"Əvvəl insanlara dəyər vermək lazımdır, sonra itə”
Bu sözləri Sherg.az-a Goranboy rayonunda yaşayan tanınmış biznesmenin itlərinə toy etməsinə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib.
Deputat məlumatın informasiya məkanında yayılmasından sonra oxuyan hər kəsin biznesmeninin addımını qınadığını diqqətə çatdırıb:
"Ev heyvanına xeyirxahlıq etmək, diqqət göstərmək normal haldır. Qətiyyən fərqli qarşılanmır, heç kəs bu addımın əksinə çıxmır. Hər kəs belə qəbul edir ki, ev heyvanları, itlər də bizim ictimai həyatımızın ayrılmaz canlılarındandır. Dünyanın bir çox yerlərində, xüsusilə, Avropada heyvanların hüquqları təsbit edilir.
Lakin itləri evləndirmək, bunu təntənəli tədbirə çevirmək, cəmiyyətin toy adət - ənənəsini heyvanlara tətbiq etmək, buna ehtiyacı olan insanların olduğu sosial, ictimai mühitdə həyata keçirmək cəmiyyətdə yaxşı qarşılanmır. Bu şəxslərin belə tədbir keçirməsi ilə bir çox insanlar itə göstərilən münasibəti özü üçün görmədiyindən qəzəbli düşür. Həmin biznesmenin sosial əlavələri, maddi imkanı varsa da, ehtiyacı olan insanlarımıza, hətta konkret bir şəxsə köməklik etmir. Mən anlamıram bunu nə adlandırmaq olar? Sosial diaqnoz qoyulsa, hadisəyə nə ad verək? Bunu şərh etmək, belə absurdluğa anlayış göstərmək həddindən artıq çətindir. Burada hansı sahədə təmsil olunmaq rol oynamır. İndi bu adama nə demək olar? Onun belə addım atmasını şərh etmək çox çətindir".
Millət vəkili bu hadisəylə bağlı Seyid Əzim Şirvaninin "Köpəyə ehsan” mənzum hekayəsindən bir sitat də gətirib:
İt demə, ol dəxi bizim birimiz!
Belə ölmüşlərə fəda dirimiz!
Parlament üzvü onu da əlavə edib ki, bu absurd hadisə ölkənin ictimai gündəminə yerləşib:
"Bu həftənin ən vacib məsələlərini, Suriya hadisələrini, Fransada prezident seçkilərini və s. müzakirə edən yoxdur. Son günlərdə ölkədə baş verən hadisələrə nəzərə salsaq, sanki millətin mənəvi mühitini çirkləndirmək üçün adamlar növbəyə durub. Dünyanın hər yerində əslində belə hadisələr yaşanır. Belə xəbərləri oxuduqda düşünürəm, insanlar necə edirlər ki, bu cür addımlar ata bilirlər. Ən dəhşətlisi budur ki, həmin şəxslərin belə addımları "itə göstərilən humanizmi insanlara niyə göstərmirlər?” – fikrini yaradır. İnsanlara göstərin bunu onlara nəzərən də başqa adamlar bunları düşünsün”.
Ayyət Əhməd