Hansı fənlərin sıradan çıxacağını bir-bir saymıram. O fənlər ki, faydasız informasiyalarla beyni doldurur, onlar olmayacaq
İxtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik
Gələcəkdə Azərbaycanda bəzi ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq
Hansı fənlərin sıradan çıxacağını bir-bir saymıram. O fənlər ki, faydasız informasiyalarla beyni doldurur, onlar olmayacaq
Hansı fənlərin sıradan çıxacağını bir-bir saymıram. O fənlər ki, faydasız informasiyalarla beyni doldurur, onlar olmayacaq
Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq
Azərbaycan müəllimlərinin XV qurultayında çıxış edən təhsil naziri Ceyhun Bayramov bir sıra maraqlı məqamlara toxunub. Yaxın illərdə əmək bazarında yeni ixtisaslara ehtiyac yaranacağını vurğulayan nazir deyib ki, biz təhsilin keyfiyyətini bu istiqamətdə qurmalı, təmayülləşməyə marağı daha da artırmalıyıq.
Nazir bildirib ki, buna görə də ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğunlaşdırma və innovasiyaların tətbiqi qarşıda duran vəzifələrdəndir: "Xüsusən, riyaziyyat, informatika, robototexnika, nanotexnologiyaların tətbiqi prioritet olmalıdır. Təhsilin potensialı müəllimlərin bilik və bacarıqlarından üstün ola bilməz. Buna görə də müəllimlərin bilik və bacarıqlarının artırılması bu sahədə əsas hədəflər kimi müəyyən edilib”.
Nazirin açıqlamasını "Şərq"ə şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, 2018-ci ildə Bakı Ali Neft Məktəbində "İnformasiya təhlükəsizliyi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kimi yeni ixtisaslar yaradılıb:
"Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır. Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır. Etiraf edək ki, dövrümüz çox sürətlə dəyişir. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Yəni hazırda noyabr ayını yaşayırıq, amma dekabrda elə güclü ixtira ola bilər ki, o, bəşəriyyəti tamamilə dəyişsin.
Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilirik. Amma 150 il foto sənayedə "Kodak”, "Alfa” firmaları hegemon idi; lentli fotoaparatlar istehsal edirdilər. Amma son 10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotoaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq. Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq, 4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə şoferə ehtiyac qalmayacaq. Proqramla idarə olunan avtomobil özü bizi gedəcəyimiz ünvana aparacaq”.
"ASAN Xidmət” mexanizminin ölkədə çox şeyi dəyişdiyini vurğulayan ekspert deyib ki, növbəti illərdə onun kimi informasiya kommunikasiyasına dayanan yeni xidmətlər əmələ gələcək. Elektron hökumət olacaq ki, məmura çox da ehtiyac qalmayacaq: "Amma burda yeni bir problem ortaya çıxacaq. Problem də budur ki, nəyi öyrətmək?
Hesab edirəm ki, cəmiyyətdə hər şey dəyişirsə, dəyərlər də dəyişir. Təhsilin də əsas məqsədi müəyyən dəyərləri gənclərə öyrətməkdir. Dəyərlər necə olacaqsa, hansı biliklərə ehtiyac yaranacaqsa, ali məktəblərdə o fənləri tədris edəcəklər. İxtisaslar sıradan çıxmayacaqsa, biri digərinin içərisində əriyəcək. Fizika və kimya fakültəsi var, gələcəkdə Fizkimya, Biofizika fakültəsi ola bilər. Fənlərarası, sahələrarası oblastlar dirənmir. Onlar inkişaf edir. Fizika dirənə bilər, amma fiziki kimya, fiziki biologiya dirənə bilməz. Hətta ekonom-fizika adlı yeni sahə yaranıb. Fizika hara, ekonomika hara, amma birləşiblər. Gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq. Orda əhalini qorxudan şey yoxdur. Dediyim kimi, bir insan ömründə 5 dəfə ixtisas dəyişməlidir. Yeni ixtisasları zaman özü diktə edəcək. Fakültələrdə tədris olunacaq fənlər, proqramlar dəyişəcək.
Dünyada gedən qlobal prosesləri dərindən təhlil etdikdə o qənaətə gəlmək olar ki, bu fikirlər köhnəlib. 50 il bundan qabaq deyilsəydi, aktual görünərdi. Bir ara insanlar elə hesab edirdilər ki, texniki elmlər həlledici rol oynayır, humanitar sahəyə isə diqqət azalıb, arxa plana keçib.
Hətta ortaya suallar çıxırdı ki, fəlsəfə elmdirmi, lazımdır, ya yox? Yeni qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki, beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq. Hansılar ki, bir mövzunu öyrənmək üçün saysız-hesabsız nəzəriyyələri qədimdən indiyə kimi öyrədirlər. Bunlar insanın beynini lazımlı və lazımsız informasiyalarla yükləyir. Tələbələr elə kitab olur oxuyur, əzbərləyir ki, imtahan verib canını qurtarsın. Məsələn, "Ustad məktəbi” deyilən bir modelim var. Aşıq Ələsgər ustad yanında şagird olub. Heç bir universitet bitirməyib, amma yüzlərlə universitet qurtarandan savadlıdır. Daha dərindən bildiyi məsələlər var idi. Çünki ustad həmişə şagirdin beynində ən vacib informasiyaları yerləşdirir. Sonra beyin işləyir, özü qalan şeyləri dartıb gətirir. Çində, Yaponiyada qədimdən bu üsul öndə olub. Bunlar doğru strateji yoldur. Yəni prinsip belədir - beyində əsas, vacib baza informasiyalarını yerləşdirmək. Qalan şeyləri beyin özü axtarıb tapacaq. Yeni dövr bunu zəruri hesab edir. Buna görə hansı fənlərin sıradan çıxacağını bir-bir saymıram. O fənlər ki, faydasız informasiyalarla beyni doldurur, onlar olmayacaq.
İctimai təhlükəsizlik və idarəetmə ixtisası da son dövrlər ortaya çıxan, əmək bazarında ehtiyac olan ixtisaslardandır. Çünki bu sahə üzrə peşəkar kadrlara ehtiyac var. Nəzərə alsaq ki, ölkəmiz müharibə şəraitində yaşayır, deməli, ictimai təhlükəsizlik və idarəetmə ixtisası üzrə kadr hazırlığı mühüm əhəmiyyət kəsb edir”.
Şəymən