Jirinovski sülh elçisi oldu

O anlayır ki, Ankara ilə əməkdaşlığın dayanması Moskvaya baha başa gəlir
“Jirinovski kiçik fiqur deyil. O, ictimai rəyə təsir göstərən fiqurdur”


"Rusiya-Türkiyə əlaqələrini düzəltməyə çalışıram”. Bu barədə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski "Permskaya Tribuna” qəzetinə açıqlamasında deyib. O, Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım ilə görüşdüyünü də qeyd edib: "Əgər Rusiya-Türkiyə münasibətlərini bərpa edə bilsəm, bu mənim üçün olduqca şərəfli bir iş olar və bundan qürur duyaram”.

Jirinovskinin iddiasını şərh edən politoloq Qabil Hüseynli söyləyib ki, o, Kremlin ideoloqlarından sayılır. İstəsə, partiyası adından ölkəsində geniş təbliğatlar aparıb, bu iki ölkə arasında münasibətlərin yaxşılaşmasına nail ola bulər: "Jirinovski fikirlərində səmimidirsə, onda, bu işə bütün gücünü səfərbər etməlidir. Hər iki ölkənin vaxtilə malik olduqları ticarət dövriyyəsini xatırlatmalı, iqtisadi əlaqələrin nə dərəcədə yüksək səviyyəyə qalxdığını söyləməli, rus turistlərin dünyada ən ucuz qiymətə Türkiyədə dincəlmələrini xatırlatmalı, Rusiyaya Türkiyədən ən ucuz qiymətə müxtəlif meyvə-tərəvəz məhsullarının gətirilməsini başa salmalıdır. Çünki Jirinovski deməlidir ki, Türkiyə ilə Rusiya əməkdaşlığının inkişafı Rusiyanın güclənməsinə gətirib çıxaracaq”.

Q.Hüseynli bəyan edib ki, Jirinovski anlayır ki, Ankara ilə əməkdaşlığın dayanması Moskvaya baha başa gəlir: "O, istəyir ki, bu iki dövlət arasındakı xırda bir səbəb üzərindən ortaya atılmış qarşıdurma aradan qalxsın. Əvvəl düşünürdüm ki, Rusiya siyasətində Jirinovski kimi ikinci şizofren siyasətçi yoxdur. Amma indi Jirinovskinin bu təşəbbüsündən sonra düşünürəm ki, o, ağıllı başlı adam imiş. Paranoik və şizofreni başqa yerdə axtarmaq lazımdır. Əlbəttə, Jirinovski kiçik fiqur deyil. O, ictimai rəyə təsir göstərən fiqurdur. Zənnimcə, Türkiyə və Rusiya tərəfi Jirinovski ilə işləri davam etdirməlidir. Bir sözlə, təşkilat sədri Moskva ictimai rəyini lazımi istiqamətə kökləməyi bacara bilər”.

Rusiya-Türkiyə ziddiyyətinə diqqət çəkən ekspert qeyd edib ki, onlar arasında kompromis tapmaq çətin deyil: "Türkiyə Baş nazirinin müavinlərindən biri Rusiyadan üzr istəsə, dünyamı dağılacaq? Vurulan təyyarənin pulunu ödəsə nə olacaq ki? Onu da etmək olar. Məsələnin çözüm yolları çoxdur. Ərdoğan Türkiyəni dəhşətə sürükləyir. Ərdoğanın Putinlə höcətləşməsi vəziyyəti daha da gərginləşdirir. Vaxti ilə onu tovladılar, o da durub Rusiya təyyarəsini vurdu. Suriya və İsraillə də qarşıdurmanı Ərdoğan yaratdı. Qalxıb ondan soruşan yoxdur ki, sən Türkiyə cümhuriyyətini problemlərlə baş-başamı qoymaq istəyirsən? Bu səbəbdən düşünürəm ki, Rusiya ilə münasibətlərin qaydaya salınması çox yaxşı olar”.

Q.Hüseynli onu da əlavə edib ki, Jirinovskinin təşəbbüsü onu təəccübləndirib: "Bosfor boğazına atom bombasının atılmasını təbliğ edən, ermənilərdən partizan dəstəsi düzəldib türklərin üzərinə göndərməyi təlqin edən Jirinovski indi sülh elçisinə çevrilib. Güman edirəm ki, Jirinovski bu işə əl qatıbsa, iş daha sürətlə gedəcək”.

Ayyət Əhməd