İstanbullu cocuqlar Azərbaycanı tanıdı

2-ci sinif şagirdinin valideyni məktəblilərə dərs keçdiKamran Əsədov: “Görün nə gözəl, maraqlı iş görürlər. İstanbuldakı bu dərs Finlandiya modelidir”
"Valideynlərin məktəbə gəlməsi, övladının təhsil aldığı sinifdə şagirdlər qarşısına çıxması bilirsiz o uşağa nə qədər qürur verir?!”
İstanbulun Baxçaşəhər səmtindəki Süleyman Dəmirəl adına ilköyrətim (ibtidai təhsil) məktəbinin 2 g sinif müəlliməsi Selda Arıcı maraqlı layihəyə imza atıb. Sinif müəlliməsi şagirdlərin valideynlərini təlim-tərbiyəyə cəlb edib. Necə? Deyək, bilin. Selda öyrətmən sinfindəki şagirdlərə tapşırıb ki, hər həftənin bir günü kiminsə valideyni sinfə gəlib işlədiyi yer, peşəsi haqqında danışsın.
Hətta valideynlərə şagirdləri işlədikləri müəssisəyə, yəni, harada çalışırlarsa ora aparmağa icazə də verilir. Valideyn işi barədə sinifdə də danışa bilər, uşaqları toplayıb işlədiyi yerə apara da bilər. Şagirdlər də, valideynlər də bu təklifi maraqla qarşılayıblar və məmnuniyyətlə qəbul ediblər. Layihənin gedişində diqqət çəkən hadisələrdən biri də anası əslən Azərbaycandan olan şagirdlə bağlı baş verib. İnci adlı şagirdin anası, Türkiyə vətəndaşı ilə ailə qurmuş Nərgiz Xəlilova - Bayrakdar öz növbəsini Azərbaycanı tanıtmağa həsr etmək qərarına gəlib. Bu məqsədlə Bakıdakı qohumlarının vasitəsilə şagirdlərin sayı qədər Azərbaycan bayrağı və Azərbaycanı anladan kiçik suvenirlər əldə edib. "Azərbaycanı tanıtım” adı verilən dərs günü Nərgiz Xəlilova sinfə gələrək Azərbaycanla bağlı maraqlı məlumatlar verib. Qarabağın işğalı, Xocalı faciəsi, həyatını itirən, işgəncələrə məruz qalan, itkin düşmüş uşaqlar barədə danışıb. Sonra da uşaqlara Azərbaycan bayraqları və suvenirlər paylayıb. Sinif müəlliməsi də, şagirdlər də "Azərbaycan dərsi”ndən xeyli təsirləniblər. O dərəcədə ki, digər şagirdlərin valideynləri müəllimə ilə əlaqə saxlayaraq, "cocuq gün boyu Azərbaycandan danışır, bayrağı evin ən görünən yerində asıb, hədiyyəni əzizləyir” deyirlər.
Bu xəbərdən sonra "bizdə niyə bu tipli dərslər keçilmir, Azərbaycan şagirdləri sosial həyatla nə dərəcədə əlaqəlidir, görəsən” deyə düşündük.
İstanbuldakı ilköyrətim okulunda həyata keçirilən layihənin müsbət təsirləri barədə danışan təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında bu tip layihələrin yalnız alqışlanmağa layiq olduğunu dedi:
- Görün, nə gözəl, maraqlı iş görürlər. Orta məktəb uşağın 6-17 yaş dövrünü əhatə edir. Və uşaq müstəqil həyata 11 il ərzində əldə etdiyi vərdişlərlə atılır. Uşağın həyatda uğur qazanıb-qazanmayacağı bu 11 ildə hansı vərdişləri əldə etməsinə birbaşa və sıx bağlıdır. Təəssüf ki, bizim bugünki təhsilimiz daha çox kommersiya yönü daşıyır. Biz şagirdləri sosial həyata, əmək bazarına hazırlamırıq. Sizin İstanbuldakı məktəblə bağlı çəkdiyiniz misal Finlandiya modelidir; şagirdlərin təhsil prosesində sosial həyatla çuğlaşması. Finlandiyada, ABŞ-da, Fransa və İngiltərədə təhsil məhz bu model üzərində aparılır. Almaniya da bu modeli İngiltərədən əxz edib. Türkiyə də hazırda Almaniya təhsil modeli üzərində gedir. Finlandiya modelində ixtisasın mənbədən seçilməsi təcrübəsi var. Şagirdlər peşə yönümlü məktəblərə, müxtəlif peşə sahiblərinin çalışdığı müəssisələrə aparılır, yaxud peşə sahibləri məktəblərə gəlir, şagirdlərlə görüşür. Bununla uşaqlar sosial həyatda mövcud olan ixtisaslar, peşələr barədə geniş məlumat alır. Valideynlərin məktəbə gəlməsi, övladının təhsil aldığı sinifdə şagirdlər qarşısına çıxması bilirsiz o uşağa nə qədər qürur verir?! Uşaq valideyni ilə qürur duyur, fəxr edir. Vacib deyil ki, şagird qarşısına çıxan mütləq ziyalı, professor, yüksək vəzifə sahibi olsun. Bütün peşələr gözəldir, təki insan öz işinin ustası olsun. Sosial həyatda cəmiyyətə gərəkli nə qədər peşələr var. Amma bizim valideynlər övladlarına ya hüquqşünas peşəsini seçir, ya da həkimliyi. Bəlkə də uşağın hüquqşünaslığa heç marağı yoxdur. Bəlkə də uşaq həkim olmaq istəmir. Cərrahi əməliyyat aparmaqdan qorxur, yaralı xəstə görməyə dözümü yoxdur. Yaradan iyrənir... Ondan necə həkim olacaq?! Peşələr barədə məlumatlı olmaq ona görə uşaqlara lazımdır ki, uşaq hansı peşəni sevdiyini müəyyənləşdirə bilsin. Və uşağın seçiminə də valideyn hörmət etməlidir. Daha zorla onu ali təhsil müəssisəsinə göndərməməlidir.
K.Əsədov son illər yalnız "Azərbaycanı tanıyaq” layihəsinin maraq doğurduğunu da vurğuladı:
- Doğrudur, bu layihə var və şagirdlər müxtəlif bölgələrə aparılır, məlumat almış olurlar. Amma təsəvvür edin ki, ölkə üzrə 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır. Bu layihə 300-500 şagirdi əhatə edə, ya etməyədi. Bəs yerdə qalanlar? Dediyim odur ki, "Azərbaycanı tanıyaq” layihəsi uğurludur, lakin birtərəflidir, ölkəmizə həsr olunub. Uşaqların peşələrə yiyələnməsi, peşələri sevməsi, gələcək həyatda özlərinə yol tapa bilmələri üçün heç bir iş görülmür. Nə qədər olar, dərslikdən hesablamalar, tarixlər, xronologiya əzbərləmək?! 
Bizim təhsildə sosial həyatla əlaqə yoxdur. Azərbaycan təhsili sosial həyatdan tamamilə kənardır. Bizdə təhsilin səviyyəsi yalnız buraxılış imtahanlarının və ali məktəbə qəbulun nəticələrinə görə təyin edilir. Məktəbdə necə şagird yetişir, ixtiraçı şagirdlər varmı, bu kriteriyalara baxılmır. Ali məktəbi bitirmiş məzunların 42 faizi işlə təmin olunur. 58 faiz işsiz qalır. Niyə? Çünki ali məktəbə daxil olarkən seçdikləri ixtisasın perspektivini düşünmürlər. Bizdə diplomlu, fəqət peşəsinə bələd olmayan təbəqə yetişir. 
Biz şagirdlərə sosial həyatı öyrətmirik. Ona görə də kiçik bir uğursuzluqla qarşılaşan kimi yolu itirir və intiharı seçirlər. Həyata hazırlanmayıblar çünki. Amma həyatda uğur qazanmış şəxsləri məktəbə gətirsələr, şagirdlərin onlarla görüşü təşkil edilsə, bu, uşaqların gələcək həyatı üçün yaxşı örnək, nümunə olar. Şagird kimdən örnək alsın? Telekanallarda ancaq müğənnilər təbliğ olunur. Müğənni efirə çıxıb bahalı avtomobilindən, evindən, var-dövlətindən danışır. 
Evdə isə uşaq görür ki, atası-anası səhərdən axşamadək işləyir, amma yenə dolanışıqları çətindir. Uşaq da, "təbii” olaraq düşünür ki, mən də böyüyəndə müğənni olsam, yaxşı yaşayaram. Ona görə də indiki gənclər daha çox müğənnilərə oxşayır. Təhsilimiz cəmiyyətlə əlaqəli deyil. Cəmiyyət bir qütbdə, məktəb başqa qütbdədir.
Məlahət Rzayeva