Prezident İlham Əliyev tərəfindən Milli Məclisə "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanunlara dəyişikliklər layihəsi təqdim olunub. Layihənin payız sessiyasının sonuna kimi müzakirəyə çıxarılması gözlənilir. Ancaq hələlik dəyişikliklərin məzmunu açıqlanmır.

Xatırladaq ki, bir çox hüquq müdafiəçiləri istintaq prosesinin aparılması və uzanması zamanı vətəndaşlara müxtəlif formada ziyan dəydiyini dəfələrlə vurğulayıblar. Bu baxımdan ekspertlər dövlət başçısı tərəfindən sözügedən qanuna dəyişiklik edilməsi təklifini çox yüksək dəyərləndirirlər. 

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, Konstitusiyamızda vətəndaşlara dövlət orqanları tərəfindən dəyən ziyanın ödənilməsi müddəası öz əksini tapıb. 

Onun sözlərinə görə, qanunvericilik cinayət hadisələri zamanı vətəndaşlara dəyən zərərin ödənilməsinin mühüm hüquqlardan biri olduğunu elan edib:

"Əslində, bu müddəa insanların hüquq və azadlıqlarının qorunmasına ciddi təminat verir. Hesab edirəm ki, qanunda nəzərdə tutulan dəyişikliklərdə bəzi məqamlar daha da dəqiqləşəcək və konkretləşəcək. Bütövlükdə belə bir qanunun cənab Prezident tərəfindən təqdim edilməsi insan hüquq və azadlıqlarının qorunmasına nə dərəcədə önəm verildiyini göstərir. Bu addım vətəndaşların cinayətkar şəxslərdən və məmurların özbaşınalığından qorunması istiqamətində atılmış çox mühüm təşəbbüsdür. Əlbəttə, qanunun məzmunu aydın olandan sonra daha ətraflı və dəqiq fikir söyləmək mümkün olacaq. Hələlik geniş məlumata sahib deyilik. 

Lakin ideya və prinsip olaraq belə bir dəyişikliyin nəzərdə tutulmasının özü hazırkı şəraitdə çox müsbət qərardır”. Ekspert bildirib ki, Azərbaycanda insan hüquqlarının qorunması prioritet məsələdir: "Bu istiqamətdə mütəmadi olaraq sərəncamlar verilir, qanunlarda və strukturlarda dəyişiklik edilir. Prezident tərəfindən məmurlar qarşısında ciddi tələblər qoyulur. Görünən odur ki, məhkəmə-hüquq islahatları hələ davam edəcək. Artıq islahatların yeni dalğasını müşahidə edirik. Xüsusən, dövlət başçısının "cəzaların humanistləşdirilməsi” ilə bağlı verdiyi Sərəncam məhkəmə-hüquq sistemində aparılan islahatlara bir impuls verdi”.

İsmayıl